Şübhəli zəng ailə faciəsiylə nəticələndi - CİNAYƏT
Bizi izləyin

Hadisə

Şübhəli zəng ailə faciəsiylə nəticələndi - CİNAYƏT

Hadisə yerinə toplaşan qonşuların səs-küy salmasından sonra o, həyat yoldaşının öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.

Qətlə cəhddə təqsirli bilinən Kürdəmir rayon sakini, 1981-ci il təvəllüdlü Qurban Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Qurban Əzizov 26 iyul 2015-ci il tarixdə saat 20 radələrində yaşadığı Xəzər rayonu "Abşeron 19" yeni yaşayış massivində yerləşən evdə olan zaman həyat yoldaşı Günel Əzizovanın telefonuna gələn zənglə maraqlanıb.

Zəng edənin Fərman Həsənov adlı şəxs olduğunu bilincə, onun ünvanına nalayiq ifadələr işlədib. Fərman da onu söyüb. Qurban Əzizov Fərman Həsənovla münasibətləri aydınlaşdırmaq məqsədilə yaşadığı küçəyə çağırıb. Təxminən 10 dəqiqə sonra Fərman Həsənov maşını ilə onun evinin qarşısına gəlib. Maşında başqa adamların da olduğunu görən Qurban evə qayıdaraq mətbəxdən bıçaq və vintaçan götürərək küçəyə çıxıb.

Qurban Əzizov Fərman Həsənovun avtomobilinin arxasınca qaçaraq ona tərəf daş atıb. Fərman Həsənov avtomobili şosse yoldan döndərərək Qurban Əzizovun olduğu yerə sürüb.

Bu zaman Qurban Əzizov əlindəki bıçaq və vintaçanla avtomobilin qarşısına çıxdığından Fərman Həsənov avtomobilin idarəetməsini itirərək yoldan çıxıb. O, avtomobili elektrik dirəyinə vuraraq dayandırıb.

Qurban Əzizov bundan istifadə edərək avtomobildə olan Fərman Həsənovun üzərinə hücum edib və şəxsi münasibətlərin pozulması ilə bağlı aralarında baş vermiş mübahisə zəminində əlindəki vintaçanla Fərman Həsənova sol əlin, sol baldırın, sol ayaq pəncəsinə bıçaqla vurub.

Qurban Əzizov oradan uzaqlaşıb evinə tərəf qayıdarkən yolda hadisə yerinə yaxınlaşan arvadı Günel Əzizovanı görüb. O, Güneli öldürmək qərarına gəlib.

O, bu məqsədlə əlindəki mətbəx bıçağı ilə Günel Əzizovanın bədəninin müxtəlif nahiyələrinə 2 zərbə vurub. Günel Əzizova aldığı xəsarətlərdən huşunu itirərək yerə yıxılıb və hadisə yerinə toplaşan qonşuların səs-küy salmasından sonra o, həyat yoldaşının öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb. Günel Əzizova vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.

Qurban Əzizov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Əzizov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Qurban Əzizov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini apelyasiya şikayətində xahiş edib.

Qurban Əzizovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Qurban Əzizovun şikayəti təmin edilib və onun cəzası 7 il 10 ay 15 günə endirilib. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm