Bakıda bahalı cinayət - "İşimə qarışma" deyib 72 yaşlı atasını həbsə sürüklədi
Bizi izləyin

Hadisə

Bakıda bahalı cinayət - "İşimə qarışma" deyib 72 yaşlı atasını həbsə sürüklədi

Qızının təklifi ilə onun rəfiqəsi Gülnaz Abdullayevadan külli miqdarda borc alan ata Rusiyadan taxta-şalban gətirəcəyini, əldə olunan qazancdan ona da xeyir qalacağını vəd edib. Borca götürdüyü pulları qəpiyinə qədər övladına verən ata ondan bu qədər pulu nə etdiyini soruşduqda "borclarım var, mənim işimə qarışma" cavabını alıb. Bir müddət sonra isə həm özünün, həm də qızının barəsində cinayət işi başlanılıb.

Publika.az virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 45 yaşlı Bəturə Qasımova və atası 72 yaşlı Məmmədağa Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Prosesə hakim Mirzə Xankişiyev sədrlik edir.

Cinayət işinin başlanmasına səbəb Bakı şəhəri, Yasamal rayon sakini Gülnaz Abdullayevanın Bəturə Qasımovaya və onun atası Məmmədağa Qurbanova iş qurmaq adıyla 67 min 500 dollar verməsi, lakin heç bir iş görülmədiyinə görə pulunun qaytarılması barədə şikayət ərizəsi yazması olub.

Həmçinin, Nəsimi rayon sakini Namiq Axundov B.Qasımova tərəfindən aldadıldığını, sonuncuya 24 min manat dəyərində nisyə qızıl-zinət əşyaları verdiyini, amma pulunun ödənməməsi ilə bağlı polisə müraciət edib.

Həm B.Qasımovaya, həm də M.Qurbanova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barələrində başqa yerə getməmək haqqında qəti imkan tədbiri seçilib.

"Namiqdən nisyə qızıl-zinət əşyaları almışdım"

Təqsirləndirilən Bəturə Qasımova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə Namiq Axundovdan 15 min manatlıq qızıl-zinət əşyaları alıb, 2 min manatını ödəyib, yerdə qalanını isə sonradan ödəyəcəyini deyib.

N.Axundovun vasitəsilə Emin Nəzərovdan da 30 min 800 manatlıq qızıl məmulatları alıb, sonradan 10 min manatını ödəyib, 15 minlik qızılı isə qaytarıb: "Yerdə qalan 5 min manatı Namiqə verdim. Onun pulu Eminə verib-vermədiyini bilmirəm".

"Gülnazdan götürdüyüm pulların faizini ödəyə bilmirdim"

B.Qasımovanın ifadəsinə görə, Gülnaz Abdullayevadan iş qurmaq adı ilə pul almayıb, faizə götürüb. Gülnazdan aldığı ümumilikdə 13 min dolları maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməyib:

"Sonradan Gülnaz faizlərin artaraq 48 min dollar olduğunu dedi. Həmin pula görə girov olaraq dörd ədəd şuba, qızıl-zinət əşyaları verdim, puldan çıxmasını təklif etdim. Bu günə qədər də əşyalarım ondadır. Ondan iş qurmaq adı ilə pul almamışam. Bu adla qazanc əldə edəcəyimizi deməmişəm. Gülnazdan götürdüyüm pulların faizini ödəyə bilmirdim.

Mənə pul verməyəcəyini bilib atam müxtəlif vaxtlarda 8 min dollar borc almışdı. Həmin pulu atam taxta-şalban gətirmək üçün almamışdı".

"Qızımın dedikləri ilə razılaşdım və..."

Təqsirləndirilən Məmmədağa Qurbanov ifadəsində Gülnaz Abdullayevanı qızı Bəturənin vasitəsilə tanıdığını göstərib: "2015-ci ilin may ayı idi. Qızım Bəturə təcili ona 15-20 min məbləğində pul lazım olduğunu dedi. Dedi ki, əvvəllər bir neçə dəfə Gülnazdan pul almışam, amma qaytara bilməmişəm, təkrar istəməkdən utanıram. Təklif etdi ki, Gülnaza yalandan Rusiyadan taxta-şalban gətirəcəyimi, ona əlavə xeyir verəcəyimi deyib pul istəyim. Mən də qızımın dedikləri ilə razılaşdım. Gülnazdan pul istədikdə o qədər məbləğdə pulunun olmadığını, rəfiqələrindən alıb verəcəyini dedi. Bundan sonra özü mənə zəng vurub 9 min dollar düzəltdiyini, gələcəkdə pulu olarsa yenə verəcəyini dedi. Görüşüb pulu götürdüm, gətirib qızıma verdim. Bəturə dedi ki, yenə də Gülnazdan pul istəmək lazımdır. Ona görə də ertəsi gün yenə zəng vurdum. Bu dəfə də görüşüb 4 min dollar aldım və qızıma verdim".

M.Qurbanov Gülnazdan götürdüyü ümumilikdə 13 min dolların hamısını qızı Bəturəyə verdiyini, övladından bu qədər pulu nə etdiyini soruşduqda "borclarım var, mənim işimə qarışma" cavabını aldığını deyib.

"Mənə dedi ki, böyük işlərə başlamışam"

Zərərçəkmiş qismində dindirilən Gülnaz Abdullayeva ifadəsində əvvəllər Yasamal rayonu ərazisindəki "Dadlı" kafesində işlədiyini, həmin kafeni Bəturənin əri Xalidin işlətdiyini deyib:

"Xalidin vasitəsilə Bəturəni, onun ailə üzvlərini tanımışam, münasibətlərimiz yaxşı olub. Bəturə bir neçə dəfə məndən borc pul istəmişdi, sonra da aldığı pulu qaytardığından ona inamım yaranmışdı. 2015-ci ilin may ayında rəfiqəmlə birgə Bəturəgilə getmişdim. Bəturə söhbət əsnasında böyük işlərlə, yəni qızıl əşyalarının satışı, İtaliyadan geyim əşyaları gətirib satdığını, yaxşı qazanc əldə etdiyini, amma 10 min dollar pulunu faizə verdiyi üçün pulu olmadığını dedi və məndən 20 min dollar istədi. Dedi ki, işlərini bitirəndən sonra əlavə olaraq 3 min dollar və Masazırda torpaq sahəsi verəcək".

"Bəturənin təklifi ağlıma batdı"

Zərərçəkmişin sözlərinə görə, Bəturənin təklifi ağlına batıb, düşünüb ki, əgər onun dediyi kimidirsə, yaxşı qazanc əldə edə bilər. Bu səbəbdən də razılaşıb:

"Bəturənin təklifi barədə Elmira adlı rəfiqəmə danışdım. Onun vasitəsilə bir nəfərdən 16 min dollar pul götürdüm. Həmin gün Bəturə atası ilə birlikdə gəlmişdi. 12 min dolları verdim, yerdə qalan 4 min dolları isə tanış taksi ilə göndərdim. Bundan sonra Bəturənin anası Həqiqət mənə zəng vurub digər qızı Ümidənin İtaliyada olduğunu, oradan geyim əşyaları aldığını, amma pulu çatmadığına görə 10-15 min dollar lazım olduğunu dedi. O qədər pul tapa bilməyəcəyimi dedim və rəfiqəmdən pul alıb Həqiqətə zəng vurdum. Dedi ki, Bəturəyə ver, özü bank vasitəsilə göndərəcək. Elə həmin gün Bəturəyə 7 min dollar verdim".

"Aldıqları pulları qaytarmadılar"

Zərərçəkmiş ifadəsində Bəturə və atası Məmmədağanın onunla heç bir iş qurmadıqlarını, heç bir qazanc vermədiklərini, əksinə, aldıqları pulları qaytarmadıqlarını bildirib:

"Bəturənin atası Məmmədağa Rusiyadan taxta-şalban gətirmək istədiyini, satıb yaxşı qazanc əldə edə biləcəyini deyib məndən 20 min dollar istədi. Cəmi 9 min dollar tapa bildim. Bəturə məndən aldığı pulların hamısını iyul ayında qaytaracağına söz vermişdi. Deyirdi, lombardda 50 min manatlıq qızılım var, çıxarmaq üçün 12 min dollar lazımdır. Onu da verdim".

Zərərçəkmiş şəxs qismində dindirilən Namiq Axundov ifadəsində 15 ildir Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu, Bəturə Qasımovanı ondan bir neçə dəfə qızıl əşyaları aldığına görə tanıdığını deyib: "Bəturəni 5 ildir ki, tanıyıram. Əvvəllər dəfələrlə qızıl əşyalar almışdı, sonra bəyənməyəndə gətirib dəyişirdi, qızılın pulunu tam ödəyə bilməyəndə gözləmə yolu ilə ödəyirdi. 7 oktyabr 2014-cü ildə Bəturə yanıma gəlib oğlu üçün qızıl almaq istədiyini, pulunu sonra verəcəyini dedi. Amma məni aldadaraq 20 min 500 manatlıq malımı ələ keçirib və bu günə kimi də heç bir ödəniş etməyib".

Məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm