Akif Çovdarovun məhkəməsində DTX əməkdaşı ifadə verdi - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Akif Çovdarovun məhkəməsində DTX əməkdaşı ifadə verdi - YENİLƏNİB

Akif Çovdarovun məhkəməsində DTX əməkdaşı ifadə verdi

Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə şahid qismində MTN əməkdaşı olmuş Elçin Çıraqov ifadə verib.

O, zərərçəkmiş Neman Kərimovun epizodu üzrə danışıb.

Elçin Çıraqov ifadəsində Neman Kərimovun dediklərini təkzib edib. Bildirib ki, Neman Kərimovun saxlanılaraq nazirliyə gətirilməsində iştirak etməyib.

Daha sonra iclasda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Vüqar Muxtarov ifadə verib. O, əməliyyat keçirdiklərini və Neman Kərimovu nazirliyə gətirdiklərini bildirib. Onun sözlərinə görə, həmin əməliyyatda Elçin Çıraqov da iştirak edib.


Bundan sonra təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib. O, Elçin Çıraqovla Vüqar Muxtarovun çarpaz dindirilmələrini istəyib. Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb.

İclasda zərərçəkmiş şəxs qismində Hafiz Abekarov da ifadə verib. Hazırda Nəsimi rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri işləyən Hafiz Abekarov 2014-cü ildə MTN-ə çağırıldığını deyib.
Qeyd edib ki, hər hansı təzyiqlə üzləşməyib və nəyə görə zərərçəkmiş qismində tanındığını bilmir.

Hafiz Abekov deyib ki, Mübariz Məmmədovla Rafiq Tağıyev adlı şəxslərin arasında torpaq alqı-satqısı olub: “Mübariz Məmmədov MTN-ə şikayət edərək pulun mənə çatdığını deyib. Mən də bu məsələnin araşdırılması ilə bağlı nazirliyə dəvət edilmişəm. Orada həmin məsələdən xəbərsiz olduğunu demişəm”.

Proses yanvarın 25-də davam edəcək.

Vəkil Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, müvəkkili Akif Çovdarovun səhhətində problemlər var və o, iclasda tez-tez dərman qəbul edir.

***

Bu gün Sabuncu rayon məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə Zakir Bədəlovun qızı Tamella Bədəlova şahid qismində ifadə verib.

Şahid bildirib ki, atasının MTN-ə aparılmasını və onun sənədlərinin alınmasına şahidlik etməyib, bu barədə anası və atası evdə danışarkən eşidib.

Sonra şahid Sevinc Rüstəmova istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, qeyd edib ki, zərərçəkmiş Neman Kərimovun ona 20 min manat borcu olub.

İttihama görə, zərərçəkmiş Zakir Bədəlov qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb.

Zakir Bədəlovun sözlərinə görə, qohumu Zakir Mustafayev onu MTN vasitəsi ilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib. Neman Kərimov isə istintaqada bildirib ki, MTN əməkdaşlarına 80 min manat pul verib.

Proses günün ikinci yarısında davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm