Azərbaycan qadınlarını fahişəliyə məcbur edən Böyükxanım - CİNAYƏT İŞİ
Bizi izləyin

Hadisə

Azərbaycan qadınlarını fahişəliyə məcbur edən Böyükxanım - CİNAYƏT İŞİ

Hökm elan olundu.

İnsan alverində ittiham olunan Ağdaş rayon sakini, 1964-cü il təvəllüdlü Böyükxanım Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Böyükxanım Abbasova 2015-ci ilin avqustunda Türkiyə Respublikasının Trabzon şəhərində Gəncə şəhər sakini Sədaqət Məmmədova (cinayət işində zərərçəkənlərin ad və soyadı şərti göstərilib) ilə rastlaşıb.

Sədaqət Məmmədovanın Trabzon şəhərinə işləməyə gəldiyini, amma işinin olmadığını bilən Böyükxanım Abbasova onu aldadaraq cinsi istismara məruz qoymaq qərarına gəlib. Bu məqsədlə Böyükxanım Abbasova Sədaqət Məmmədovanı Türkiyə Respublikasının Çankırı şəhərində işə düzəldəcəyi adı ilə aldadıb və onun razılığını aldıqdan sonra avqust ayının sonlarında həmin şəhərə gəliblər.

Böyükxanım Abbasova həmin şəhərdə Gülgəz Vəliyevanın nəzarəti altında 2015-ci ilin avqust ayının sonlarından 2015-ci ilin sentyabr ayınadək kişi müştəriləri ilə görüşdürüb və pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edib.

Sədaqət Məmmədova iki ay ərzində kişi müştərilərlə görüşüb. Sonra o, fahişəliklə məşğul olmaqdan imtina etməyə başlayıb. Bu zaman Böyükxanım Abbasova Sədaqət Məmmədovaya hədə-qorxu gəlib.

O, Sədaqət Məmmədovanın Trabzon şəhərində fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyini bildirib. Bu yolla hədə-qorxu gələrək Sədaqət Məmmədovanın yenidən fahişəliklə məşğul olmasına nail olub.

Sədaqət Məmmədova hədə-qorxulardan çəkinərək Trabzon şəhərindən Böyükxanım Abbasovanın olduğu Çankırı şəhərinə gəlib. Orada həmin ilin dekabrın 20-dək olan müddətdə kişi müştəriləri ilə görüşüb və pul ödənişləri müqabilində cinsi əlaqədə olub.

Böyükxanım Abbasova 6 noyabr 2015-ci il tarixdə Türkiyənin Çankırı şəhərində Səbinə Əvəzovanın Azərbaycana qayıtması üçün imkanının olmamasını bilib və bundan sui-istifadə edərək onu fahişəliyə cəlb edib.

Böyükxanım Abbasova 2015-ci ilin dekabrında Türkiyənin Adıyaman şəhərində Sevda Əliyeva ilə tanış olub. O, Sevda Əliyevanı Çankırı şəhərində işə düzəldəcəyi adı ilə onu otellərdən birində kişi müştərilərlə görüşdürüb.

Böyükxanım Abbasovanın növbəti hədəfi Sevil Xəlilova olub. O, Sevil Xəlilova ilə 5 yanvar 2016-cı ildə Gəncə şəhəri, Kəpəz rayonundakı evində görüşüb. Böyükxanım Abbasova Sevil Xəlilovanın əvvəllər onun nəzarəti altında fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyini bildirib. O, hədə-qorxu yolu ilə Sevil Xəlilovanı həmin gün Türkiyə Respublikasına getməsini təşkil edib. Onlar Türkiyəyə gedən avtobusda görüşüblər.

Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alveri Baş İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Böyükxanım Abbasova saxlanılıb.

Böyükxanım Abbasova Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddələri ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işini araşdıran hakim heyəti sonda Böyükxanım Abbasovanın barəsində hökm elan edib.

Məhkəmənin hökmü ilə Böyükxanım Abbasova 5 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm