Akif Çovdarovun kürəkəninin bacısı məhkəmədə ifadə verdi
Bizi izləyin

Hadisə

Akif Çovdarovun kürəkəninin bacısı məhkəmədə ifadə verdi

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarovun vəkilləri vəsatətlə çıxış edib.

Vəkillər "Yasamal" MTK və "Yüksəliş-Ç" MTK-a ilə bağlı əvvəllər Kütləvi İnformasiya Vasitələrində vətəndaşların dələduzluqla üzləşməsi ilə bağlı müsahibələrini məhkəməyə təqdim ediblər.

Qeyd edilib ki, "Yasamal" MTK-nın icraçı direktoru Cahangir Alışovla bağlı dələduzluq əməlləri müsahibələrində bildirilib.
Vəkil qeyd edib ki, hökm çıxaran zaman bu məsələ nəzərə alınsın. Hakim vəsatəti təmin edib.

Daha sonra "Yasamal" MTK-a işi ilə bağlı Cəfər Cəfərzadə ifadə verib. O, bildirib ki, Cahangir Alışov Mehdiyev adlı şəxsdən mənzil alıb: "O, həmin mənzili Akif Çovdarova və Nurxan müəllimə göstərib. Əvəzində Alışov həmin şəxsə Karvansaray Ticarət Mərkəzində iki mağaza verib".

Daha sonra şahid qismində Akif Çovdarovun kürəkəninin bacısı Təranə Əmircanova ifadə verib.

Bildirib ki, "Yüksəliş-Ç"dən mənzil alıblar: "Evi mənə qardaşım göstərib. Mənzilin pulunu da o, verib. Həmin şirkətdən Samir adlı şəxs gəldi və hazır müqaviləni mənə imzalatdı. İli gün sonra qardaşım mənzilin haqqının ödənilməsi barədə sənədi gətirdi. Bu evi Akif Çovdarovun hədə-qorxusu ilə almamışıq. Evin pulunu ödəmişik".

Proses günün ikinci yarısında davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm