Lerikdə DƏHŞƏTLİ QAR UÇQUNU: bir ailənin 4 üzvü öldü, sağ qalanların SON DURUMU - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Lerikdə DƏHŞƏTLİ QAR UÇQUNU: bir ailənin 4 üzvü öldü, sağ qalanların SON DURUMU - FOTO - (YENİLƏNDİ)

Qar uçqunu bir ailənin 4 üzvünü öldürdü

Lerik rayonunun Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən qar uçqunundan sağ çıxmış Elcan Mustafayev artıq Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Mübariz Ağayev Publika.az-a bildirib ki, uşaq bütün müayinələdən keçib, yalnız sağ gicgah payında hematoma aşkarlanıb: “Yolun buzlu olması səbəbindən hadisə yerinə çatmağımız bir az gecikdi. Normalda 45 dəqiqəyə çatacağımız yerə 3 saata çata bildik. Bəzi yerlərdə qarın hündürlüyü 2 metrə qədər idi. Lakin yol boyunca daim kənd xəstəxanasının həkimi ilə əlaqə saxlayırdıq. Hadisə yerinə çatan kimi də uşağı müayinə etdik. Sonra Mərkəzi Xəstəxanaya gətirdik, burada Ultrasəs Müayinəsi, rentgen, daxili orqanların və qan müayinəsi aparıldı. Ciddi bir problem aşkarlanmadı. Lakin 1-2 gün həkim nəzarətində qalmasını məsləhət görürük. Çünki həqiqətən çox dəhşətli bir uçqundan sağ qalıb. Uşağın həmin dağıntıdan sağ qalması möcüzədir. Yatdığı beşik onu mühafizə edib deyə bilərik, lakin sağ qalmağı inanılmazdır”.

Baş həkim bildirib ki, Elcanla yanaşı anası da xəstəxanaya yerləşdirilib: “Anası hadisədən stress keçirmişdi. Ona görə onun da həkim nəzarətində qalmasını məsləhət gördük. Hər ikisi ciddi nəzarətdədir. Bununla bağlı Səhiyyə Nazirliyinin aidiyyatı şöbələrindən də bu barədə tapşırıq verilib”.

***

Lerik icra hakimiyyəti başçısının müavini Habil Məlikov Publika.az-a bildirib ki, artıq yoldakı buz təmizlənib, icra hakimiyyəti nümayəndələri və təcili yardım briqadası kəndə çatıb:

“Uçqun altından sağ çıxarılan 2016-cı il təvəllüdlü Elcan Mustafayev müayinə edilib. Biz gələnə qədər kənd həkimi ilkin yardım göstərib, vəziyyəti normaldır. İndi də həkimlərin təkrar müayinəsindən sonra uşağı rayon mərkəzi xəstəxanasına aparacağıq. Meyitlər isə uçqun altından çıxarılıb”.

***

Orand kəndi tibb məntəqəsinin həkimi Safalan Mikayılov Publika.az-a bildirib ki, uçqun altından xilas edilən 2016-cı il təvəllüdlü Elcan Mustafayevin ölməsi ilə bağlı yayılan xəbərlər yanlışdır:

“Uşağı müayinə etmişik vəziyyəti normaldır. Xarici orqanlarında ciddi bir xəsarəti yoxdur. Lakin daxili orqanlarında zədələnmə olub-olmadığını bilmək üçün xəstəxanaya aparmalıyıq. Ancaq yol tam açılmadığından onu xəstəxanaya apara bilmirik”.

***

Lerik Rayon İcra Hakimiyyətinin ictimaiyyətlər əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, hadisə nəticəsində sağ qalan Mustafayev Elcan Zöhrab oğluna yardım göstərmək üçün təcili yardım maşınları kəndə çatıb. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir:

“Hadisə nəticəsində Mustafayeva Şövkət (1961-ci il), Mustafayeva İlahə (1995-ci il), Mustafayev Zəhra Qasım qızı (2015-ci il), Mustafayev Uğur Qasım oğlu (2016-cı il) dünyasını dəyişib. Evdə sağ qalan uşaq Qasımın qardaşı uşağıdır. Onun özünün həyat yoldaşı və iki uşağı da hadisə nəticəsində ölüb”.

İcra hakimiyyətindən bildirdilər ki, ev yamacda yerləşdiyindən əvvəllər də onun üzərində daş parçaları düşüb.

“Bu dəfə isə düşən qar parçası çox böyük olub, ona görə də otağın biri tamamilə dağılıb. Hazırda İcra Hakimiyyətinin rəsmiləri hadisə ilə bağlı kəndə ezam ediliblər. Daha ətraflı məlumat veriləcək”.

***

Kənd icra nümayəndəsi Şahbaz Rəhimov Publika.az-a bildirib ki, qar yığını evin yalnız bir otağının üstünə düşüb və o zaman otaqda 5 nəfər olub: “Onlardan yalnız biri 2016-cı il təvəllüdlü Elcan Mustafayev sağ qalıb. Ailə başçısının həyat yoldaşı, gəlini və iki azyaşlı nəvəsi ölüb”.

***

Lerik rayonunda qar uçqunu baş verib.

Publika.az-ın xəbərinə görə, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Apa-ya bildirib ki, hadisə rayonun Orand kəndində qeydə alınıb.

Qar yığınınn evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm