“Akif Çovdarov mənə 6 milyon manat ziyan vurub” - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

“Akif Çovdarov mənə 6 milyon manat ziyan vurub” - YENİLƏNDİ

Cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Sultanov ifadə verib. O, bildirib ki, Nəsib Əliyevin dələduzluq əməlləri ilə bağlı MTN-nə şikayət ediblər: “Bundan sonra Nəsib Əliyev bizə mənzil verib”.

Məlumat üçün bildirək ki, Akif Çovdarov və dəstəsinin qurbanlarından olan “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Akif Çovdarovun cinayət işi üzrə istintaqa zərərçəkmiş şəxs kimi ifadə verən Nəsib Əliyev bildirib ki, MTN generalına ümumilikdə 430 min dollar və 1 milyonluq manatlıq mənzil verib.

Nəsib Əliyev ilk dəfə 2006-cı ildə Çovdarov və dəstəsinin “radar”ına düşüb. Belə ki, 2006-cı ildə MTN əməkdaşları onun ofisinə gələrək nazirliyə çağırıblar. Nazirlikdə onu Çovdarov qəbul edib və ondan 100 min dollar pul tələb edib. Müəyyən danışıqdan sonra 80 min dollara razılıq əldə olunub. Nəsib Əliyev pulu sabahı gün Akif Çovdarova çatdırıb.

Daha sonra zərərçəkmiş Cahangir Alışov bildirib ki, məhkəmənin bütün epizodları araşdırıb: “Mənə ümumi olaraq 6 milyon 322 min manat zərər dəyib. Məndən başqa 60 nəfər də zərərçəkmiş kimi tanınıb. Görünən dağa nə bələdçi lazımdır? Bu cinayət baş verib. Akif Çovdarov əvvəl özünü xəstəliyə vurmuşdu, son vaxtlar aktivləşib. Bu da ona görədir ki, vəkilləri onu arxayın edib”.

Zərərçəkmiş əlavə edib ki, dəymiş zərər ödənilməsinə ümid edir: “Qanunun aliliyi təmin edilər. Mənə Akif Çovdarov təzyiq edib. Döymək və həbslə hədələyib. Mənəvi zərər çəkmişəm. Bu yolla əmlakımızı mənimsəyib. Cinayətlər öz təsdiqini tapıb. Bəzilərini Akif Çovdarov təsdiq edib, bəzilərində isə başını aşağı salıb, susub”.

Proses martın 1-də davam edəcək.

***

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə "Yeni Yasamal" MTK-nın rəhbəri, zərərçəkmiş Cahangir Alışovun epizodu üzrə bir neçə şahid ifadə verib. Onlar həmin MTK-dan ev aldıqlarını bildiriblər.

Daha sonra Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib. O, “Yeni Yasamal” MTK-nın qeydiyyat jurnalının məhkəməyə gətirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Sonra prosesdə zərərçəkmiş Nadir Feyziyev istintaqa verdiyi ifadəsini təkzib edib. O, Cahngir Alışov epizodu üzrə zərərçəkmiş kimi tanınıb Nadir Feyziyev istintaqdakı dindirilmə zamanı MTN-in sabiq əməkdaşı Alı Nəbiyevin onu nazirliyin inzibati binasında qanunsuz saxladığını söyləyib. Ötən prosesdə bu epizod üzrə Alı Nəbiyev ifadə vermişdi.

Bu dəfə Nadir Feyziyev deyib ki, onu nazirliyin inzibati binasında çox adam saxlayıb. Akif Çovfarovun vəkili Sadiq Rəsulov söyləyib ki, Nadir Feyziyevlə Alı Nəbiyev arasında məhkəmədə üzləşmə olub: “Üzləşmə zamanı Nadir Feyziyev Alı Nəbiyevi tanımadığını, onu heç xatırlamadığını bildirdi. O, istintaqda verdiyi ifadəsini təsdiqləmədi".

Akif Çovdarov isə zərərçəkmişin yalan danışdığını deyib: "Zərərçəkmişlər sanki leşyeyən quşlara oxşayırlar. Elə bilirlər ki, mənim bu vəziyyətimdən istifadə edəcəklər".

Cahangir Alışov istintaqakı dindirilməsində göstərib ki, Akif Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra Cahangir Alışov Akif Çovdarova 350 min manat verib.

Proses günün ikinci yarısında davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm