Samuxda NAMUS ÜSTÜNDƏ QƏTL - "Bacımın əxlaqsız hərəkətlərindən cana doymuşdum"
Bizi izləyin

Hadisə

Samuxda NAMUS ÜSTÜNDƏ QƏTL - "Bacımın əxlaqsız hərəkətlərindən cana doymuşdum"

Bacısının əmisi oğlu ilə intim münasibətdə olmasından şübhələnib.

Qəsdən adam öldürməkdə təqsirli bilinən Samux rayon sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Cavad Həsənovun bacısı Gülnarə Həsənova üç azyaşlı övladları ilə Samux rayonu, Hacıalılı kəndində onunla qonşuluqda bir otaqlı evdə yaşayıb.

Qısqanclıq

Cavad Həsənov bacısının əmisi oğlu Afiq Həsənov ilə intim münasibətdə olub, yüngül həyat tərzi keçirməsindən şübhələnib. O, Gülnarə Həsənovanı qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Cavad Həsənov bu niyyətini həyata keçirmək məqsədi ilə mətbəx bıçağını özü ilə götürüb. O, 8 iyun 2016-ci il tarixdə, axşam saat 18 radələrində sərxoş vəziyyətdə bacısı Gülnarə Həsənovanın yaşadığı evə gəlib.

Cavad Həsənov evə daxil olanda Gülnarə Həsənova azyaşlı oğlu - 2005-ci il təvəllüdlü Maarif Həsənov ilə birlikdə olub. O, azyaşlı Maarifin gözləri qarşısında Gülnarənın bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirib.

Cavad Həsənov bacısına ümumilikdə 22 bıçaq zərbəsi vurub. Gülnarə Həsənova aldığı bıçaq xəsarətlərindən hadisə yerində vəfat edib.

“Uşaqlara “nənəniz sizi çağırır” dedim”

Cavad Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Cavad Həsənov bildirib ki, bacısını öldürmək qərarına öncədən gəlib: “Bu məqsədlə iyunun 8-də bacımın yaşadığı evə gəldim. Onunla söhbətə başlamamışdan əvvəl bacımın uşaqlarına “nənəniz sizi çağırır” dedim və onları qonşuluqda yerləşən anamın evinə göndərdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcə Gülnarədən əxlaqsız işlərinə son qoymasını tələb edib: “Gülnarə mənə dedi ki, çıx bayıra, bu sənlik deyil, özüm bilirəm kimlə görüşürəm. Bacımın bu sözlərindən əsəbləşdim. Üstümdə olan bıçaqla Gülnarəyə xəsarətlər yetirərək, onu öldürdüm”.

“Anasını qan içində görəndə ağladı”

Cavad ifadəsində qeyd edib ki, bıçaq zərbəsindən sonra Gülnarə qışqırıb: “Gülnarənin qışqırıq səsinə onun oğlu Maarif qapını açdı. Bu zaman anasını vurduğumu gördü. Maarif anasını qan içində görən zaman ağladı. Gülnarəni uşağının gözü qarşısında öldürmək niyyətim olmayıb. Buna görə də uşaqları aldadaraq, onları qonşuluqda yerləşən nənələri evinə göndərdim. Azyaşlı Maarifin ora getməyib, həyətdə qalması və anasının səsinə qayıdaraq qapıdan bir anlıq da olsa, baxmasını əvvəlcədən bilməmişəm”.

Cavad Həsənov qeyd edib ki, əvvəlcə bacısını öldürmək niyyəti olmayıb: “Əvvəl bacımın əmim oğlu ilə olan münasibətlərini aydınlaşdırmaq istədim. Lakin bacım bu münasibətlərə aydınlıq gətirmək istəmədi. Evdə heç kimin olmadığından istifadə edərək, onu bıçaqla qətlə yetirdim. Məcburiyyət qarşısında qalmışam, uzun müddət bacımın əxlaqsız hərəkətlərindən cana doyaraq əziz adamımı öldürməyə məcbur olmuşam”.

16 il 6 ay cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad Həsənov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilməsini, həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş edib.

Cavad Həsənovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Cavad Həsənovun apelyasiya şikayəti təmin edilməyib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm