Göyçaydakı dəhşətli qətldə həqiqət üzə çıxdı - RƏSMİ (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Göyçaydakı dəhşətli qətldə həqiqət üzə çıxdı - RƏSMİ (YENİLƏNDİ)

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə müraciət olunub.

Göyçay rayon prokurorluğunun və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S. Xanmaməmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

***

Göyçay rayon Çərəkə kənd sakini 37 yaşlı Sadiq Musayevin öldürülməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə iyunun 14-də baş versə də, onun meyiti dünən aşkarlanıb. Sakinlər deyir ki, S.Musayevin Arzu Musayeva tərəfindən öldürülməsi inandırıcı deyil, ona görə də şübhəlilər sırasında başqaları da var: “Onların 4 uşağı var. Böyüyü 7-ci sinifdə oxuyur, balacanın 1 yaşı var. Aralarında münaqişə olurdu. Amma kişini öldürüb həyətdə basdırmaq qadın işi deyil. Artıq polis də Teymur və Seymur adlı iki nəfəri saxlayıb”.

İlkin məlumata görə, Sadiq iyunun 14-də dostları ilə birlikdə evində yeyib-içib. Hadisə də ondan sonra baş verib. Adıçəkilən iki nəfər Sadiqi öldürməkdə təqsirləndirilir. Hazırda onlar dindirilir.

Hadisə isə Sadiqin balaca oğlu tərəfindən açıqlanıb. Belə ki, iyunun 14-dən polis onu axtarırdı. Dünən 5-ci sinifdə oxuyan oğlu atasının evin arxasında basdırıldığını deyib. Polis onun dediyi yerə baxış keçirib və meyiti aşkarlayıblar. Sadiq öldürülərkən ancaq həmin uşaq oyaq olub, digərləri yatıbmış.

Gülxar

***

Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.

Ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.

Onun ərini hansı səbəbdən qətlə yetirdiyi hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda fəhlə kimi çalışdığı bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

***

Göyçayda qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. İki uşaq atası olan Sadiq Məmmədovun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm