İmtahan keçirilən universitetdə YANĞIN: 9 nəfər... - FOTOLAR (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İmtahan keçirilən universitetdə YANĞIN: 9 nəfər... - FOTOLAR (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi bu gün imtahan zamanı universitet binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı Biznes və Kooperasiya kollecinə məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb. Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

16:07

Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilən zaman Azərbaycan Kooperasiya Universitetində baş verən yanğın nəticəsində Respublika Kliniki Mərkəzinin Toksikologiya Mərkəzinə müraciət edənlərin sayı 11-ə çatıb.

Şöbədən Publika.az-a verilən məlumata görə, yanğından zəhərlənmə ilə bağlı əvvəl 9 nəfər müraciət edib. Daha sonra iki nəfər evə gedəndən sonra özünü narahat hiss edərək təkrar şöbəyə gəlib. Hazırda onlara yardım göstərilir. Şöbədən bildirilib ki, müraciət edənlərin əksəriyyətində tüstüdən zəhərlənmə yox, nevroloji narahatlıq müşahidə olunur.

***

14:30

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

***

13:38

Kooperasiya Universitetində baş vermiş yanğın lokallaşdırılıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda yanğınsöndürənlər yanğını tamamilə söndürməyə çalışırlar.

***

12:58

Fövqəladə Hallar Nazirliyi (FHN) Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.

Publika.az-a nazirlikdən verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

***

12:38

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm