2 dostun qız üstündə atdığı QORXUNC ADDIM: paltarını çıxarıb əl və ayaqlarını bağladılar, sonra... - BAKIDA
Bizi izləyin

Hadisə

2 dostun qız üstündə atdığı QORXUNC ADDIM: paltarını çıxarıb əl və ayaqlarını bağladılar, sonra... - BAKIDA

Quldurluqda ittiham olunan Sumqayıt şəhər sakinləri – 1992-ci il təvəllüdlü İsmayıl Məmmədov və 1991-ci il təvəllüdlü Tamerlan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, İsmayıl Məmmədov və Tamerlan İbrahimov 19 iyul 2015-ci ildə, gecə saat 03.00-da Bakı-Quba yolunun 28-ci kilo metrliyində şosenin Bakı istiqamətinə olan sağ kənarında yerləşən “Kral” kafesinə gəliblər.

İsmayıl Məmmədov orada tanış olduqları Ağamir Əsgərovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yumruqla başının arxasından vuraraq yerə yıxıb.

Bundan sonra onu Tamerlan İbrahimovla birlikdə sürüyərək yaxınlıqda yerləşən parkdakı ağacların arasına aparıblar. Orada hər ikisi Ağamir Əsgərovu yumruq və təpiklə vuraraq ona xəsarət yetiriblər.

Daha sonra onlar Ağamir Əsgərovun əynində olan 5 manat dəyərində qolsuz köynəyini cıraraq çıxardıblar. Sonra İsmayıl Məmmədov köynəyin hissələri ilə Ağamir Əsgərovun əllərini, Tamerlan İbrahimov isə onun ayaqlarını bağlayaraq, cibindən 890 manat pulu, bir ədəd 80 manat dəyərində Vyetnamda istehsal edilən “Samsung Galaxy” markalı mobil telefonu, ayaqlarından 17 manat dəyərində olan ayaqqabılarını götürüblər.

İsmayıl Məmmədov həmin telefonu və götürdüyü puldan 80 manatı Tamerlan İbrahimova verib. Zərərçəkən Ağamir Əsgərova 992 manat ziyan vurmaqla quldurluq etdikdən sonra İsmayıl Məmmədov və Tamerlan İbrahimov hadisə yerindən uzaqlaşıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədov İsmayıl və Tamerlan İbrahimovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar əməllərini Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə tövsif edilməsini istəyiblər. Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

“Qız üstündə mübahisəmiz düşdü”

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayıl Məmmədov bildirib ki, 19 iyul 2015-ci il tarixdə, saat 01-də tanışı Tamerlan İbrahimovla əylənmək üçün “Kral” kafesinə gəlib və ayrıca stolda oturub: “Orada çaxır və meyvə sifariş verərək yeyib-içməyə başladıq. Həmin vaxt yanaşı stolda adını sonradan bildiyim Ağamir adlı şəxs tək oturmuşdu. Sərxoş vəziyyətdə olan Ağamiri öz stollumuza dəvət etdik. Ağamir dəvətimizi qəbul edərək bizim olduğumuz stola gəldi. Bundan sonra birlikdə çaxır içməyə başladıq və bir boşqab meyvə sifariş verdik.

İsmayıl Məmmədovun sözlərinə görə, saat təxminən 03-də Tamerlan ayaq yolunda olan zaman Ağamirlə arasında qız üstündə mübahisə düşüb: “Biz mübahisəmiz çöldə davam etdirmək üçün kafedən çıxdıq və Bakı-Quba yolu istiqamətində addımladıq. Bakı istiqamətinə olan yolun sağ kənarındakı səkidə əlbəyaxa olduq. Əlbəyaxa olduğumuz vaxt bir-birimizi yumruq və təpiklə vurduq. Həmin vaxt Ağamirin köynəyi cırıldı, ayaqqabıları ayağından çıxdı”.

“Dalaşdığım üçün peşman olmuşam”

İsmayıl Məmmədov bildirib ki, fiziki cəhətdən Ağamirdən daha güclü olub: “Bunu üçün Ağamir məni zərbələrimə tab gətirə bilməyərək huşunu itirərək yerə yıxıldı. Həmin vaxt Tamerlan zəng edərək harada olduğumu soruşdu. Tamerlana Ağamirlə mübahisəm olduğu üçün çölə çıxdığımızı bildirdim. Sonra onu yanıma çağırdım. Tamerlan gələrkən Ağamir huşsuz vəziyyətdə yerdə uzandı. Onun pulu və mobil telefonu isə yerə düşmüşdü. Ağamirin özünə gəldikdən sonra əl-üzünü yumaq üçün kafeyə qayıdacağını düşündüyümüz i üçün onun pulunu və mobil telefonunu kafenin mühafizəçisinə vermək məqsədilə yerdən götürdük, cırıq vəziyyətdə olan köynəyini isə onun üstünə ataraq kafeyə qayıtdıq”.

Təqsirləndirilən şəxs bildirib ki, kafenin mühafizəçisinə müraciət edərək Ağamirin pulunu və mobil telefonunu ona veriblər: “Ağamir qayıtdıqda onun özünə qaytarmasını xahiş etdik. Eləcə də Ağamirin məni tapa bilməsi üçün özümə məxsus fiziki şəxsin sahibkarlıq uçotu haqqında VÖEN şəhadətnaməsini mühafizəçiyə verdim. Bundan sonra oturduğumuz stolun üstündə qalmış çaxırı və meyvəni qurtarmaq üçün yenidən öz masamızda oturduq, yeyib-içməyə başladıq. Bir qədər oturduqdan sonra Tamerlan işinin olduğunu deyərək çıxıb getdi. Ağamirlə dalaşdığım üçün peşman olmuşam və ona kömək etmək məqsədilə dalaşdığımız yerə gəlmişəm. Lakin həmin vaxt Ağamir orada olmayıb. Bundan sonra evə getmişəm”.

“Ağamirə “özümüz səni yola salarıq” dedim”

İbtidai istintaqa ifadə verən İsmayıl Məmmədov hadisəni fərqli olaraq danışıb. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, iyulun 19-da, saat 01-də dostu Tamerlan İbrahimovla birlikdə “Kral” kafesinə gələrək ayrıca stolda oturub: “Hər birimiz 2,5 litr olmaqla iki butulka çaxır və bir boşqab meyvə sifariş vermişik. Həmin vaxt yanaşı stolda adını sonradan bildiyim Ağamir adlı şəxs tək oturmuşdu. Ağamir bizdən siqaret istədi. Mən də ona iki dəfə siqaret vermişəm. Sərxoş vəziyyətdə olan Ağamiri öz oturduğumuz stola dəvət etdik. Birlikdə çaxır içməyə başladıq”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ağamir bir boşqab meyvə sifariş verib və meyvənin pulunu özü ödəyib: “Ağamir meyvənin pulunu ödəyəndə onun cibindən topa formasında pul çıxardığını gördüm. Tamerlana Ağamirin pulunu ələ keçirmək istədiyimi bildirdim. Tamerlan da mənimlə razılaşdı. Təxminən saat 03:00-də Ağamir duraraq evə getmək istədiyini bildirdi. Mən də Ağamirə “özümüz səni yola salarıq” dedim”.

“Ağamiri sürüyərək ağacların arasına apardıq”

İsmayıl Məmmədov bildirib ki, həmin vaxt Tamerlan ayaqyolunda olduğu üçün Ağamir birlikdə kafedən çölə çıxaraq Bakı-Quba yolu istiqamətində addımlayıblar: “Tamerlan isə bizim ardımızca gəldi. Bakı istiqamətinə olan yolun sağ kənarındakı səkidə dayandıq. Həmin vaxt Ağamirin başı telefonda oynamağa qarışdığı zaman arxadan boynunun ardından yumruqla zərbə vurdum. Bu zaman Ağamir zərbədən yerə yıxıldı. Bundan sonra Tamerlanla birlikdə Ağamiri sürüyərək yaxınlıqdakı ağaclıqların arasına apardıq. Orada onu yumruq və təpiklə döydük”.

“330 manatı və telefonu mühafizəçilərə verdik”

İsmayıl Məmmədov qeyd edib ki, bundan sonra Ağamiri yerdən qaldıraraq onun cibindəki topa formasında olan pulu və “Samsung S2” markalı mobil telefonu götürərək Tamerlana verib: “Ağamirlə əlbəyaxa olan zaman onun köynəyi cırıldı və ayaqqabıları çıxdı. Ağamirin köynəyini cıraraq onun əynindən çıxartmışam və köynəyin hissələrilə onun əllərini, Tamerlan isə ayaqlarını bağladı. Bundan sonra Ağamiri yerdə uzanıqlı vəziyyətdə qoyaraq kafeyə qayıtdıq. Orada Ağamirin cibindən götürdüyümüz pulun 400 manat olduğunu müəyyənləşdirdik. Kafedə yenidən çaxır sifariş verərək içməyə başladıq. Həmin vaxt kafenin adını bilmədiyim mühafizəçisi bizim həyəcanlı olduğumuzu gördü və bizə yaxınlaşdı. O, haradan gəldiyimizi, kiminlə dalaşdığımızı soruşdu. Mühafizəçilərə bizimlə bir stolda oturan şəxslə yolun o biri tərəfində dalaşdığımızı və həmin şəxsin üstündən 400 manat pulunu, mobil telefonunu götürdüyüzü bildirdik. Həmin pulun 11 manatını yenidən sifariş etdiyimiz çaxıra, meyvəyə və “Redbul”a görə kafenin xidmətçisinə ödəmişəm, 80 manatı isə Tamerlana vermişəm. Mühafizəçilər Ağamirdən götürdüyümüz pulları və telefonu sahibinə qaytarmaları üçün onlara vermələrini tələb etdilər. Bizdə puldan qalan 330 manatı və telefonu mühafizəçilərə verdik. Eyni zamanda yaşadığımız ünvanı və telefon nömrələrini də mühafizəçilərə verdik”.

“Pul tapmaq üçün anamın iş yerinə getdim”

İsmayıl Məmmədovun sözlərinə görə, bundan sonra əvvəlcə Tamerlan, daha sonra isə özü kafedən çıxaraq gediblər: “Çölə çıxandan sonra törətdiyim əmələ görə peşmançılıq çəkdim. Ağamirə köməklik etmək məqsədilə cinayəti törətdiyimiz yerə getdim. Həmin vaxt Ağamir orada olmayıb. Yenidən kafeyə qayıdaraq döydüyümüz oğlanın orada olmadığını bildirdim və oradan evimə getdim. İyulun 20-də Ağamir evimə gələrək cibindən götürdüyümüz 500 manatı və telefonunu qaytarmağımızı tələb etdi. Pulu və telefonu qaytaracağımız halda şikayət etməyəcəyini bildirdi. Bundan sonra pul tapmaq üçün anamın iş yerinə getdim. Artıq baş vermiş hadisədən xəbərdar olan anam Ağamirə qaytarmağım üçün 200 manat verdi. Qalan 200 manatı isə Tamerlan verməli oldu. Pulu gec tapdığım üçün Ağamir və onunla gələnlər şikayət edəcəklərini bildirdilər. Məni maşınlarına mindirərək 2-ci polis bölməsinə apardılar. Ağamir orada hadisə barədə şikayət etdi”.

“İsmayıl atasından 1 manat pul istədi”

Digər təqsirləndirilən Tamerlan İbrahimov məhkəmədə verdiyi ifadəsində İsmayıl Məmmədovun ifadəsinə uyğun danışıb. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisəni belə danışıb: “Əylənmək üçün əvvəllər iki-üç dəfə dostum İsmayıl Məmmədov ilə birlikdə “Kral” kafesinə getmişik. Orada çaxır içərək musiqi dinləmişik”.

Tamerlan İbrahimovun sözlərinə görə, iyulun 18-də, saat 22-də İsmayılla zəngləşərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən parkda görüşüb və birlikdə şəhəri gəzməyə başlayıblar: “Saat 24 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində gəzərkən İsmayıl istirahət etmək üçün “Kral” kafesinə getməyi təklif edib. İsmayıla üstümdə cəmi 20 manat olduğunu deyərək kafeyə getmək üçün bu pulun çox az olduğunu bildirdim. İsmayıl evə gedərək valideynlərindən pul alacağını bildirdi. Birlikdə İsmayılın yaşadığı ünvana yollandıq. İsmayılın yaşadığı binanın həyətində dayanaraq onu gözlədim. İsmayıl isə mənzilə qalxdı. Bir qədər gözlədikdən sonra dükandan özümə kontur aldım və özüm də İsmayılın mənzilinə getdim. İsmayıl atasından 1 manat pul istədi. Atası da ona 1 manat verdi. İsmayıl anasından da 3 manat aldığını bildirdi. Onlarda 10-15 dəqiqə oturandan sonra çölə çıxdıq və 43-cü məhəlləyə kimi piyada getdik. “Sevgilim” şadlıq evinin yaxınlığında isə taksiyə minərək “Kral” kafesinə yollandıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, kafeyə çatanda İsmayıl taksiyə 3 manat pul verdiyini bildirib: “Mən də özümdə olan 20 manatı kafedə xərcləməyimiz üçün İsmayıla verdim. Kafenin həyətindəki masalardan birinin ətrafında oturaraq hər birimiz 2,5 litr olan iki butulka çaxır və bir boşqab meyvə sifariş etdik. Orada çaxırı içərək rəqs edənlərə tamaşa etdik”.

“Qulağıma pıçıldayaraq “oğlanın pulunu götürməliyik” deyə bildirdi”

Tamerlan İbrahimov daha sonra ifadəsində kafedə əylənmələrindən, qonşu masada əyləşən Ağamir adlı şəxslər tanış olmalarından, onu da öz masalarına dəvət etmələrindən, sonda Ağamirin onların hesablarını ödəməsindən danışıb.

Tamerlan İbrahimov daha sonra bildirib ki, Ağamir hesabı ödəyəndə cibində topa pul olduğunu görüblər: “İsmayıl pulu görən kimi dərhal qulağıma yavaşca pıçıldayaraq “oğlanın pulunu götürməliyik” deyə bildirdi. Mən də İsmayılla razılaşdım. Saat 03-də stoldan qalxaraq ayaqyoluna getdim. Ayaqyolundan qayıtdıqda onlar artıq kafedə yox idilər. Bu zaman İsmayıl öz istifadəsində olan telefon nömrəsindən istifadəmdə olan nömrəyə Vatsapla mesaj göndərərək çölə çıxmağımı istədi. Mən də çölə çıxan da onları görə bilmədim. Buna görə də İsmayıla zəng edərək harada olduğunu soruşdum. İsmayıl Bakı-Quba şosesinin əks tərəfində olduğunu deyərək məni yanına çağırdı. Həmin istiqamətə gedərək yolu keçəndə onları gördüm. İsmayıl mənə “qaqaşı yola salmaq lazımdır” deyərək Ağamirlə söhbət edərək başını qarışdırdı”.

Tamerlan İbrahimov ifadəsində həmçinin Ağamirə qarşı etdikləri quldurluq cinayətindən danışıb: “Bundan sonra İsmayıl Ağamirin ünvanına alçaldıcı ifadələr işlədərək “bu pul səndə haradandır” deyə soruşdu. Ağamir isə yalvararaq onu vurmamasını xahiş etdi. İsmayıl Ağamirin əynindən cırıb çıxartdığı köynəklə onun əllərini və ayaqlarını bağladı. Sonra Ağamirə “şikayət etsən, sənin üçün pis olacaq” deyərək hədə-qorxu gəldi. Ağamir şikayət etməyəcəyini deyərək onu vurmamağımızı xahiş etdi”.

Tamerlan İbrahimov daha sonra ifadəsində Ağamirin pulunu və mobil telefobnunu götürərək oradan getmələrindən danışıb: “Hadisə yerində İsmayıldan Ağamirin cibindən nə qədər pul çıxartdığını soruşdum. İsmayıl isə 180 manat çıxartdığını bildirdi. Bankdan götürdüyüm krediti ödəmək üçün İsmayıldan 100 manat pul istədim. İsmayıl isə 80 manat verdi. Hadisə yerindən yola çıxanda İsmayıla evə qayıtmağı təklif etdim. İsmayıl isə “pul var, yenidən kafeyə qayıdaq və yeyib-içək” deyə bildirdi. Yenidən kafeyə qayıdaraq orada yedik-içdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra İsmayıl orada rəqs edən qızlardan birini yanına çağıraraq onunla əylənməsini təklif edib: “Qız isə İsmayılın bu təklifindən boyun qaçırıb. İsmayıl isə qıza “pula görə imtina edirsənsə, pul var, mənlikdir” deyə bildirdi. Bundan sonra İsmayıl onlara xidmət edən cavan oğlanı stola çağıraraq satlıq telefon olduğunu bildirdi və telefonu ona göstərdi. Xidmətçi telefona baxdı və telefondan xoşu gəldiyi üçün onu 40 manata aldı. Telefonu alan şəxs telefonun cinayət yolu ilə əldə olunmasını bilməyib. Bundan sonra İsmayıl qızla əylənmək üçün getdi. Mən isə stolda tək oturdum”.

Apelyasiya şikayətini araşdıran hakimlər sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin ləğv edilməsi barədə qərar qəbul ediblər və təqsirləndirilən şəxslərin barəsində yeni hökm çıxarıblar.

Yeni hökmə əsasən, İsmayıl Məmmədov 8 il 6 ay, Tamerlan İbrahimov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm