Naxçıvanda hərbi parad keçirildi - FOTOLAR
Bizi izləyin

Hadisə

Naxçıvanda hərbi parad keçirildi - FOTOLAR

Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Publika.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək deyib: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.

Ali Məclisin Sədri deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizdə dövlət müstəqilliyi elan olunandan sonra bu müstəqilliyin qorunmasına da 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılması ilə başlanılmışdır. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Ümummilli Liderimiz muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etmiş, bununla da milli hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdur. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. 25 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır”.

Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artıb, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır.

Ali Məclisin Sədri deyib: Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində, buradakı ordu hissələrinin formalaşmasında Türkiyə Respublikasının təmannasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib.

Daha sonra Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun qarşısında duran vəzifələrin bundan sonra da peşəkarlıqla icra ediləcəyinə əminliklə bir daha Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik edib, çıxışını Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, ərazi bütövlüyümüzü bərpa edək”.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Zakir Həsənov Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib.
Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil olublar. Bu gün Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Gələcəyin zabitləri üçün hər cür tədris şəraiti yaradılıb. Liseyin məzunları Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir, Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar.

Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.
Sonra hərbi texnikanın keçidi olub.
Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılmış “Qred Vul” avtomobilləri, “Ştorm-3” Sofa maşını, “Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış “Sandkat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksi, “Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə “D-44” topu və “MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsası, “D-20” və “M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” topları nümayiş olundu.
Hərbi paradda “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış “OSA”, “S-125” zenit raket kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş “T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində quraşdırılmış “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu “ZQ-23-2” zenit qurğularının keçidi tamamlayıb.
“Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb, “SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.
Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirib.

Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib
Oktyabrın 18-də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının, bir qrup hərbiçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı olub.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamı ilə hərbi xidmətdə səmərəli fəaliyyətinə görə 10 hərbiçi “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 10 hərbiçi isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub.
Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını, eləcə də hədiyyələri hərbiçilərə təqdim edib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş hazırlıqlarının həyata keçirilməsində əldə etdikləri nailiyyətlərə, xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçuya “Şücaətə” görə və “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarını, bir qrup hərbi qulluqçuya isə vaxtından əvvəl hərbi rütbələri təqdim edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsiblər.
Mərkəzlə tanışlıq zamanı qeyd olunub ki, 3 mərtəbədən ibarət olan binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulubdur.
Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verəcəkdir.
Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektorlar quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyinin müqayisə etmək mümkündür.
Tədbir zalına baxış zamanı Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən film göstərilib.
Kitabxanada Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları qoyulub. Burada şəxsi heyət üçün gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı vardır. Həmçinin kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə də yaradılıb.
Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin imkanlarından səmərəli istifadə olunması, şəxsi heyətin nəzəri biliklərinin və döyüş hazırlığının daha da artırılması ilə bağlı tapşırıqlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm