Hadisə
Salyandakı ailə QƏTLİAMININ SİRRİ - - FOTO
Fərhad Əliyev və oğlunun qandonduran əməlləri
Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3
il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə
Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları
tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki
aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat
yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə
basdırıb.
Qatil ataya bu işdə oğlu Fəqan Əliyevin kömək etdiyi bildirilir.
Hər iki şəxs tutularaq istintaqa təhvil verilib, barələrində həbs
qətimkan tədbiri seçilib.
Ölkə gündəmini silkələyən qətl hadisəsi günlərdir müzakirə
predmetinə çevrilib. Ortaya hamının cavabını maraqlı gözlədiyi
ciddi suallar çıxır:
Ata doğma balalarını niyə qətlə yetirib? Qanlı cinayət
3 il ərzində necə gizlədilib?
AzVision.az-ın əməkdaşı bu suallara cavab tapmaq, qətlin gerçək
səbəbini araşdırmaq üçün Salyana yollanıb. Əməkdaşımız Mehparə
Əliyevanın ata evinə gedərək, qohumları ilə həmsöhbət olub.
Mərhumun yaxınları onun acınacaqlı həyatından, faciəvi ölümünün
səbəblərindən danışıblar.
- Fərhad Əliyevlə Mehbarə xanım sevərək
evləniblər?
Mehparə Əliyevanın bibisi qızı Həsənova Qəmərxanım: Fərhadın bacısı
dayımın qonşusu idi. Mehparəni orada görüb bəyəniblər. Sonra qızı
qaçırıblar. Fərhaddan xoşumuz gəlmirdi. Onun avara olduğunu
bilirdik. Buna görə onların evlərinə getmirdik.
-Fərhadın içki aludəçisi olduğu deyilir. O, işləmirdi? Evi
kim dolandırırdı bəs?
- Fəhləlik edirdi. Yalnız öz qarnını güdürdü. Qazandığı pula özü
üçün yemək və içki alırdı. Təsəvvür edin, Fərhad evdə tək oturub
yemək yeyirdi, qızları o biri otaqda acından ağlayırdılar. O, ancaq
özünü fikirləşirdi. Qızlarının ac olması onun vecinə də
deyildi.
Qızlardan biri deyib ki, “ata, bizə yemək al, acıq”. Fərhad cavab
verib ki, “siz belə yaşamalısınız, özünüz işləyin, yemək alın”. Bu
sözləri ata öz doğma qızlarına deyib.
Mehparə çox sakit qadın idi. Çarəsizlikdən üzüm sahəsində günü 5
manata işləyirdi. Uşaqlar evdə gözləyirdilər ki, anaları işdən
gəlsin, onlar üçün yemək alsın. Çox çətinliklə dolanırdılar.
Hərdən Mehparə atasının evinə gəlirdi. O, heç vaxt evindəki
problemlərdən danışmırdı. Biz gücümüz çatdığı qədər ona kömək
etməyə çalışırdıq.
- Hadisədən öncə həyat yoldaşı ilə münasibətləri necə
idi?
M.Əliyevanın qohumlarının sözlərinə görə, onların evləri
dava-dalaşlı olub. Fərhad həyat yoldaşını, qızlarını tez-tez
döyürmüş:
- Mehparə ailə sirini heç kimə verməzdi. Amma ərinin qohumları bizə
deyirdilər ki, onun günü qaradır. Mehparədən soruşurduq ki, Fərhad
səni incidir? Deyirdi, narahat olmayın. Qardaşlarına da bildirmirdi
ki, Fərhad onu döyür, işgəncə verir. Əri içki aludəçisi idi,
Mehparəyə deyirdi, get, işlə araq al. Fərhad bir dəfə qızını elə
döymüşdü ki, qızın başı ağır zədə almışdı.
- Fərhad öz ailəsinə qarşı niyə bu qədər qəddar
idi?
- O, uşaqlarının hamısına qarşı qəddar olub. Görün, nə qədər manyak
adam olub ki, doğma qızlarının boğazını kəsib öldürüb. Oğlu Fəqan
da atasına kömək edib. Onlar Mehparə və qızlarını biryerdə
öldürüblər.
- Sizcə, belə dəhşətli qətlə nə səbəb ola
bilər?
- Fərhad bütün günü içki içirdi. Mehparəni döyürdü ki, işləsin, ona
araq alsın. Fərhad Mehparənin cehizlərini satmışdı. Evlərində heç
nə yox idi. Mehparə qorxusundan səsini çıxarmırdı. Fərhadın hər
dediyini edirdi ki, evdə dava olmasın. Onların evlərində hamam yox
idi, qızlar evdə çimirdilər. Bax, belə həyat yaşayıblar.
Qızları İradə və Sevda müəllim yanına getmədən ali məktəbə qəbul
olmuşdular. Pulları olmadığı üçün oxuya bilmədilər. Fərhad onları
oxumağa qoymurdu. Deyirdi, qız oxuya bilməz. Qızlarını işləməyə
məcbur edirdi.
Yazıq qızlar geyinməyə paltar tapmırdılar. Biri dərsdən gələn kimi
paltarını, ayaqqabısını çıxarıb, o biri bacısına verirdi. Ata olub,
qızlarına heç nə etməyib, işgəncə verməkdən başqa. Fərhadın
bacılarının, qardaşlarının yaxşı imkanı var. Onlar da Fərhaddan üz
döndərmişdilər, kömək etmirdilər.
- M. Əliyevanın qardaşı Elnur Qurbanov: Mən meyitlər yuyulan yerə
girdim. Dəhşətə gəldim. Onların ancaq sümükləri qalmışdı. Bacımın
başının sümükləri qırılmışdı, çənəsi qopmuşdu. Mehparənin ağzında
qızıl dişləri var idi. Fərhad Mehparəni öldürəndən sonra qızıl
dişlərini çıxarıb. Qızların hamısının boğazı kəsilib. Birinin
bıçaqla boynunun arxasından vurub. Meyitlərin iyindən nəfəs almaq
olmurdu. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Sevdanın
sümüklərinin üstündə ət parçaları vardı. Bu, sadəcə dəhşət idi.
Bütün meyitlər çürümüşdü, Sevdanın bədəni sanki çürüməmişdi...
- Sizcə, 3 il ərzində cinayətin üstün niyə
açılmayıb?
- Bu barədə polisə məlumat vermişdik. Fərhaddan Mehparə və
qızlarının harada olduğunu soruşanda, deyirdi ki, bizi narahat
etməyin, ailəmlə işiniz olmasın. Mehparə ilə danışmaq istəyəndə,
Fərhad imkan vermirdi. Bakıda işlədiklərini, imkanlı bir ailənin bağ
evində qaldıqlarını deyirdi.
M.Əliyevanın qardaşının həyat yoldaşı: Hadisə martın 4-də baş
verib. Bizim heç nədən xəbərimiz olmayıb. Novruz bayramı günü xonça
bəzəyib Mehparəgilə bayram payı aparırdım. Gördüm ki, evin qapısı
bağlıdır, açarın üstündə məktub var. Məktubu açdım. Yazılmışdı ki,
“Fərhad, mən səni gözləyirəm, fəhlə işi var, gəl, gedək işləyək”.
Məktubu büküb yerinə qoydum. On gün sonra yenidən getdim. Gördüm
ki, həmin məktub orda durur. Evdə heç kim yox idi. Fərhadın
qohumları dedilər ki, onlar Bakıya köçüblər, orada yaşayırlar.
Fərhad hadisəni törədəndən sonra bir müddət həmin evdə yaşayıb.
Eşitdiyimizə görə, Fərhad evdə olan qızılları satıb, özünə araq,
yemək alıb. Rayona gələndə, isə arvad-uşağının Bakıda olduğunu deyib.
- Beş nəfəri eyni vaxtda öldürmək fikizi cəhətdən asan
deyil. Sizcə, Fərhad həyat yoldaşını və qızlarını tək öldürə
bilər?
- Fərhad hadisəni tək törətməyib, oğlu ilə birlikdə edib. Fərhad
qızlarının və arvadının başını kəsdikdən sonra aynabəndin sağ
tərəfində olan otağın döşəməsinin taxtalarını qaldırıb, torpağı
qazıb. Əvvəlcə ananı, sonra böyük qızını, daha sonra digər
qızlarını qazdığı quyuya atıb. Meyitlərin üzərlərinə evdəki ədyalı
qoyub, sonra topraq töküb.
Bir il altı ay idi ki, Mehparədən xəbər yox idi. Fərhad
qohumlarımızdan birinə demişdi ki, Mehparə elə bir adamın yanında
işləyir ki, telefon işlətməyə icazə vermir. Dediyinə görə, guya
həmin adam Mehparəni qohumlarını görməyə də qoymurmuş. Bu sözü
eşidən kimi Mehaprənin qardaşına zəng etdim. Dedim bizə gəlin.
Bildirdim ki, Fərhad yalan danışır, Mehparə və qızlarını
öldürüblər. Həmin gün polisə şikayət etdik. Məcbur olub,
televiziyaya çıxdıq. Həmin gündən sonra Fərhad və oğlu Fəqan
Salyana gəlmədi.
M.Əliyevanın qardaşı Elnur Qurbanov: Bir dəfə Fərhadın qardaşı
Raisin evinə getdim. Bacımın harada olduğunu soruşdum. Rais
Fərhadın onları da saymadığını dedi. Dedim ki, Mehparə sizin də
qeyrətinizdir, necə ola bilər ki, harada olduğunu bilmirsiniz?!
- Qohumlarınız mətbuata bildiriblər ki, qətldə Fərhad və
oğlu ilə yanaşı başqa şəxslərin də əli var. Kimlərdən
şübhələnirsiniz?
- Bacımı və qızlarını Fərhad oğlu ilə birlikdə öldürüb. Başqa
kiminsə adını çəkə bilmərəm. Bəlkə, Fərhadın qardaşının də bu işdə
əli olub. Fərhad qardaşları ilə bir həyətdə qalırlar. Evlərinin
arasında hasar yoxdur. Necə ola bilər ki, belə dəhşətli hadisə
olub, onların xəbərləri olmasın! Meyitlərin iyini ola bilməz ki,
hiss eləməsinlər.
- Şayiələr yayılıb ki, guya bacınızın hansısa xoşagəlməz
hərəkətinə görə, Fərhad onları öldürüb. Bu haqda nə deyə
bilərsiniz?
M.Əliyevanın qardaşı: Bacımın heç bir günahı olmayıb. Fərhadın
arağına, siqaretinə kimi bacım alırdı. Mehparə günü 5 manata
işləyib, ailə saxlayırdı.
Evin böyük qızı İarədə atasının hərəkətlərinə dözə bilmirdi. Fərhad
Mehparə işdən gələn kimi 5 manatı əlindən alıb, özünə araq alırdı.
Fərhad o qədər insafsız insandır ki, 13 yaşlı Ümidə acından
ağlayanda, o yeməyi tək yeyirmiş. Belə ata olar? İradə atasına
deyirmiş ki, heç olasa yeməyindən Ümidəyə ver. Onların həyatları
əzab içində keçib. Elə gün olub ki, yeməyə çörək tapmayıblar.
Dünən Fərhadın qardaşı Raisin həyat yoldaşı bura gəlmişdi. Bizə
dedi ki, Rais Fərhada dedi ki, “get, izahat ver. “Olmasa...!” Bu
“olmasa ” sözünün arxasında nə durur? Yəni, mən gedib, polisə hər
şeyi deyəcəyəm. Telekanaldan zəng edib, Fərhadın qardaşını
sıxışdırıblar ki, məsələni tez açıqlasın.
- Sizcə, Fərhadın qardaşı Raisin cinayətdə əli ola
bilər?
- Qətlin törədilməsində əlinin olması ilə bağlı heç nə deyə
bilmərik. Amma yüz faiz cinayəti bilib, hamıdan gizlədib. Rais
Fərhadla qapı qonşudur. Evlərinin arasında 10 metr məsafə var. Bir
toyuğu kəsən zaman hamının xəbəri olur, 5 nəfəri öldürürlər, amma
heç kim bilmir?!
- Cinayətin üstü açılandan sona Fərhad hadisəni niyə
törətdiyini deyib?
- Vicdansız ata deyib ki, guya böyük qızından şübhələnib. Halbuki,
hamı onun qızlarının başına and içirdi. Onlar qeyrətli qızlar
olublar. Qardaşı evə gec gələndə, böyük qız səhərə kimi yatmırdı.
Özünə haqq qazandırmaq üçün qızlarının üstünə şər atıb. Qızlarını,
arvadını qətlə yetirmisən, heç olmasa onların təmiz adını ləkələmə.
Əgər Fərhad qeyrətli kişi olsaydı, öldürüb, bizə deyərdi ki,
bacınızı bu səbəbdən öldürdüm.
- Siz deyirsiniz ki, Mehparə, qızları işgəncələrə məruz
qalıb. Onları niyə Fərhadın əlindən xilas etmirdiniz? Bunu
bilə-bilə necə göz yumurdunuz?
- Mehparənin uşaqları böyük idi. O, bu yaşdan sonra ayrıla
bilmədiyini deyirdi. Dəfələrlə deyirdik ki, gəl, bizimlə qal. Amma
razılaşmırdı. Ailəsini ata bilmirdi.
- Bir məqamı soruşum, siz bildirəndə ki, onlar ölkə
sərhədlərindən kənara çıxmayıblar. Bundan sonra polis Fərhadı və
oğlunun ifadəsini aldımı?
- Bunu bilən kimi Mehparənin qardaşı polis idarəsinə getdi. Orda
bildiriblər ki, Mehparəni və qızlarını hər yerdə axtarıblar, amma
tapa bilmirlər. Məcbur olub efirə çıxdıq. Gördük ki, işin üstü
açılmır, ona görə Xoşqədəm xanıma müraciət etdik. Üç həftə sonra
isə cinayətin üstü açıldı.
Efirdə səslənəndə ki, Mehparə və qızları Türkiyəyə gediblər, bu
vaxt Fəqan guya qeyrətə gəlib. Deyib ki, biz qeyrətsiz deyilik ki,
ana-bacımız Türkiyəyə getsin. İşin üstü açılandan bir gün əvvəl
Fərhadla oğlu kafedə dalaşıblar. Fəqanı polis bölməsinə aparıblar.
O, polisə hər şeyi etiraf edib.
- Qızlardan ailə həyatı quran, nişanlı olanı
vardımı?
- Elə atası olan qıza kim nəzər salardı? Qızın birinə bir dəfə elçi
apardım. Elçilərə dedilər ki, anamız ərə gedib nə gün görüb ki, biz
də ərə gedək? Analarını çox istəyirdilər, ondan ayrıla bilmirdilər.
Hər dəfə onlara kimsə elçi düşəndə, razı olmurdular.
İki il öncə Mehparənin qardaşı Elmana bir qız zəng edib demişdi ki,
boş yerə onları axtarmayın, əvvəl bizimlə işləyirdilər, indi başqa
yerə gediblər. Sonra mən həmin qıza zəng vurdum. Oğlan götürdü,
aqresiv cavab verdi ki, bir də bu nömrəyə zəng edib, narahat
etməyin. Məncə, biz efirə çıxandan sonra Fərhad kiməsə zəng
elətdirmişdi. Sonradan həmin qızın nömrəsinə zəng çatmadı.
-Bəzən qız övladlarına qarşı kişilərdə aqresiyya olur, istəmirlər
qızları olsun. Fərhad bəlkə qızlarını qəbul etmirdi, o səbəbdən
onları öldürüb.
M.Əliyevanın qohumlarının bildirdiyinə görə, Fərhad qızlarına qarşı
heç vaxt sevgi ilə yanaşmayıb. Hər fürsətdə onları döyüb, təhqir
edib. Oğlu isə onunla eyni xarakterdə olub.
Söhbətimizi başa vuraraq, hadisənin baş verdiyi ünvana üz tutduq.
Qətlin törədildiyi həyətin qapıları bağlı idi, ətrafda heç kim gözə
dəymirdi. Hasardan həyətə daxil olub, 5 nəfərin vəhşicəsinə
öldürüldüyü yerin fotolarını çəkə bildik.
Daha sonra qatil atanın qonşuluqda olan qardaşının evində olduq.
Fərhadın qardaşı Raisin oğlu Vüsal Əliyevdən indiyədək bu hadisədən
xəbərlərinin olub-olmadığını soruşduq.
V.Əliyev and-aman etdi ki, məlum hadisədən Fərhad və oğlunun
həbsindən sonra xəbər tutublar.
- Bir qədər əvvəl həmin evdə olduq. Sizinlə məsafələri çox
yaxındır. Necə ola bilər ki, 5 nəfəri qətlə yetirsinlər, sizin
bundan xəbəriniz olmasın?
- Bizim onlarla münasibətimiz olmayıb. Nə biz onlara getmişik, nə
onlar bizə gəliblər. Bu həyətdə dörd qardaş yaşayır. Heç kimin
Fərhadgillə əlaqəsi olmayıb. Bir müddətdən sonra hiss elədik ki,
Mehbarə xala və qızları həyətdə görünmürlər. Fərhad əmimdən
soruşdum ki, bəs qızlar hardadı. Dedi ki, arvadı, uşaqları onu
atıb, Bakıya gediblər. Bildirdi ki, 3-4 günə biz də
şəhərə gedəcəyik. Sonradan əmimlə oğlu da yoxa çıxdı. Biz də
fikirləşdik ki, yəqin Bakıda ev tutub, qalırlar. Hadisə nə vaxt
olub, necə olub bilmirik. Məlumatımız olsaydı, dərhal polisə
deyərdik.
- Sizə gəlməmişdən əvvəl hadisə olan evdə idim. Meyitlərin
qoxusu hər yeri bürüyüb. Üç il ərzində bunu hiss
etməmisiniz?
- Əvvəllər hiss etməmişik. Quyu açılandan sonra meyitlərin iyi
ətrafı bürüyüb.
- Üç il ərzində əminizdən, ya da oğlundan bacılarının
harada olduğunu soruşmusunuzmu? Çünki Mehparə Əliyevanın qohumları
onları axtarışa vermişdilər.
- Fəqan il yarım əvvəl gəlmişdi. Ondan soruşdum ki, bacıların
haradadır. Bakıda olduqlarını, işlədiklərini dedi. Hətta bildirdi
ki, şəhərdə torpaq alıb, ev tikirlər.
- Əminiz cinayətin üstü açılandan sonra deyib ki, guya
qeyrətini təmziləmək üçün öz ailəsini öldürüb.
- Yalan danışır, şər atır. Mehparə xala da, qızları da kişi
qeyrətli olublar. Onların indiyədək bir səhv hərəkətlərini
görməmişik. Əmim özünə haqq qazandırmaq üçün şər atır, ona
inanmayın. Fərhadın necə insan olduğunu hamı yaxşı tanıyır. O,
araqdan ötrü hər şey edərdi. Oğlu da özü kimi avara, səfehin biri
olub. Bütün günü içib, evdə dava salıblar.
V.Əliyevlə söhbətləşdikdən sonra Mehparə Əliyevanın qonşuları ilə
görüşdük. Onlar nələrin baş verdiyi hələ anlaya bilmədiklərini
deyirlər.
- Biz onların necə namuslu insan olduğunu bilirik. Buna zərrə qədər
şübhəmiz yoxdur. Mehparə uşaqlarını zülümlə böyüdüb. Fərhadın belə
amansız olacağını gözləmirdik. Heyf, günahsız insanların həyatları
məhv oldu. Fərhada, oğluna ən ağır cəza verilməlidir. Allah onların
bəlalarını verəcək. Fərhad və oğlu Fəqan bu üç il ərzində özlərini
təmkinli aparırdılar, evə gecə saatılarında gəlirdilər. Onların
haradan gəlib-hara getdiklərindən xəbərimiz olmurdu. Onların evi
ilə Kür çayının arasında 15 metr məsafə yoxdur. Ola bilsin, Kür
çayı cəsədlərin qoxusunu özünə çəkib.
Sakinlərlə söhbətimiz zamanı aydın oldu ki, zəhmətkeş ana və 4
məsum qızı heç bir səbəb olmadan, günahsız yerə öldürülüb. Şübhə
yox ki, Fərhad və oğlu Fəqan tutduqları əmələ görə ən ağır cəzaya
məhkum ediləcək.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama