"Dedim ki, Taleh Bağırovu evdən qov..." - Nardaran işində ŞOK İFADƏ
Bizi izləyin

Hadisə

"Dedim ki, Taleh Bağırovu evdən qov..." - Nardaran işində ŞOK İFADƏ

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Əbülfəz Bünyatov ifadə verib.

O, ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Müsəlman Birliyi Hərəkatına Taleh Bağırov rəhbərlik edib: "Birliyin idarə heyətində təmsil olunmuşam. Məqsədimiz bir olub. Taleh Bağırovla dostluğumuz illər öncədən başlayıb. Bizdə radikallıq, terrorçuluq fikirləri olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə baş verən günü Taleh Bağırov qonağı olub: "Həyətimizdə 29-30 nəfər adam vardı, namaza gəlmişdilər. Taleh Bağırovla ailəvi dostluq etmişik, 5-10 gün idi bizdə qalırdı. Gündüzlər evdə namaza toplaşır, axşamlar məscidə gedirdik".

Əbülfəz Bünyatov bildirib ki, evindən silah tapılması barədə yazılanlar böhtandır. Onun sözlərinə görə, hadisə günü həyətə polislər gəlib: "Bu zaman qarşıdurma yarandı. İçəri girənlər üzü maskalı idi".

Təqsirləndirilən şəxs bildirib ki, yerli sakinlərdə silah-sursat olmayıb, hadisə zamanı qumbara partlamayıb, polislərin harada ölməsi barədə dəqiq məlumatı yoxdur. Qeyd edib ki, əvvəllər jurnalistika ilə məşğul olub. O, dövlət əleyhinə çağırışlar etmədiklərini deyib.

Əbülfəz Bünyatovun sözlərinə görə, hadisə zamanı aldığı güllə yarasından iflic olub. Sonradan baş verənləri xatırlamır. Ayılanda özünü Daxili İşlər Nazirliyinin hospitalında olduğunu görüb: "İki ay orada qalmışam, polis nəzarəti altında saxlanmışam".

Daha sonra şahid qismində Sərdar Bünyatov ifadə verib. O, təqsirləndirilən Əbülfəz Bünyatovun əmisi oğludur. Şahid bildirib ki, hadisələr zamanı iki qardaşı rəhmətə gedib.

Sərdar Bünyatov istintaqa verdiyi ifadəsində Əbülfəzdən Taleh Bağırovdan ayrılmağı, ondan xeyr gəlməyəcəyini bildirib, onu evdən qovmasını istəyib: "Əmimə də deyirdim ki, Talehi evdən qovsun. Amma o, Talehin Əbülfəzin qonağı olduğunu, evdən qova bilməyəcəyini söylədi".

Şahid daha sonra qeyd edib ki, Taleh Bağırovun hərəkatında olub, hər ay 1 manat üzvlük haqqı ödəyib: "Sonra birliyin mövqeyi ilə razılaşmadım, ayrıldım".

Saleh Bünyatov istintaqa verdiyi ifadəsini təsdiqləməyib. Növbəti proses martın 1-də davam edəcək.

İttihama görə, Elxan İsgənədovun barəsində həbs qətimkan tədbiri Nardaran hadisələrindən sonra seçilib.
Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm