Güclü külək rayonlarda elektrik naqillərini qırdı, evlərin damını uçurdu
Bizi izləyin

Hadisə

Güclü külək rayonlarda elektrik naqillərini qırdı, evlərin damını uçurdu

Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

Publika.az xəbər verir ki, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub. Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Güclü külək Ağdam və Bərdə rayonlarında da ciddi fəsadlara səbəb olub. Elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub.

Külək Mingəçevir şəhərinin təsərrüfatında problemlər yaradıb. Günorta saatlarında güclənən külək ayrı-ayrı küçələrdə iri və kiçik gövdəli ağacları aşırıb. Ağacların bəziləri yollara aşaraq nəqliyyatın hərəkətinə problemlər yaradıb. Külək bəzi yerlərdə hətta elektrik naqillərini də qopararaq sakinləri işıqsız qoyub.

Eyni vaxtda Mingəçevir Sənaye Parkının enerji təsərrüfatında da problemlər ortaya çıxıb. Müəssisə yarımstansiyasında yaranan qısaqapanma tüstülənməyə səbəb olub. Dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib.

Hazırda təbii hadisənin fəsadlarının aradan qaldırılması və elektrik enerjisiz qalmış yaşayış massivlərinin enerji ilə təminatının bərpa olunması üçün aidiyyatı qurumlar fəaliyyətini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm