Qız üçün Göyçaydan Ağdama getdi, gizlicə yataq otağına girdi və çılpaq halda... - AĞLASIĞMAZ OLAY
Bizi izləyin

Hadisə

Qız üçün Göyçaydan Ağdama getdi, gizlicə yataq otağına girdi və çılpaq halda... - AĞLASIĞMAZ OLAY

Göyçay rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Sərxan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, Sərxan Süleymanov 14 mart 2016-cı ildə, saat 10 radələrində Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində gediş-gəlişli yolda bacısı Nargilə ilə evlənmək niyyəti olan və qızın istəyi ilə “Lifan” markalı avtomobillə görüşə gəlmiş Göyçay rayon sakini Orxan Quliyevin maşınına əyləşib.

Silahlı insident və polisin müdaxiləsi

Sərxan Süleymanov avtomobildə Orxan Quliyevə qarşı təxminən 1 saatadək zorakı hərəkətlər edib, onun ünvanına ucadan nalayiq söyüşlər söyüb.

Bu zaman Sərxan Süleymanov üzərində gəzdirdiyi bıçaqla Orxan Quliyevin sağ qoluna vurub. Həmin vaxt bıçaq əlindən düşüb. Orxan Quliyev avtomobildən düşüb, Sərxan yerdə ona daha iki bıçaq zərbəsi vurub.

Daha sonra Sərxan Süleymanov atası Allahverdiyə məxsus ov tüfəngini götürərək, yenidən hadisə yerinə qayıdıb. Yolda Orxan Quliyevin idarə etdiyi avtomobilin 40-50 metr məsafədən gəldiyini görüb, maşını saxlatmaq məqsədi ilə havaya atəş açıb.

Yalnız hadisə yerinə gəlmiş Ağdam rayon polis şöbəsi əməkdaşlarının müdaxiləsi nəticəsində onun əlindəki silah alınıb.

Qeyri-rəsmi nikah və qətl planı

Bu hadisədən sonra Orxan Quliyev Sərxan Süleymanovun bacısı Nargiləni evlənmək məqsədi ilə könüllü olaraq qaçırıb.

Ancaq onların ailə münasibəti gərgin olub. Orxan Nargiləni qaçırandan sonra ona əziyyət verib. İşgəncələrə dözməyən Nargilə evdən qaçmaq qərarına gəlib. Bunu eşidən Sərxan Süleymanov Orxan Quliyevdən qisas almaq fikrinə düşüb. Bu məqsədlə Göyçay şəhərinə gəlib. Amma Orxan Quliyevin yaşadığı ünvanı ev nömrəsinin eyni, küçə adlarının oxşar olduğuna görə səhv salıb. O, Heydər Əliyev prospektində yerləşən yaşayış evinə açıq qapıdan daxil olub və evin yataq otağından səs eşidib.

Ünvanı səhv salan qatil

Sərxan Süleymanov işığı yandırmadan həmin otağa daxil olub, çarpayıda çılpaq halda yatan Cəbrayıl Kərimova 16 bıçaq zərbəsi vurub. Cəbrayıl Kərimov aldığı zərbələrdən hadisə yerində ölüb. Qətlə yetirilənin iş adamı olduğu sonradan üzə çıxıb. Cəbrayıl Kazımov uzun illər Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olub.

İstintaq orqanı tərəfindən Sərxan Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 221.3-cü (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Bacım dedi ki, məni narahat edir”

Sərxan Süleymanov istintaqa ifadəsində bildirib ki, 2016-cı ilin martında bacısı Nargilənin həyəcanlı halda məktəbdən evə gəldiyini görüb: “Ondan nə baş verdiyini soruşdum, bacım mənə heç bir söz demədi. Həyətə çıxanda küçədən ağ rəngli xarici markalı maşın keçdiyini gördüm. Yenidən evə gəldim, Nargiləni sorğu-suala tutdum. Bacım dedi ki, evə gələrkən ağ rəngli maşının sürücüsü yolda onu narahat edib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nargilə ona həmin oğlanın Göyçay rayonundan olduğunu deyib: “Əsəbiləşdim, evdən 3 bıçaq götürərək küçəyə çıxdım. Həmin maşının yolda dayandığını, yanında da iki nəfərin durduğunu gördüm. Onlara yaxınlaşaraq maşının sahibinin kimliyini soruşdum. Adını sonradan öyrəndiyim Orxan Quliyev irəli durdu. Ona maşına oturmasını, onunla işim olduğunu dedim”.

“Nargilənin qardaşıyam...”

Sərxan Süleymanov qeyd edib ki, Orxan Quliyevlə birlikdə onun maşınına oturublar: “Yolda Orxandan kim olduğunu soruşdum, Ağdaş rayonundan Göyçaya qonaq gəldiyini dedi. Orxana düz danış dedim. Orxan “Ağdaş və ya Göyçay, nə fərqi var ki” deyə cavab verdi. Söhbət zamanı nə qədər sual versəm də, Orxan cavab verməkdən yayındı.

Bundan sonra Nargiləni tanıyıb-tanımadığını soruşdum, tanıdığını dedi. Orxana bildirdim ki, mən də Nargilənin qardaşıyam. Bunu dedikdə Orxan maşının qapısını açaraq, düşmək istədi. Orxanı tutaraq, maşından düşməsinə icazə vermədim. Biz maşında əlbəyaxa olduq. Maşında yaxalaşananda Orxanın qol nahiyəsinə bıçaqla xəsarət yetirdim.

Bu zaman bıçaq Orxanın əlinə keçdi. Orxan maşından düşdü, yerdən daş götürüb mənə atdı. Daş məndən yan keçdi. Sonra Orxan mənə ağır söyüş söydü. Bundan əsəbiləşərək, bıçaqla bir dəfə Orxanın boynuna, bir dəfə yan tərəfinə xəsarət yetirdim. Orxan oradan qaçaraq bir qədər aralandı, sonra məni yanına çağırdı.

Orxanın yanına getmədim, evə qayıdıb, oradan qoşalülə tüfəngi götürdüm. İçinə iki ədəd güllə qoyaraq, yenidən mübahisə olan yerə qayıtdım”.

“Havaya atəş açdım ki, Orxan qaçmasın”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, geri qayıdarkən uzaqdan Orxanın maşınla gəldiyini görüb: “Bir dəfə havaya atəş açdım ki, qaçmasın. Lakin o, maşını sürərək uzaqlaşdı. Bayaq Orxanın yanında dayanmış Ağdam sakini Təhməz Hüseynovun yanına getdim, ondan zəng vurub Orxanı çağırmasını tələb etdim. Təhməz Orxanı çağırmadı, hadisə yerinə Ağdam rayon polis şöbəsinin əməkdaşları gəldi. Özümdə olan tüfəngi və bıçaqları polis əməkdaşlarına təhvil verdim.

Polis şöbəsinin müstəntiqi Samir Əliyev tərəfindən araşdırma aparıldı, cinayət işinin açılmasının rədd edilməsi haqqında qərar qəbul olundu”.

“Nargilənin Orxandan ayrıldığını öyrəndim”

Sərxan Süleymanov qeyd edib ki, 2016-cı ilin mayında bacısı Nargilə Orxana qoşulub qaçıb: “Nargilə qaçırıldıqdan təxminən 10-15 gün sonra Orxanın ünvanını əvvəllər barəmdə araşdırma aparmış müstəntiq Samir Əliyevdən aldım. Samir Əliyevə qohumlarımı Göyçay rayonuna bacıma baş çəkmək üçün göndərəcəyimi dedim. Samir də kiçik bir kağız parçasına Orxanın yaşadığı ünvanı yazaraq, mənə verdi”.

Sərxan Süleymanov qeyd edib ki, atasından Nargilənin Orxandan ayrılaraq Bakı şəhərində yaşayan bacısı Kifayətin yanına getdiyini öyrənib: “Həmin gün saat 21 radələrində yeznəm Hasil Allahverdiyevdən bu məsələnin dəqiq olub-olmadığını öyrənmək üçün Tərtər rayonuna getdim. Gedəndə özümlə evdən 3 bıçaq götürdüm. Bıçaqları ona görə götürmüşdüm ki, bu məsələ dəqiq olsa, Göyçaya gedib, Orxan Quliyevi öldürüm”.

“Orxanı öldürmək qərarına gəldim”

Sərxan Süleymanovun sözlərinə görə, Tərtərdə yeznəsi Hasildən həqiqətən də bacısı Nargilənin Orxanın yanından getdiyini öyrənib: “Bakı şəhərində yaşayan bacım Kifayətlə telefonla əlaqə saxladım. Danışarkən bacım da mənə Nargilənin 4 gündür Orxandan ayrılaraq, onun yanına gəldiyini bildirdi. Kifayətlə danışdıqdan sonra Orxanın Nargiləni mənim acığıma qaçırdığını düşündüm. Onu öldürmək qərarına gəldim...

Kifayətlə danışdıqdan sonra Hasillə sağollaşıb hara getdiyimi demədən Tərtər rayonundan Göyçaya yollandım”.

“Evdən xorultu səsi gəldiyini eşitdim”

Sərxan Süleymanov qeyd edib ki, gecəyarısı Göyçay rayonuna çatıb: “Göyçay şəhərində tanımadığım taksi ilə Orxan Quliyevin yaşadığını güman etdiyim ünvana getdim. Taksi küçələrin birində saxladı, axtardığım evin həmin küçədə olduğunu bildirdi. Taksidən düşərək evlərdən birinin darvazasını döydüm. Qapıya tanımadığım orta yaşlı bir kişi yaxınlaşdı. Orxanın bu evdə yaşayıb-yaşamadığını soruşdum, o da 3 ev sonrakı evi göstərdi.

Həmin ev tərəfə getdikdə darvazalardan birinin üstündə 24 rəqəmini gördüm. Bunu görən kimi bu evin Orxanın evi olduğuna əmin oldum. Darvaza bağlı idi, hasarın üstündən tullanaraq həyətə düşdüm. Eyvanın işığı yanılı, qapısı isə açıq idi. İçəri girəndə otaqların birindən xorultu səsi eşitdim. Evin bütün işıqları söndürülmüşdü. Xorultu səsi gələn otağa daxil olanda, orda bir nəfərin yatdığını gördüm”.

“Orxanın anasını da axtardım”

Sərxan Süleymanovun ifadəsinə görə, bu vaxt həmin otağın da işığı sönülü olub: “Yatanın Orxan olduğunu zənn elədim. Xəncər formalı bıçağı çıxarıb yatan şəxsə bir-iki dəfə vurdum. Həmin şəxs oyanıb ayağa qalxmaq istədi. Onu çarpayıya itələyərək, bıçaqla zərbə vurmağa davam etdim.

Bundan sonra otaqları gəzdim ki, əgər Orxanın anası buradadırsa, onu da öldürüm. Heç kimi tapa bilmədikdə çıxıb getdim”.

“Öldürdüyümə peşman oldum”

Sərxan Süleymanov bildirib ki, Orxan zənn etdiyi Cəbrayıl Kərimovu bıçaqlayarkən, özünün də əli zədələnib: “Cəbrayıl Kərimova bıçaqla xəsarətlər yetirdikdən sonra həyətə, orada da darvazanın qapısını açaraq küçəyə çıxdım. Bir qədər piyada getdikdən sonra polisə zəng etdim, Orxan Quliyevi öldürdüyümü dedim.

Polis əməkdaşları gəldi, məni həmin küçədən götürərək, Göyçay rayon polis şöbəsinə apardılar. Evdən çıxarkən gətirdiyim bıçaqlardan biri həmin evdə düşmüşdü, digər iki bıçağı isə polisə təqdim etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Göyçay rayon prokurorluğunda ifadə verəndən sonra ona öldürdüyü adamın Orxan yox, Cəbrayıl Kərimov olduğunu deyiblər: “Ona görə də Orxanın əvəzinə heç bir günahı olmayan şəxsi öldürdüyümdən çox peşman oldum. Əgər həmin şəxsin Orxan olmadığını bilsəydim, polisə təslim olmayacaqdım. Çünki məqsədim məhz Orxanı öldürmək idi. Orxan Quliyev zənn etdiyim Cəbrayıl Kərimovu tək öldürmüşəm. Həmin vaxt yanımda heç kəs olmayıb”.

“Günahsız insanı öldürməyim məni rahat burxmayacaq”

Sərxan Süleymanov qeyd edib ki, yeganə məqsədi onlara qarşı əxlaqsız hərəkət edən Orxanı öldürmək olub: “Öldürdüyüm şəxsin üzünü görə bilsəydim, heç vaxt onu vurmazdım. Günahsız bir insanı öldürməyim ömrümün sonuna qədər məni rahat buraxmayacaq”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən İlqar Kərimli bildirib ki, mərhum Cəbrayıl Kərimov onun atasıdır: “Anam Aygün Mustafayeva uzun müddətdir ki, atamdan ayrılaraq, ayrı yaşayıb. Adətən atamın, hərdən də anamın yanında qalmışam. Atam əvvəllər Göyçay rayonu ərazisində yeməkxana işlədib. Lakin son dövrdə yeməkxananı bağlamışdi və heç yerdə işləmirdi”.

İlqar Kərimli qeyd edib ki, iyunun 29-da saat 23 radələrində atası ilə evlərindən təxminən 100 metr aralıda görüşüb: “Təxminən 5 dəqiqə atamla söhbət etdim, mənə cibxərcliyi də verdi. Atamın üzərində miqdarını bilmədiyim qədər ABŞ dolları da vardı. Bundan sonra anamla birlikdə yaşadığım evə getdik. İyunun 30-da, saat 2 radələrində atamın əmisi qızı Sevda məni zəng etdi. O, atamın öldürüldüyünü dedi.

Dərhal atamın yaşadığı ünvana gəldim. Sonradan bildim ki, atamı öldürən şəxs səhvə yol verib, başqa adamın əvəzinə atamı öldürüb. Evə daxil olduqdan sonra atama məxsus olan paltarların cibinə baxdım. Atamın pulqabısını şalvarının cibindən tapdım. Ancaq həmin pulqabı boş idi. Sərxan Süleymanovdan şikayətçiyəm”.

“Mənə “əgər fikri ciddidirsə, elçi göndərməyimi” dedi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Orxan Quliyev bildirib ki, anası Şəhla Mustafayevanın Göyçay rayonundan olan tanışı Leyla adlı qadın Ağdam rayonundan olan Təhməz adlı şəxslə ailə qurub, Ağdam rayonunda yaşayır: “Subay olduğumdan Leyla mənə Nargilə adında subay bir qızı tanıdığını yaşda məndən böyük olsa da, yaxşı qız olduğunu dedi. Bundan sonra Leyla Nargilənin telefon nömrəsini mənə verdi. 2016-cı ilin fevralında öz mobil telefonum ilə Nargilənin telefon nömrəsinə zəng etdim, onunla danışdım. Nargilə ilə ailə qurmaq istədiyimi söylədim. Nargilə ilə təxminən 1 ay telefonla əlaqə saxladım. Nargilə mənə “əgər fikrin ciddidirsə, elçi göndər” dedi”.

“Zəngimə cavab vermədi”

Orxan Quliyevin sözlərinə görə, 2016-cı ilin martın 11-də özünə məxsus “Lifan” markalı maşını ilə anası Şəhla Mustafayeva ilə birlikdə Ağdam rayonuna Leylagilə gediblər: “Saat 12 radələrində biz Leylagilə çatdıq. Oraya çatana qədər Nargilə ilə telefonla əlaqə saxlayaraq, Ağdama gəldiyimi dedim. Ağdama çatdıqdan sonra Nargiləyə zəng etsəm də, sonuncu zəngimə çatmadı.

Buna görə də anamla birlikdə Leylagilə getdim. Orada çay içdim, daha sonra isə Təhməzlə birgə həyətə çıxaraq, maşınının yanında dayandım. Maşının yanında durarkən bir nəfər oğlan bizə yaxınlaşdı. Sonradan həmin şəxsin Sərxan Süleymanov olduğunu bilmişəm. Sərxanla mübahisə etdim, mübahisə zamanı məni bıçaqla vurdu. Sonra Bərdə rayonunda xəstəxanada tibbi yardım aldım”.

“Qardaşının onu incitdiyini söylədi”

Orxan Quliyev qeyd edib ki, Sərxan tərəfindən bıçaqladıqdan sonra Nargilə ilə bir neçə dəfə telefonla əlaqə saxlayıb: “Nargilə mənə belə olmasını istəmədiyini dedi. Bundan sonra biz əlaqə saxlamadıq. Ancaq Nargilə anam Şəhla ilə telefonla əlaqə saxlayaraq, qardaşı Sərxanın onu hər gün incitdiyini deyib, onu evimizə gətirməyimizi xahiş etdi”.

Orxan Quliyevin sözlərinə görə, Ağdam rayonuna anası ilə birlikdə gedib, o, anasını Quzanlı xəstəxanasının qarşısında düşürəndən sonra polis şöbəsinin qarşısında Nargilə ilə görüşüb: “Nargilə qardaşı Sərxan tərəfindən hər gün döyüldüyünü, mənə görə incidildiyini, qardaşından bezdiyini, məni sevdiyini, mənimlə birlikdə Göyçaya getmək istədiyini söylədi. Bundan sonra Nargiləni Göyçaya öz evimizə gətirdim”.

“Sərxanın ünvanı səhv saldığını eşitdim”

Orxan Quliyevin ifadəsinə görə, iyunun 26-dən Nargilə ilə birlikdə yaşayıblar: “Həmin gün Nargilə evdən çıxaraq, işə getdi. Sonradan Nargilə evə qayıtmadı. Nargilə işdən evə gəlmədiyi üçün anamla birlikdə onun iş yerinə getdik. Nargilənin işə gəldiyini, lakin işlədiyi günlərin əmək haqqını alaraq getdiyini öyrəndik.

İyunun 30-da, səhər saatlarında isə Nargilənin qardaşı Sərxanın məni öldürmək üçün Göyçay rayonuna gəldiyini, lakin ünvanı səhv salaraq Heydər Əliyev prospekti, ev 24 ünvanına gedib, orada yaşayan Cəbrayıl Kərimov adlı şəxsi öldürdüyünü eşitdim”.

20 il cəza narazılıq yaratdı

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Süleymanov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sərxan Süleymanov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.

Həmçinin mərhum Cəbrayıl Kərimovun ailə üzvləri də apelyasiya şikayəti verib. Onlar Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, məhkəmə baxışına xitam verilməklə, işin ibtidai istintaqa qaytarılması, cinayət-prosessual qanunvericiliyin tələblərini pozmuş müstəntiq və prokuror barəsində xüsusi qərar çıxarılmasını apelyasiya instansiyası məhkəməsindən xahiş ediblər.

Onlar işin yenidən istintaqının aparılmasını, Sərxan Süleymanova əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə yeni ittiham verilməsini, cinayətin digər iştirakçılarının da müəyyən edilərək, həbs edilməsini tələb ediblər.

Tərəflərin şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin apelyasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm