Bakıda DƏHŞƏTLİ HADİSƏ: ərini öldürən qadın azadlığa buraxıldı
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ HADİSƏ: ərini öldürən qadın azadlığa buraxıldı

Bakıda həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Cəlilabad rayon sakini Nuridə Kərimovanın hökmündən prokurorluğun apelyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, istintaq orqanını gəldiyi nəticəyə görə, ötən il iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlir və ailəyə yaxşı baxmırmış.

İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və ona zərbələr endirib.

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı qız ana babasının evində olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Nuridə Kərimova barəsində bəraət hökmü çıxarıb. Seçilmiş həbs tədbiri ləğv edilib, qadın məhkəmə zalından azadlığa buraxılıb.

Bu hökmdən prokuror apelyasiya protesti verib. Prokurorun protesti bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan prosesdə araşdırılıb. Hakim heyəti prokurorun protestini təmin etməyib.

Bu qərardan prokuror kasasiya protesti verib.

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiya prokurorun Nuridə Kərimovanın cəzasının ağırlaşdırılması ilə bağlı kasasiya protesti təmin edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

Prokurorluğun protesti yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Bu dəfə Bakı Apelyasiya Məhkəməsində şikayətə hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim heyəti prokurorun apelyasiya protestinin qismən təmin edilməsi barədə qərar verib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Nuridə Kərimovanın ittiham olunduğu Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif edilib.

Yeni hökmə əsasən, Nuridə Kərimova 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin Nuridə Kərimova həmin müddəti istintaq təcridxanasında keçirdiyi üçün cəza çəkilmiş hesab edilib.

O, məhkəmə zalından sərbəst buraxılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm