İnsan alveri ilə məşğul olan 8 cinayətkar qrup zərərsizləşdirildi
Bizi izləyin

Hadisə

İnsan alveri ilə məşğul olan 8 cinayətkar qrup zərərsizləşdirildi

2017-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

“Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatında əks olunub.

Sənəddə qeyd olunub ki, qurbanların 68-i Azərbaycan Respublikası, 2-si Rusiya Federasiyası, 1-i Ukrayna vətəndaşı olub. Onlardan 43-u istismar məqsədi ilə Türkiyə Respublikasına, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiya Federasiyasına, 5-i Malayziya, 4-ü Pakistan İslam Respublikasına aparılıb, 2 əcnəbi Azərbaycanda istismara məruz qalıb.

İnsan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərində 28-nin istintaqı tamamlanaraq 33 şəxs (25-i qadın, 8-i kişi) məhkəmə məsuliyyətinə verilib.

Onlardan 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfəri şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilmiş, 1 nəfər barədə hökmün icrası təxirə salınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə axtarışa elan olunmuş 55 təqsirləndirilən şəxsdən 32-i və ya 58%-i tutulub, o cümlədən İNTERPOL-a üzv ölkələrin ərazisində 2 nəfərin yeri müəyyən edilib.

İnsan alveri qurbanlarının 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji, hüquqi yardımlarla əhatə olunub, hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Bütövlükdə, 68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə qeyri-hökumət təşkilatlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib, 21-i işlə təmin olunub, 6-sı peşə kursuna göndərilib, 55-i ailələrinə qaytarılıb.

Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 15 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 11-nin atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 9-na doğum haqqında şəhadətnamənin alınmasında köməklik göstərilib.

Qeyd edilən məqsədlərin həyata keçirilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən bütövlükdə 107 min manat vəsait xərclənib.

Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “Qaynar xətt” telefon xidmətinə daxil olan 9 minə yaxın müraciət araşdırılaraq hər biri üzrə qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib.

Məlumat sənədi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm