Oğru dünyasına aid mahnı sifariş verdi və əlində bakal qızla... - Bakı gecə klubunda ŞOK HADİSƏ
Bizi izləyin

Hadisə

Oğru dünyasına aid mahnı sifariş verdi və əlində bakal qızla... - Bakı gecə klubunda ŞOK HADİSƏ

Bakıda gecə klubunda qətl törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü paytaxt sakini Vüsal İbrahimovun cinayət işinə baxılıb.

Publika.az xəbər verir ki, Vüsal İbrahimov 16 yanvar 2017-ci ildə mühafizəçi işlədiyi paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 53 saylı ünvanda yerləşən “Abardaj” gecə klubunda qətl törədib.

Sərxoş gəncin musiqi sifarişi

Vüsal İbrahimov həmin gün gecə saat 23.50-də gecə klubuna müştəri kimi gəlmiş, əvvəllər tanımadığı Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Nurlan Atakişiyevin sərxoş vəziyyətdə əlinə pivə bakalı alaraq rəqs etməsini, habelə oğru aləminə aid sifariş etdiyi musiqinin səsləndirilməsini tələb etməsini görüb.

Lakin Nurlan Atakişiyevin tələbinə əməl olunmayıb və o, buna etirazını bildirib. Bununla da o, digər müştərilərin istirahətinə maneçilik törədən hərəkətlər edib. Nurlan Atakişiyevin bu hərəkətlərinə Vüsal İbrahimov iradını bildirib, onu nizam-intizama əməl etməyə çağırıb.

Oğru ailəmindən musiqi səslənməsinə etiraz

Bundan sonra Vüsal İbrahimov ondan ayrılaraq, gecə klubunun girişi istiqamətində gedib. Nurlan Atakişiyev isə onun arxası ilə gəlib, bir az əvvəl edilən iradlara aydınlıq gətirmək üçün Vüsal İbrahimovun klubdan çıxmasını istəyib.

Bu səbəbdən onların arasında təkrar mübahisə yaranıb. Vüsal İbrahimov vəzifəsinin icrası ilə bağlı Nurlan Atakişiyevi sakitləşdirməyə cəhd göstərib.

Qanlı dava və qətl

Nurlan Atakişiyev Vüsal İbrahimovun sözlərinə əhəmiyyət verməyib, onun ünvanına nalayiq ifadələr işlədib. Nurlanın bu hərəkətlərindən hiddətlənən Vüsal İbrahimov ondan qisas almaq qərarına gəlib.

Bu məqsədilə Vüsal İbrahimov üzərində gəzdirdiyi bıçaqla Nurlan Atakişiyevin sol boyun nahiyəsindən bir dəfə zərbə vurub. Nurlan aldığı zərbədən ölüb.

“Mənə “işinlə məşğul ol” cavabını verdi”

İstintaq orqanı tərəfindən Vüsal İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal İbrahimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, 2016-cı ilin dekabrından “Abardaj” gecə klubda mühafizəçi işləməyə başlayıb: “Yanvarın 16-da, saat 23-də gecə klubunda işdə olarkən bir nəfər müştərinin, sonradan adını bildiyim Nurlan əlində bakalla digər müştərilərlə birlikdə rəqs etdiyini gördüm. Ona iradımı bildirdim və əlində bakalla rəqs etmək qadağan olduğunu dedim. Bu zaman Nurlan mənə “işinlə məşğul ol” cavabını verdi”.

“Əlində bakal qadınla...

Vüsal İbrahimovun sözlərinə görə, Nurlan içkili oluduğundan heç bir söz demədən ondan uzaqlaşıb: “Bır qədər keçmiş Nurlan əlində bakal bir qadınla rəqs edərək, başqa qadına maneçilik törətdiyini gördüm. Təkrar ona yaxınlaşaraq, yenə də iradımı bildirdim. Nurlan mənə yenə “get işinlə məşğul ol” deyərək, cavab verdi. Nurlandan aralandıqda barmen mənə xırdalamaq üçün verdiyi əlli manatı götürdüm və klubdan həyətə çıxdım. Köşkdə pulu xırdalayandan sonra geri qayıtdım. Pulu barmenə verdikdən sonra Nurlan mənə yaxınlaşdı, bildirdiyim irada görə mənimlə mübahisə etdi, ünvanıma nalayiq söyüşlər söydü”.

“Beşbarmaqla boyunumdan zərbə endirdi”

Vüsal İbrahimov qeyd edib ki, Nurlandan söyüş söyməməsini istəyib: “Buna baxmayaraq, Nurlan həyətə çıxmağı, yenidən söhbət etməyi təklif etdi. Birlikdə klubun giriş qapısı istiqamətdə gedərkən Nurlan təkrar ünvanıma nalayiq söyüşlər etdi, beşbarmaqla sol boyun nahiyəmə zərbə endirdi. Nurlanın bu hərəkətindən sonra cibimdə saxladığım bıçağı çıxardım. Nurlanın əlindəki beşbarmağı yerə salmaq məqsədilə onun əlindən vurmaq istədim. Bu zaman Nurlan aşağı əyilərək ayaqlarımdan tutmaq istədikdə bıçaq onun sol boyun nahiyəsinə dəydi”.

“Adam bıçaqladığımı deyərək, təslim oldum”

Təqsirləndirilən şəxs deyib ki, bu zaman Nurlan Atakişiyev zərbənin təsirindən yerə yıxılıb: “Nurlanı bıçaqla vurarkən, yanımızda heç kim olmayıb. Gecə klubunda qaranlıq olduğundan Nurlanı bıçaqla vurmağımı kənardan da görən olmayıb. Dərhal klubun giriş qapısından çıxaraq, sol istiqamətdə hərəkət etdim, pilləkənlər bir neçə pillə qalxdıqdan sonra cinayətin predmeti olan bıçağı pilləkənlərdə atdım. Sonra tanımadığım taksi ilə yaşadığım Bakıxanov qəsəbəsindəki evimizə gəldim. Anam nə səbəbə evə tez gəldiyimi soruşdu. Ona heç bir söz demədim, atam isə həmin vaxt qonaq otağında uzanmışdı. Təxminən bir-iki dəqiqədən sonra qonşuluqda yaşayan bibim oğlunun yaşadığı evə getdim. Bibim oğlunun yatdığını dedi, sonra oradan çıxdım və yaşadığı evin yaxınlığındakı polis idarəsinə yollandım. Orada Qara Qarayev prospekti 53 saylı ünvandakı “Abardaj” gecə klubunda bir nəfər şəxsi bıçaqla vurduğumu deyərək, təslim oldum”.

“Oğlumda soyuq silah görməmişəm”

Cinayət işi üzrə zərərçəkmiş Nurlan Atakişiyevin hüquqi varisi, atası Azər Atakişiyev bildirib ki, mərhum oğlu Nurlan Tovuz rayonu Qovlar qəsəbəsində ustalıqla məşğul olub və ailəsini dolandırıb, xasiyyətcə sakit, heç kimlə ədavəti, düşmənçəliyi və dava-dalaşı olmayıb: “2016-cı ilin dekabrının əvvəlində Nurlan işləmək üçün Bakı şəhərinə yollanıb. 17 yanvar 2017-ci ildə, saat 02 radələrində Qovlar qəsəbəsində yaşadığı evində olarkən, qardaşım mənə zəng etdi, Nurlanın bıçaqlanması barədə həkimin məlumat verdiyini və arvadı Ceyranla birlikdə “Azərsutikinti” xəstəxanasına getdiklərini bildirdi. Bundan sonra arvadımla birlikdə Bakı şəhərinə gəldik, qardaşım ilə əlaqə saxladıq. Qardaşım bildirdi ki, Nurlan yanvarın 16-da, saat 00-da Nizami rayonu Qara Qarayev prospekti 53 saylı ünvandakı “Abardaj” gecə klubunda Vüsal adlı şəxs tərəfindən boynundan bıçaqlanıb və artıq Mirqasımov adına xəstəxanaya aparılıb. Yanvarın 21-də oğlum aldığı xəsarətdən xəstəxanada ölüb. Oğlumun üzərində heç vaxt beşbarmaq və ya digər soyuq silah görməmişəm”.

10 il 6 ay cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal İbrahimov 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs və vəkili apelyasiya şikayəti verib.

O, barəsində olan hökmün dəyişdirilməsini, barəsində ədalətli qərar qəbul edilməsini istəyib. Onun şikayəti araşdırlması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İlqar Murquzovun sədrliyi ilə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakimlər kollegiyasının qərarına əsasən Vüsal İbrahimovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Vüsal İbrahimov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Gülzar Rzayevanın icraatına verilib.

Kasasiya şikayəti üzrə ilkin baxış iclası mayın 15-nə təyin edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm