Bir ailənin dəhşəti: Ər öldü, arvadı öldürüldü - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Bir ailənin dəhşəti: Ər öldü, arvadı öldürüldü - TƏFƏRRÜAT

Hacıqabul şəhər sakini, 1976-cı il təvəllüdlü Elbrus Məmmədov qardaşının həyat yoldaşı, 1977-ci ildə anadan olmuş Mahirə Məmmədovanı qısqanclıq zəminində öldürüb.

Mahirə Məmmədovanın həyat yoldaşı bir neçə il əvvəl xəstəlikdən dünyasını dəyişib. Bundan sonra qadın iki övladı ilə ərinin Şirvan şəhərində yaşayan evində yaşamağa davam edib. Elbrus Məmmədov mərhum qardaşının arvadının əxlaqsızlıq etməsi qənaətinə gəlib.

Qısqanclıq

O, 2014-cü il aprelin 24-də qardaşı arvadını və onun iki azyaşlı övladı Gülnarə və İlkin Məmmədovları yaşadıqları Hacıqabul şəhərinə gətirib.

Elbrus həmin günü axşam saat 20.00-dək Hacıqabul şəhərində taksi fəaliyyəti ilə məşğul olub və axşam evə gəlib. O, qardaşı arvadının mətbəxdə küçədə istintaqa məlum olmayan bir kişi ilə danışdığını görüb. Qardaşı arvadını əxlaqsızlıq kimi qiymətləndirib.

Qətl

Mahirə Məmmədova ilə söhbət edən şəxs Elbrusu görər-görməz qaçıb. Elbrus Mahirə Məmmədovadan qisas almaq üçün onu öldürmək qərarına gəlib. O, üzərində gəzdirdiyi bıçaqla qadının döş qəfəsinə ardıcıl iki zərbə vurub və onu qətlə yetirib.

9 il cəza

Elbrus Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Natiq Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Elbrus Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

“Cəza həddindən artıq ağırdır”

Məhkəmənin hökmündən narazı qalan Elbrus Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Elbrus Məmmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Elbrus Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Əməlindən səmimi peşmançılığını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirən Elbrus Məmmədov cəzasının azaldılmasını məhkəmədən xahiş edib.

“Mahirəni əxlaqsızlıq etdiyi üçün öldürmüşəm”

Elbrus Məmmədov qardaşı arvadını namus üstündə öldürdüyü açıqlayıb: “Mahirənin başqa kişilərlə münasibətdə olmasından, əxlaqsızlıq hərəkətlər etməsindən şübhələnmişəm. Bu məqsədlə onu və uşaqlarını öz yaşadığım evə gətirdim ki, onun hərəkətlərinə nəzarət edim. Bizim evdə olmasına baxmayaraq, Mahirə yenə də əxlaqsızlıq etməyə başlayıb, başqa kişilərlə əlaqə qurmağa cəhd göstərib. Buna görə də onu öldürmüşəm”.

Zərərçəkmiş anasını öldürən əmisini bağışladı

Zərərçəkmiş şəxsin hüquqi varisi İlkin Məmmədov bildirib ki, atası vəfat etdikdən sonra o, bacısı Gülnarə və anası əmisi Elbrus Məmmədovun himayəsində yaşayıblar: “Əmim bizə hər cur maddi və mənəvi köməklik edib. Əmim mənim təhsil haqqımı ödəyib. Hətta Şirvan şəhərində bizə iki otaqlı ev alıb və bütün problemlərimi həll edib. Əmim Elbrus Məmmədova ağır cəzanın təyin olunması bizim ailə şəraitinə də ağır təsir göstərib. Faktiki hər hansı maddi təminatdan məhrum olmuşuq”.

İlkin Məmmədov onların ağır vəziyyətlərini nəzərə alaraq əmisinin apelyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, Elbrus Məmmədovun cəzasının yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş edib.

Dövlət ittihamçısı Ədalət Əzimov apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Bundan sonra hakimlər apelyasiya şikayəti üzrə qərarı açıqlayıb. Qərara görə, Elbrus Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm