40 gündə 43 şəhid
Bizi izləyin

Hadisə

40 gündə 43 şəhid

Türkiyə 40 gün ərzində 43 şəhid verib. Türk polisi isə ölkənin dörd bir yanında törədilən terror aktlarını anti-terror əməliyyatları ilə susdurmağa çalışır.

Türkiyədə gərginlik davam edir. Hər ötən gün ölüm xəbərləri artmaqdadır. Türkiyədə PKK silahlılarına qarşı keçirilən əməliyyatlar fonunda həftə sonuda da hadisələr səngiməyib.

Ağrı vilayətində bir qədər əvvəl müvəqqəti olaraq qadağan olunmuş bölgə elan edilən Təndürək dağı ətəyində PKK silahlılarına qarşı əməliyyatlar keçirilib.

Hərbi qüvvələr dağın ətəyində gizlənən üç silahlını zərərsizləşdirməyə çalışıblar. Eyni zamanda, helikopterlər əməliyyatçılara dəstək olub.

Bir qədər əvvəl sözügedən silahlıların bölgədə zorakılıq törətdiyi, mülki şəxslərə məxsus avtomobilləri yolda dayandıraraq yandırdıqlarına dair polisə şikayətlər daxil olmuşdu.

Hakkari vilayətində isə polis yolu kəsən PKK silahlılarına qarşı müdaxilə etməyə çalışarkən hücuma məruz qalıb.

Silahlılar raketlə polis avtomobilinə hücum ediblər. Nəticədə iki polis əməkdaşı yaralanıb.

Hadisə ilə bağlı hərbi qüvvələr bölgədə irimiqyaslı əməliyyatlara başlayıblar.

İqdır vilayətində də hərbiçilər PKK silahlıların hücumuna məruz qalıblar. Tərəflər arasında yaranmış qarşıdurmada iki əsgər yaralanıb.

Diyarbəkir vilayətində PKK silahlıları səs bombaları ilə həbsxanaya hücum ediblər. Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Hücum edən şəxslər bir qədər sonra bölgəni qaçaraq tərk ediblər. Hücum zamanı insan itkisi olmayıb.

Eyni zamanda, hakim Ədalət və İnkişaf Partiyasının binası hücuma məruz qalıb. Naməlum silahlı şəxslər binanın qarşısında təhlükəsizliyə nəzarət edən polisin üzərinə səs bombası atıblar. Partlayış nəticəsində polislərdən biri ayağından yaralanıb.

Oxşar zorakılıqlar Hatay, Bitlis və Tuncelidə də qeydə alınıb.

Türkiyədə bu gün növbəti terror hadisəsi baş verib. Məlumata görə, PKK təşkilatı Qars vilayətinin Kağızman və Digor qəsəbələri arasındakı ərazidə terror aktı törədib.

Terrorçuların yola döşədiyi minanın partlaması nəticəsində bir əsgər şəhid olub, biri isə ağır yaralanıb.

Məlumata görə, hadisədən sonra ərazidə həyata keçirilmiş əməliyyat nəticəsində biri qadın olmaqla üç terrorçu da məhv edilib.

Bölgədə aviasiyanın da dəstəyi ilə əməliyyatlar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm