Bakı polisi və şəhər prokurorluğu qətllə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Bakı polisi və şəhər prokurorluğu qətllə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ötən gün paytaxtda baş vermiş qətllə bağlı birgə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimov güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olub və orada ölüb.

Qeyd edilən tarixdə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində qabaqcadan razılaşdırılmaqla paytaxtın Nizami rayonu ərazisində təyin etdiyi görüş zamanı üstündə gəzdirdiyi “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib. Hadisə yerindən özünə məxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olub və cinayətin aləti “Makarov” markalı tapançanı təhvil verib.

R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm