Quba və Qusarda təbii fəlakət – evləri su basdı – VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Quba və Qusarda təbii fəlakət – evləri su basdı – VİDEO (YENİLƏNİB)

Ötən gün günorta saatlarından başlayaraq yağan yağış və güclü külək şimal zonasında dağıntılar törədib. Rayonun bəzi kəndlərində evləri su basıb, əksər evlər uzun müddət işıqsız qalıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidovun Publika.az-a verdiyi məlumata görə, hazırda dəyən ziyan və küləyin fəsadları aradan qaldırılır:

“Dünən saat 16:00-dan başlayaraq yağan leysan rayonda bəzi fəsadlar törədib. Amma rayona ciddi ziyan dəyməyib. Bəzi evlərin hasarlarını su aparıb. Təbii fəlakət nəticəsində Qubanın Alpan, Dağlıq və İspık kəndlərində bəzi evləri su basıb”.

Rayon Fövqəladə Hallar Komissiyası əməkdaşlarının ərazidə olduğunu deyən Y. Abidovun sözlərinə görə, təbii fəlakətdən əziyyət çəkən əhaliyə köməklik göstərilib. Hazırda isə rayona dəyən ziyan hesablanır.

Təbii fəlakətin fəsadlarının aradan qaldırıldığını deyən Y. Abidovun sözlərinə görə, leysan və külək nəticəsində rayona gələn elektrik xətləri qırıldığından Quba rayonuna gələn elektrik enerjisi 7-8 saat kəsilib.

Güclü sel nəticəsində Quba rayonunda da 35 evə su dolub. Rayonun Tülər kəndindəki körpü uçub.

Şimal bölgəsinə yağan güclü yağış Qusar rayonuna daha çox ziyan vurub. Yağış nəticəsində yaranan sel suları ümumilikdə 60-a yaxın evə dolub, 4 ev isə tamamilə yararsız vəziyyətə düşüb. Rayonun 10-dan artıq küçəsini sel suları yuyub.

Publika.az Region TV-yə istinadən xəvbər verir ki, şəhərin Əzizbəyov küçəsində yerləşən Xanlar Abdurrəhmanov və Fatma Abdulkərimovaya məxsus evlər yağış sularının yaratdığı selin qurbanı olub. Sel nəticəsində rayonun Çiləgir kəndində də bir ev dağIlıb. Ev sahibi 82 yaşlı Beykəz Məmmədov xəsarət alıb. Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti stabildir. Hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və müvafiq texnikası cəlb olunub.

Qusar Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun verdiyi məlumata görə, artıq evlər sel sulardan təmizlənib. Dağılan 4 evdən 2-də yaşayış olmayıb. Digər iki evin sakinləri isə təhlükəsiz əraziyə köçürülüb. Dünən gecə saatlarından bağlı qalan yollar isə artıq açılıb.

Hər iki rayona dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm