• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sumqayıtda 10 manata görə qətl –TƏFƏRRÜAT

  • Hadisə
  • 19 Sentyabr 2015 02:34
  • 830 Baxış
Sumqayıtda 10 manata görə qətl –TƏFƏRRÜAT

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Xəlilov pul üstündə Laçın rayon sakini, 1990-cı il təvəllüdlü Toğrul Astanovu qətlə yetirib.

Publika.az xəbər verir ki, ötən il dekabrın 8-nə keçən gecə, saat 01.30 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsindəki 2 saylı yataqxananın arxasında Laçın rayon sakini, 1990-cı il təvəllüdlü Toğrul Astanovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edildiyindən Toğrul Astanovun qətlə yetirildiyi üzə çıxıb. Həmin gecə cinayəti törədən Vüsal Xəlilov könüllü olaraq 3-cü polis bölməsinə gələrək təslim olub.

10 manat üstündə mübahisə

Məlum olub ki, dekabrın 7-si axşam saat 23 radələrində məhəllədə fəaliyyət göstərən çayxanada Vüsalla Toğrul arasında 10 manata görə mübahisə yaranıb. Vüsal Xəlilov bir müddət əvvəl Toğrul Astanova borc verib və həmin gecə pulunu geri istəyib. Sonuncu borcunu qaytardığını iddia edib. O, Toğrula münasibətlərinə aydınlıq gətirməyi təklif edib və birlikdə avtomobil yollarının arasında yerləşən xiyabana gəliblər. Orada Vüsal Xəlilov qəflətən Toğrul Astanovun sol döş nahiyəsinə bıçaqla bir zərbə endirərək onu qətlə yetirib.

13 il cəza

Vüsal Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Xəlilov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vüsal Xəlilov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Apelyasiya instansiyasında işə hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada baxılıb.

“Toğrul çox pis söyüş söydü”

Məhkəmə prosesində ifadə verən Vüsal Xəlilov elan olunan ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində həmin axşam içkili olduğundan baş verənlərin təfərrüatı ilə yadında qalmadığını qeyd edib: “Toğrul Astanov məndən aldığı 10 manatı qaytardığını boynuma qoymaq istədi. Ona pulu qaytarmadığını söyləyəndə Toğrul çox pis söyüş söydü. Məndən fiziki cəhətdən güclü olduğu üçün ona cavab vermədim və uşaqların yanında çox pərt oldum”.

“Polisə təslim oldum”

Vüsal Xəlilovun sözlərinə görə, Toğrul Astanov əl-qol ataraq ona xəsarətlər yetirib. Əsəbiləşib evə gedən Vüsal anasının yatdığından istifadə edərək evdən bıçaq götürərək geri dönüb: “Toğrulla yataqxananın arxasına çəkilib mübahisə etdik. Ondan başqa uşaqların yanında təhqirlərə yol verməməsini xahiş etdim. Cavabında Toğrul yenə də söyüş söydü. Onun bu sözlərini götürə bilmədim. Gödəkcəmin altından çıxardığım bıçaqla Toğrulun ürəyinə zərbə endirdim və bıçağı ora tullayaraq könüllü təslim oldum”.

Zərərçəkən Cəmşid Astanov bildirib ki, dekabrın 7-də, gecə 2 radələrində ona zəng edərək Toğrulun “Emil” marketin qarşısında bıçaqlandığını dedilər: “Dərhal ora gəldim. Hadisə yerində təcili yardım işçilərini gördüm və sinəsindən yaralanan qardaşımı həkimlərlə birlikdə xəstəxanaya çatdırdıq. Növbətçi həkim qardaşımın artıq keçindiyini bildirdi”.

Hakim heyəti tərəfləri dinləyəndən sonra qərarı elan edib. Qərara görə, Vüsal Xəlilovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 10 il 6 aya endirilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR