“Dedi ki, Çiçəyin arxasınca gəlir” – Bir cinayətin TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

“Dedi ki, Çiçəyin arxasınca gəlir” – Bir cinayətin TƏFƏRRÜATI

Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Cavidan Məmmədov Sumqayıt şəhər sakini Seyfəddin Babayevi bıçaqlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə 22 yanvar 2014-cü ildə baş verib.

Həmin gün saat 07:40 radələrində Cavidan Məmmədov Sumqayıt şəhəri, Sumqayıt qəsəbəsinin ərazisində Seyfəddin Babayevlə mübahisə edib. Seyfəddin Cavidan Məmmədovun sevdiyi qızın dayısı olub. Mübahisə zamanı Cavidan Məmmədov Seyfəddin Babayevi bıçaqlayıb.

Cavidan Məmmədov Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham edilib. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Cavidan Məmmədov 1 il 11 ay 27 gün islah işləri cəzasına məhkum olunub.

“Bir neçə dəfə görüşmüşük”

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Cavidan Məmmədovun həbs edilməsini istəyib. İş araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protesti hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cavidan Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Çiçək Əmrahova ilə təxminən 2013-cü ilin dekabr ayının əvvəllərində telefonla internet tanışlıq səhifəsində olarkən tanış olub və tədricən onunla əlaqə saxlayıb: “2013-cü ilin dekabr ayının axırlarında biz Sumqayıt qəsəbəsi ərazisində yerləşən məktəbin qarşısında bir neçə dəfə görüşmüşük. Bu görüşlərdən sonra Çiçəyə qarşı olan hisslərim ciddiləşib”.

“Bacısının nə üçün məktəbə gəlmədiyini soruşdum”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Çiçəklə görüşmək üçün onun oxuduğu Sumqayıt qəsəbəsində yerləşən 43 saylı məktəbə gedib: “2014-cü ilin yanvar ayının ortalarında artıq sevdiyim qız Əmrahova Çiçəklə aramızda soyuq münasibət yaranıb. Ona görə də yanvarın 22-də, təxminən saat 07:30 radələrində Çiçəyin yaşadığı Sumqayıt qəsəbəsindəki evə tərəf getdim. Oraya getməkdə məqsədim Çiçəklə aramızda olan münasibəti qaydaya salmaq olub. Çiçəyin məktəbə getdiyi vaxtı bildiyimdən onu evlərinin yaxınlığında gözlədim. Lakin həmin vaxt Çiçək gəlmədi. Bundan sonra Çiçəyin gəlməyəcəyini görərək yolun kənarına gəldim ki, 10 nömrəli marşrut üzrə hərəkət edən mikroavtobusla Sumqayıt şəhərinə gedim. Uzaqdan Çiçəyin qardaşı Elşənin gəldiyini gördüm. Ona yaxınlaşaraq bacısı Çiçəyin harada olmasını və məktəbə nə üçün gəlməməsini soruşdum. Elşən atasının bacısı Çiçəyə məktəbə getməyə icazə vermədiyini söylədi”.

“İfadə edə bilmədiyim sözlərlə dayanmamı tələb etdi”

Cavidan Məmmədov bildirib ki, bundan sonra cibində olan telefon qulaqcığını çıxarıb və qulağına taxaraq avtobusu gözləməyə başlayıb: “Təxminən 10 dəqiqə sonra kiminsə məni çağırmasını eşitdim və arxaya çevrilərək baxdım. Bu zaman uzaqdan Çiçəyin azyaşlı qardaşının və yanında bir nəfər tanımadığı şəxsin gəldiyini gördüm. Buna görə də oradan uzaqlaşmağa başladım. Elşənin yanında olan bir nəfər tanımadığım şəxs mənə çataraq qolumdan tutdu. Həmin vaxt həyəcanlandım və qaçmağa başladım. Onlar da mənim arxamca qaçdı. Qaçan zaman Elşənin yanında olan şəxs ifadə edə bilmədiyim sözlərlə dayanmamı tələb etdi. Nalayiq sözləri eşitdiyim, eyni zamanda təngənəfəs olduğumdan dayandım. Həmin şəxsə ünvanıma nalayiq söz deməməsini söylədim. Lakin o, nalayiq sözlər deyərək mənə yaxınlaşdı. Üzərimdə saxladığım bıçağı çıxardım və həmin şəxsə tərəf tutdum. Bıçağı çıxarmağıma baxmayaraq, adının Seyfəddin olduğunu sonradan öyrəndiyim şəxs üzərimə gəldi. Həyəcanlandım və istəmədən bıçağı ona tərəf atdım. Həmin bıçaq Seyfəddinin sol qoluna dəydi. Vəziyyəti belə görərək qaçdım. Lakin Elşən və onun dayısı Seyfəddin arxamca gəldilər. Həmin vaxt kimsə arxadan üstümə ağac tulladı. Ağac mənə dəydiyi üçün yerə yıxıldım. Bundan sonra ora polis əməkdaşları gəldilər. Sübh tezdən olduğundan orada heç kim yox idi. Heç bir ictimai qayda pozulmayıb”.

“Barışmaq üçün məndən üç min manat tələb edib”

O, ifadəsində qeyd edib ki, törətdiyi əməlindən peşmandır, baş verənlərə görə təəssüflənir və zərərçəkmiş şəxsdən üzr istəyir: “Dəfələrlə zərərçəkən şəxsin qapısına gedərək barışmaq istəmişəm. Lakin cəhdlərimə baxmayaraq, zərərçəkən şəxs mənimlə barışmayıb. Zərərçəkmiş şəxs xəstəxanada olarkən müalicəsi üçün ona 500 manat vermişəm, işə məhkəmədə baxıldığı ərəfədə isə əlavə olaraq yenə də 500 manat təklif etmişəm. Lakin zərərçəkən şəxs barışmaq üçün məndən üç min manat tələb edib. Mənim isə maddi imkanım olmadığından həmin məbləği verə bilməmişəm”.

“Dedi ki, bu oğlan Çiçəyin arxasınca gəlir”

Zərərçəkmiş şəxs qismində dindirilən Seyfəddin Babayevin sözlərinə görə, Cavidan Məmmədovu əvvəllər tanımayıb: “Bacım oğlu Elşən Əmrahov yanvarın 22-də yaşadığı evə çox həyəcanlı vəziyyətdə gəldi. Elşəndən nə olduğunu soruşdum. Elşən həyəcanlı vəziyyətdə bildirdi ki, bacım Çiçəyin arxası ilə gələn bir nəfər oğlan anamı, yəni bacım Rəhiləni bıçaqla hədələyib. Həmin vaxt ayaqqabılarımı geyinərək küçəyə qaçdım. Küçəyə çıxdıqda bir nəfər tanımadığım şəxs məni gördükdən sonra papağını başına geyinərək getdi. Elşən bildirdi ki, bu oğlan Çiçəyin arxasınca gəlir. Dərhal onun arxası ilə qaçmağa başladım. Arxadan qaçaraq bir neçə dəfə ona səsləndim ki, dayan, lakin həmin şəxs dayanmadı”.

“Nə üçün bacım və bacım qızını narahat etməsini öyrənmək istədim”

Zərərçəkmişin ifadəsinə görə, həmin oğlanın dayanmadığını görərək onu nalayiq ifadələrlə səsləyib və dayanmasını tələb edib: “Adının sonradan Cavidan olduğunu öyrəndiyim şəxs bundan sonra dayandı və üzünü mənə tərəf çevirdi. Həmin şəxsdən kim olduğunu, nə üçün bacım və bacım qızını narahat etməsini soruşdum. Cavidan adlı şəxs bildirdi ki, sənin bacını və bacın qızını tanımıram, buraya dostumgilə gəlmişəm. Cavidana dedim ki, əgər dostungilə gəlmisənsə, bəs onda niyə onları narahat edirsən. Onun qolundan tutaraq məsələni aydınlaşdırmaq istədim. Bundan sonra Cavidan hər şeyi etiraf edərək bacım qızı Çiçəyi istədiyini və onun üçün gəldiyini bildirdi. Cavidana narahat olmamasını, evə gedərək orada söhbət etməyi təklif etdim. Cavidan razılaşdı və birlikdə bacımgilə tərəf getdik. Bir neçə metr getdikdən sonra Cavidan dayandı, əlini cibinə ataraq bıçaq çıxardı və məni qorxutmağa başladı”.

“Cavidan məndən əl çəkmədi”

O, ifadəsinin sonunda məlum hadisənin baş verməsini danışıb. Onun ifadəsinin həmin hissəsi təqsirləndirilən şəxsin ifadəsi ilə eyni məzmunludur.

Şahid qismində dindirilən Çiçək Əmrahovanın sözlərinə görə, 2013-cü ilin dekabr ayında mobil telefonla internetdə olan zaman musiqi yükləmək məqsədi ilə adı yadında olmayan sayta daxil olub: “Saytda olan zaman təsadüfən oradan qeydiyyatdan keçdim. Telefon anamın olub. Bundan anamın xəbəri olmadan məsələni tezliklə həll etmək üçün saytın adminlərindən birinə zəng etdim. Nömrəyə cavan oğlan cavab verdi. Onunla danışan zaman bildirdim ki, nömrəm saytda təsadüfən qeydiyyatdan keçib, xahiş etdim ki, kömək etsinlər, qeydiyyatdan çıxım. Bir az danışdıqdan sonra adını Cavidan olaraq bildiyim şəxs səsimdən xoşu gəldiyini və mənimlə tanış olmaq istədiyini bildirdi. Cavidanın təklifini rədd etdim və ona başqa məsələ üçün zəng etdiyimi söylədim. Lakin Cavidan məndən əl çəkmədi. Mən isə bundan çox narahat oldum”.

Çiçək Əmrahova bildirib ki, bir gün məktəbdən çıxan zaman Cavidanla məktəbin yaxınlığında görüşüb: “Cavidana arxamca gəlməməsini və ailəmin bundan xəbər tutacağını bildirdim. Cavidan isə hər dəfəsində mənimlə birlikdə Sumqayıt şəhərinə getməyini istəyib. Yanvarın 22-də, təxminən saat 08:00 radələrində qardaşım Elşən məktəbə gedən zaman Cavidanı küçədə görüb. Həmin vaxt Cavidan qardaşım Elşəndən mənim evdə olub-olmamağımı soruşub. Qardaşım "yox" cavabı verdikdən sonra Cavidan oradan uzaqlaşıb. Qardaşım Elşən isə qaçaraq məsələni dayım Seyfəddinə deyib. Dayım tələsik evdən çıxıb və qardaşışımla birlikdə Cavidanın arxasınca gedib”.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya protestinin təmin edilməməsi və Sumqayıt şəhər Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm