Bakıda 8 sürücü həbs edildi - Paytaxt polisi avtoxuliqanlara qənim kəsilib
Bizi izləyin

Hadisə

Bakıda 8 sürücü həbs edildi - Paytaxt polisi avtoxuliqanlara qənim kəsilib

Bakıda 8 sürücü həbs edilib.

Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, sürücülər paytaxtda polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaratdığına, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunub. Onlardan 3 nəfər polisin qanuni saxlama əmrinə tabe olmadığına, 5 nəfər avtoxuliqanlığa və avtomobili sərxoş idarə etdiyinə görə təqsirli bilinib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt yollarında müəyyən olunaraq, saxlanılan 8 nəfərə 10 gündən 40 günə qədər müddətlərdə inzibati həbs cəzası verilib.

Məlumatda qeyd olunur ki, həbs olunan sürücülər arasında sosial şəbəkələrdə gənc sürücüləri paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq etməyə çağıran sürücülər də var. Sosial şəbəkələrdə yayılan məlumatlardan həvəslənən Bakı şəhər sakini, 24 yaşlı Orxan Paşayev idarə etdiyi “Seat” markalı maşınla bu çağırışlara qoşularaq, Səbail rayonu ərazisində avtoxuliqanlıq əməlləri törətdiyi üçün yol polisi tərəfindən saxlanılıb.

İnzibati qaydada həbs edilənlər arasında avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxslərə də rast gəlinib. Onlardan biri – Qəbələ şəhər sakini, 36 yaşlı Rahim Kərimov bildirib ki, neçə ildir avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. O, sənədləri olmadığına görə yol polisinin qanuni “saxla” əmrinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədib.

Sərxoş vəziyyətdə idarə etdiyi “Moskviç” markalı avtomobillə sərxoş vəziyyətdə qəza törədən 3 uşaq atası 25 yaşlı Sabunçu rayon sakini Anar Bağırov da məhkəmənin çıxardığı müvafiq qərara əsasən həbs edilib.

Qeyd edək ki, 2015-ci ilin ilk 9 ayı ərzində avtoxuliqanlıq və yol polisinin qanuni saxlama əmrinə əməl etmədiyinə görə 522 sürücü müvafiq rayon məhkəmələrin qərarları ilə inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm