“Məni xəbərdar etdi ki, qızın qohumları səni vuracaq”
Bizi izləyin

Hadisə

“Məni xəbərdar etdi ki, qızın qohumları səni vuracaq”

Sumqayıt şəhərində qız üstündə yaranan mübahisə zəminində 1973-cü il təvəllüdlü Arif Məmmədov Razim Ağayevi bıçaqlayıb.

Publika.az xəbər verir ki, hadisə 8 iyun 2013-cü il tarixində, saat 22.00-da Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivindəki küçədə baş verib.

Arif Məmmədov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Arif Məmmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İşə hakim İlham Həsənovun sədrlik etdiyi kollegiyada baxılıb.

“İkimiz də içkili idik”

Arif Məmmədov bildirib ki, iyunun 8-də baş verən hadisədən 10 dəqiqə əvvəl evlərində təmir işləri aparan şəxslərlə araq içiblər: “İş yoldaşlarımı yola salandan sonra Vüqar Adıgözəlov mobil telefonuma zəng vurdu. Bir müddət əvvəl onun evini tikmişdim, lakin hamamının nəfəsliyini qoymaq yadımdan çıxmışdı. Əlimdə başqa iş olduğundan Vüqargilə gedə bilmədim. Hadisə günü Vüqar Adıgözəlov zəng vuraraq “Nahidin marketi”nin qarşısına gəlməyimi istədi. Amma həmin şəxslər hansı məqsədlə gəldiklərini bildirmədilər. Həmin yerə getdim. Orada Razim Ağayevi gördüm. Mən də, Razim də içkili idik. Onun əlində pivə butulkası var idi”.

“Sən kimsən, burada küçədən keçən qadınlara söz atırsan”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Razim Ağayevi hadisədən 5-10 gün əvvəl tanıyıb: “Razim ilə qonşu olmuşuq. Məhəlləyə təzə köçüb. Vüqar Adıgözəlov isə tanışlığım var idi. “Nahid marketi”nə yaxınlaşar-yaxınlaşmaz Razim Ağayev məni söydü. Aramızda mübahisə başladı. Sonradan öyrəndiyimə görə, Vüqar Adıgözəlov hadisədən əvvəl Razim Ağayevə deyib ki, Arif sizin məhəllədə yaşayan qadınlara söz atır, siz hara baxırsız? Hadisə vaxtı Razim Ağayev bildirdi ki, sən kimsən burada qadınlara söz atırsan? Ona dedim ki, bu küçənin qeyrətini çəkmək sizə qalıb?”

“Pivə butulkasını başıma vurdu”

Arif Məmmədovun ifadəsinə görə, bu zaman Razim Ağayev onu itələyib: ”Mən yerə yıxıldım. Aramızda əlbəyaxa dava başladı. Mağazanı işlədən Nahid bizi ayırdı. Razim Ağayev yenidən üstümə gələrək pivə butulkasını başıma vurdu. Özümü qorumaq məqsədilə onu bıçaqla vurdum, Razim Ağayev yerə yıxıldı. Arvadım hadisə yerinə gəldi, birlikdə evə qayıtdıq. 10-15 dəqiqə sonra polis əməkdaşları yaşadığım evə gəlib məni polis idarəsinə apardılar”.

“Qızın qohumu olduğunu aydınlaşdıra bilmədim”

Arif Məmmədov məhkəmədə səsləndirdiyi ifadəsindən fərqli olaraq istintaqa verdiyi ifadəsində 5 iyun 2013-cü il tarixində Ceyranbatan bağlar massivi ilə işdən evə gələrkən yolun kənarı ilə gedən qadına baxdığını, lakin heç bir söz demədiyini qeyd edib: “Hadisədən əvvəl Vüqar Adıgözəlov zəng vuraraq 5-6 nəfərin arxamca gəldiyini deyəndə başa düşdüm ki, həmin şəxslər rastlaşdığım qadınla bağlı gəliblər. Mənim söz atdığım deyilən qadın Vüqar Adıgözəlovun mağazasında işləyib. Qadın Vüqar Adıgözəlova şikayətlənib ki, Arif mənə baxır. Hadisədən əvvəl Vüqar Adıgözəlov bir neçə dəfə mənə zəng vuraraq xəbərdar edib ki, qızın qohumları səni vuracaq”.

Arif Məmmədov daha sonra ifadəsində bildirib ki, Razimlə mübahisə edib və bıçaqlanma hadisəsini törədib.

Apelyasiya instansiyasında işi araşdıran hakim heyəti Arif Məmmədovun apelyasiya şikayətini qismən təmin edib. Məhkəmənin qərarına görə, Arif Məmmədovun əməli Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsüf edilib. Onun cəzası 4 ilə endirilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm