Yuxuda zorlandığını iddia edən qadınlardan biri öldü
Bizi izləyin

Hadisə

Yuxuda zorlandığını iddia edən qadınlardan biri öldü

Bir neçə gün əvvəl sığınacağa yuxuda bədənlərinə ruh girdiyi, naməlum qüvvələr tərəfindən təcavüzə məruz qaldıqları şikayəti ilə müraciət edən qadınların psixoloji problemləri olduğu müəyyən edilib.

Bu barədə Publika.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin əməkdaşı Yaqut Məmmədyarova deyib.

“Müraciət edən qadınların hamısının psixoloji problemləri olub. Qadınlardan biri müqəddəslərlə, ruhlarla əlaqəsinin olduğunu deyirdi. Digəri künclərə baxıb ruhlarla danışır, guya ruhlar ona nə etməli olduğunu deyir, digəri isə ruhları gördüyünü iddia edirdi. Onların üçü də “seçilmişlərdən” olduqlarını bəyan edir, amma psixoloji problemlərinin olduqlarını qəbul etmirdilər”.

Y.Məmmədyarova bildirib ki, həmin qadınlardan biri dünyasını dəyişib:

“Bildiyimiz qədəri ilə onun başqa xəstəlikləri var idi. Bizim psixoloq onlarla məşğul olanda həmin xanımların psixoloji problemlərinin olduğunu müəyyən etdi. Heç birinin əlaqə nömrəsini götürmədik. Bizim təşkilat belə insanlarla işləmir”.

Yaqut xanım onu da bildirdi ki, müxtəlif vaxtlarda sığınacağa ruh gördüyünü iddia edən qadınlar müraciət edir.

“Onlarda psixoloji problemlərin olduğunu anlayanda sığınacaqda qalmasına razı olmuruq. Çünki bu, digər sığınacaq sakinlərinin həyatını təhlükəyə atmaq deməkdir. Məsələn, bir neçə ildir tanıdığımız bir qadın var. İllər əvvəl vəzifəli həyat yoldaşı rəhmətə gedəndən sonra əsəbləri pozulub. Himayəsində olan iki oğluna baxa bilməyib, yoldaşının qohumları onu psixoloji xəstəxanaya yerləşdirib. Qadın 11 il orda qalıb. Oğlanlarından birinin toyu ərəfəsində öz istəkləri ilə oradan çıxarılıb. Toydan sonra gəlinlə pis davranıb, doğru qadın seçmədiyini deyib, evdəkilərlə dava salıb. Bu problemlərdən sonra o qadın sığınacağa müraciət etmişdi. Bir gecə sığınacaqda qaldı. Gecə burada qalan qızların üzərinə bıçaqla hücum etmişdi, onların ruh, ölü olduqlarını demişdi. Heç kimə zərər verməsə də, onun sığınacaqda qalmasına icazə vermədik. Sonra psixoloqla danışdı, məlum oldu ki, özünü “seçilmişlərdən” hesab edir. Allahlıq iddiasında idi, onu psixoloji xəstəxanaya yerləşdirənlərin hamısının üzərində qələbə qazanacağını və xüsusi gücünün olduğunu deyirdi. Həmin gecə çantasından bıçaq, qayçı, iynələr tapmışdıq. Bildiyimiz qədər, sonradan oğlanları ona ev tutub, gah orada, gah da məscidlərdə qalır. Bir neçə gün əvvəl yenidən sığınacağa müraciət etdi, lakin qəbul etmədik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm