• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Arvadım dedi ki, başıma oyun açacaq...” -Bir cinayətin tarixçəsi

  • Hadisə
  • 23 Oktyabr 2015 21:37
  • 1 748 Baxış
“Arvadım dedi ki, başıma oyun açacaq...” -Bir cinayətin tarixçəsi

Ailədaxili zorakılıq, ərin arvadı, arvadın əri bıçaqlaması, yaxud da hər hansı formada xəsarət yetirməsi haqda xəbərləri tez-tez eşidirik. Belə hadisələrin səbəbi isə adətən qısqanclıq və ailə-məişət problemləri olur. Ağsu rayonunda yaşayan 29 yaşlı Zeynal Əliyev də 3 azyaşlı uşaq anası olan həyat yoldaşı, 24 yaşlı Səadət Əliyevanı qısqandığı üçün bıçaqlayıb Özü də ikinci dəfə...

Publika.az xəbər verir ki, hadisə Ağsu şəhərinin M.Əzizbəyov küçəsindəki 3 saylı mənzildə olub. Döş qəfəsindən daxilə keçən yarası, ağ ciyərin zədələnməsi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Səadət Əliyevaya tibbi yardım göstərilib.

Zeynal Əliyev isə Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

“Azyaşlı uşaqlarıma görə onu boşamamışam...”

Lakin hökmdən narazı qalan Zeynal Əliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. İşə hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Zeynal Əliyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Səadət Əliyeva ilə 2008-ci ildə ailə qurub və birgə nikahlarından üç azyaşlı uşaqları var: “Uşaqlarım Ayxan, Aysun və Murad hər üçü uşaq bağçasına gedirlər. Səadət Əliyeva ilə birgə yaşadığımız dövrdə aramızda bir neçə dəfə ailə münaqişəsi olub. Lakin azyaşlı uşaqlarım olduğuna görə onu boşamamışam”.

“Maşından düşdüyünü görməmişəm...”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü il oktyabrın 22-də iş axtarmaq məqsədi ilə evdən çıxdığı üçün Səadətin uşaqları bağçaya necə apardığını bilməyib: “Gündüz saat 1 radələrində evə gələndə, Səadət evdə olmayıb. Təxminən 2-yə 20 dəqiqə qalmış çöldə maşın qapısının örtüldüyünü eşitdim. Səsə həyətə çıxanda, Səadətin gəldiyini gördüm. Amma maşından düşdüyünü görməmişəm. Qapısı örtülən maşını görmək üçün tez yola qaçanda, ağ rəngli bir “VAZ-2107” markalı avtomobilin getdiyini gördüm. Ancaq nömrəsini görə bilmədim”.

“Tövbə etdiyim üçün araq içmədim...”

Zeynal Əliyev qeyd edib ki, arvadından haradan gəldiyini soruşub: “Səadət mənə kobud şəkildə söyüşlə cavab verdi. Dedi, “sənə nə var hardan gəlirəm, başımı xarab eləmə, yoxsa 102-yə zəng vuraram”. Həmin vaxt qardaşım Zülfüqar zəng vuraraq bizə gələcəyini bildirdi. Səadətə yemək hazırlamasını tapşırdım. Az sonra Zülfüqar onun qayınatası Azərlə birlikdə bizə gəldilər. Onlar içki və yemək almaq üçün mənə pul verdilər. Dükandan həmin pula balıq, araq, çörək və su alaraq evə gəldim. Səadət yemək hazırlayandan sonra təxminən saat 16.30-da uşaqları bağçadan gətirdim. Azər və Zülfüqarla evdə yemək yedik, Lakin tövbə etdiyim üçün araq içməmişım. Bir az sonra Füzuli də gəldi. Azərlə dükana gedərək yenə araq və çaxır aldım. Saat 20 radələrində Azər və Füzuli getdilər. Lakin qardaşım Zülfüqar bizdə qaldı. Bu müddət ərzində cəmi iki stəkan çaxır içmişəm”.

“Məni təhqir etməyə başladı...”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən yarım saat keçəndən sonra Səadət Əliyevadan işləməməsini tələb edib: “Səadət isə işləyəcəyini dedi. Bu səbəbdən də aramızda mübahisə yarandı. Həyat yoldaşım məni söydü, sabah başıma oyun açacağı ilə hədələdi. Bu sözlərə əsəbiləşərək Səadəti sillə ilə vurdum və saçını yoldum. Həmin vaxt həyətdə olan qardaşım Zülfüqar səsimə evə qayıdaraq bizi araladı. Qardaşım bizdə qalmasına Səadətin etiraz etdiyini başa düşdü və buna görə də getdi. Bundan sonra Səadət məni təhqir etməyə başladı. Onun təhqirlərinə dözə bilməyərək qorxutmaq məqsədilə mətbəxdən bıçaq götürdüm. Səadət ayaq üstə dayandığı vəziyyətdə kürəyindən bir dəfə zərbə vurdum. Həmin vaxt otaqda televizorun qarşısında oturan uşaqlarım Ayxan, Aysun və Murad analarını vurduğumu görməyiblər. Səadətin kürəyindən qan axdığını görəndə, əməlimdən peşman oldum və bıçağı stolun üstünə qoyaraq həkimə aparmaq üçün həyətə çıxdım. Bu zaman Səadət qonşuluqda yaşayan polis işçisi Rəşadgilə tərəf qaçdı...”.

Z.Əliyev bildirib ki, Ağsu Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gedərək arvadını bıçaqladığını bildirib: “Səadəti bıçaqla bir dəfə qorxutmaq məqsədilə vurduğumu etiraf etdim”.

Zərərçəkmiş Səadət Əliyevanın sözlərinə görə isə hadisə baş verən gün Zeynal iş axtarmaq məqsədi ilə evdən gedəndən sonra atası Azər öz avtomobili ilə onlara gəlib: “Atamla birlikdə uşaqlarımı uşaq baxçasına apardım, sonra evə qayıtdım. Təxminən saat 1 radələrində Zeynal evə gəldikdən sonra süfrə açmağa başladım. Həmin vaxt Zeynalın qardaşı Zülfüqar zəng vuraraq bizə gələcəyini bildirdi...”.

“Əl atıb saçımdan tutdu...”

Səadət Əliyeva ifadəsində daha sonra Zeynalın qardaşı ilə yeyib-içməsindən danışıb. Qeyd edib ki, sonra uşaqların yatmaq vaxtı olduğundan, Zeynala çarpayının üstündən qalxmasını, uşaqların yerini hazırlamaq istədiyini deyib: “Lakin Zeynal oturduğu yerdən qalxmadı və uşaqlarının yanında yenə də məni söyərək “deyəsən ölümün çatıb” dedi. Və qalxaraq əlindəki radionu döşəməyə çırpdı. Zeynal çarpayıdan qalxandan sonra çarayının üstündən yorğan və döşək götürərək uşaqlara yer hazırlamağa başladım. Bu zaman Zeynal otağın küncündə olan stolun üstündən bıçaq götürdü. Bıçaq götürdüyünü görən kimi qorxudan Zülfüqarın arxasına keçdim, bıçağı qardaşının əlindən almasını dedim. Oğlum Ayxan dayanmadan ağladığına görə Zülfüqarın arxasından çıxaraq onu qucağıma götürmək istədim. Bu zaman Zeynal əl ataraq saçımdın tutdu. Qışqıraraq Zülfüqara dedim ki, bıçağı qardaşının əlindən alsın. Lakin Zülfüqar qardaşına mane olmadı. Zeynal saçımı yolaraq başımı aşağı əydi, uşaqlarımın gözü qarşısında bıçaqla kürəyimə iki zərbə vuraraq kənara çəkildi”.

O, ifadəsinin sonunda aldığı xəsarətdən xəstəxanada tibbi yardım aldığını deyib.

Tərəfləri dinləyən hakim heyəti sonda apellyasiya şikayəti üzrə qərarı elan edib. Qərara görə, Zeynal Əliyevin apellyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasını 8 il 5 ay 7 günə endirib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR