Sillənin qurbanı olan bir ilin gəlini... - Bir qətlin təfərrüatı
Bizi izləyin

Hadisə

Sillənin qurbanı olan bir ilin gəlini... - Bir qətlin təfərrüatı

Qadına qarşı zorakılıq nəticəsində baş verən daha bir qətllə bağlı məhkəmə çəkişməsi davam edir. Publika.az ictimai mahiyyət kəsb edən hadisənin təfərrüatlarını öyrənib.

Qeyd edək ki, Azərbaycanın Quba rayonunda yaşayan, Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk şəhərində anadan olmuş 1988-ci il təvəllüdlü Elman Mahmudov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ofeliya Paşayevanı öldürüb. O, 2013-cü il iyunun 4-də saat 13 radələrində Qubanın Aşağı Atuc kəndində valideynləri ilə birlikdə yaşadığı evdə 2013-cü il təvəllüdlü övladı Xəyalənin üstündə həyat yoldaşı ilə mübahisə edib...

Ölüm fərmanı...

Elman Mahmudovun 1 aylıq körpəsi doğuşdan sonra zəif olması ilə bağlı davamlı ağlayıb. Bu səbəbdən o, qeyri-rəsmi yaşadığı həyat yoldaşı Ofeliya ilə mübahisə edib. Qadını öz otaqlarına aparan Elman ona bir sillə vurub. Arvadı da ona sillə ilə cavab verib. Ofeliyanın vurduğu sillədən Elmanın alt dodağı partlayıb...

... İçkili olan Elman Ofeliyanı öldürmək qərarına gəlib. Bu məqsədilə otaqda yarım saat ərzində yumruqla onun başına vurub. Evdə heç kim olmadığı üçün bir ilin gəlinin köməyinə gələn olmayıb.

E.Mahmudov daha sonra əlləri ilə qadını boğmağa başlayıb. Bununla da ürəyi soyumayıb, başını divara çırpıb. Bu zaman evə Elmanın yetkinlik yaşına çatmayan qardaşı gəlib, onun həyat yoldaşını amansızcasına döyməsinin şahidi olub. Və ona mane olmağa çalışıb. Elman isə yetkinlik yaşına çatmamış qardaşını otaqdan qovub, arvadını döyməkdə davam edib. Aldığı zərbələrdən yerə yıxılan qadını təpikləməyə başlayıb. Ailə üzvləri hadisədən xəbər tutub köməyə gələndə isə artıq gec olub. Ofeliya hadisə yerindəcə keçinib...

Cinayət və cəza...

Elman Mahmudov həbs edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçən prosesdə Elman Mahmudovun əməli tam sübuta yetirilib, o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Lakin hökmdən narazı qalan Elman Mahmudov apellyasiya şikayəti verib. Elman Mahmudovun vəkili Mehdi Hüseynzadə Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlandığı şikayətdə müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçən prosesdə şikayət qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, E.Mahmudovun cəzası 12 ilə endirilib.

Bu dəfə isə prokurorluq hökmdən narazı qalıb. Baş Prokurorluğun Dövlət İttihamını Müdafiə İdarəsinin prokuroru Zəfər Ramazanovun imzası ilə Elman Mahmudovun cəzasının ağırlaşdırılması ilə bağlı kassasiya şikayəti verilib.

Həmçinin, Elman Mahmudov da Ali Məhkəməyə kassasiya şikayəti verib, əməlinin Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza ilə cəzalandırılmasını xahiş edib.

Prokurorluğun da, təqsirləndirilən şəxsin də şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Əvvəlcə prokurorluğun şikayətinə baxılıb və şikayət təmin edilib. Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elman Mahmudov isə ərizə ilə Ali Məhkəməyə müraciət edib. O, kassasiya şikayətindən imtina edib. Buna görə də şikayəti geri apellyasiya instansiyası məhkəməsinə qaytarılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm