“Dedi ki, qızıl yoxdur, boğub öldürdük” – BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

“Dedi ki, qızıl yoxdur, boğub öldürdük” – BİR QƏTLİN TARİXÇƏSİ

Gəncə şəhərində 47 yaşlı Pərvanə İsmayılovanı evində öldürdükdən sonra yandırmaqda təqsirli bilinən Rüstəm Hüseynov və Müşfiq Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, 2014-cü il noyabrın 7-də Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra ev sahibinin əlləri və ayaqları naqillə bağlanmış halda qismən yanmış meyiti tapılıb.

İki məhkumun dəhşətli cinayəti

Müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov tamah məqsədi ilə Pərvanə İsmayılovanın yaşadığı mənzilə daxil olaraq qadını xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra onlar P.İsmayılovaya məxsus nağd pul, qızıl-zinət və digər qiymətli əşyaları götürərək cinayətin izini itirmək məqsədi ilə mənzili və meyiti yandırıblar.

Bundan əlavə, Müşfiq Cəlilov və Rüstəm Hüseynov həmin il oktyabrın 1-də, gecə saatlarında maska geyinməklə Gəncə şəhər sakini Dilarə Qasımovanın da yaşadığı mənzilə daxil olaraq quldurluq hadisəsi törədib. Onlar Dilarə Qasımovaya bıçaqla hədə-qorxu gələrək mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar.

“Qəhrəmanlar” bir qayda olaraq əldə etdikləri qızıl-zinət və digər qiymətli əşyaları müxtəlif şəxslərin sənədləri ilə Bakıda satıblar. Hər iki şəxs cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

“Qızılın yerini soruşduq”

Müşfiq Cəlilov bildirib ki, Pərvanə İsmayılovanı sələmə pul verən qadın kimi tanıyıb: “Qızılın yerini soruşduq. Dedi ki, yoxdur, hamısı sələmdədir. Sonra da boğub öldürdüm”.

Rüstəm Hüseynov da hadisəni belə danışıb: “Haradan keçirsən, biri deyir Pərvanə İsmayılovadan 50 qram, o biri deyir 100 qram qızıl qoyub pul götürdüm. Bu düşüncə ilə getdik ki, bunun evində yüz faiz pul var. Ayrı heç nə fikirləşmədik ki, olmaya bilər. Girdik evə, bir dənə boyunbağı çıxdı”.

7 maddəli cinayət işi

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək), 29,186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd) və 29,186.2.2-ci (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməyə cəhd) maddələri ilə ittiham ediliblər.

Cəza

Təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmə istintaqını aparan hakim heyəti sonda hökm elan edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar şikayətlərində barələrində təyin olunan cəzanın həddindən artıq ağır olduğunu bildiriblər və cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Təqsirləndirilən şəxslərin apellyasiya şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti araşdırılması üçün hakim Bədəl Əliyevin icraatına verilib. Yaxın günlərdə apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm