“Mənə namusum, qeyrətim olmadığını dedi” – BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

“Mənə namusum, qeyrətim olmadığını dedi” – BİR QƏTLİN TARİXÇƏSİ

Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Məmməd Hadızadə həmyerlisi Vüqar Əsgərovu bıçaqlayaraq öldürüb. Hadisəni törədən də, qətlə yetiriləndə Lənkəranda taksi sürücüsü fəaliyyəti ilə məşğul olurdular.

Publika.az xəbər verir ki, hadisə 1 avqust 2015-ci il tarixdə, saat 12 radələrində baş verib. Vüqar Əsgərovun hadisədən bir gün əvvəl Məmməd Hadızadənin nаmusu və qeyrətinin olmadığı barədə ətrafda söz-söhbətlər gəzdirib.

Hadisə zamanı da Məmməd Hadızadə Vüqara nаmusu və qeyrətinin olmaması barədə gəzdirdiyi söz-söhbətlərə iradını bildirib. Bu səbəbdən onların arasında mübаhisə yаrаnıb.

Mübahisə zаmаnı Vüqаr Əsgərоv Məmmədin əynindəki köynəyi dartaraq cırıb, onun sifət-baş nahiyəsinə bir neçə zərbə vurub. Bu zaman onları ətrafda olan şəxslər aralaşdırıb.

Qətl

Bundan sonra Məmməd Hadızadə məsələni həll etməkdən ötrü geri qayıdacağını və orada Vüqarın onu gözləməyini deyib. Məmməd avtomobili ilə oradan uzaqlaşıb və öz evinə gedib. Evdən bıçaq götürən Məmməd yenidən “Gülüstan” şadlıq sarayının yaxınlığına qayıdıb.

Orada Vüqаr Məmməd Hаdizаdənin üzərinə hücum çəkib və qolundan yapışaraq avtomobilinə tərəf çəkməyə çalışıb. Məmməd Vüqar Əsgərovdan hərəkətinə son qoymasını xahiş edib. Amma Vüqar öz hərəkətlərini davam etdirib. Bundan sonra Məmməd Hadızadə аrаlаrındа yaranmış münaqişə zamanı Vüqar Əsgərovu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib.

Bu məqsədlə Məmməd Hadızadə özündə olan bıçağı onun döş qəfəsinə sancıb. Ürək nahiyəsindən zərbə alan Vüqar Əsgərov hadisə yerində ölüb.

İki maddəli cinayət işi

Məmməd Hadızadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

Məmməd Hadızadənin barəsində olan cinayət işi araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elşad Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Mənə qarşı belə pis mənalı sözlər dediyini soruşdum”

Məhkəmədə ifadə verən Məmməd Hadızadə elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Vüqarla onun arasında 1 avqust 2015-ci il tarixdə günorta mübahisə olub: “Vüqar hadisədən bir gün əvvəl mənə taksi sürücüsü olsam da, həyat yoldaşım Səidənin şəhərdə ora-bura piyada getməsinə görə namus, qeyrətim olmadığını dedi. Buna görə də avqustun 1-də, günorta vaxtı onunla görüşdüm. Ondan nəyə əsaslanaraq mənə qarşı belə pis mənalı sözlər dediyini soruşdum. Bu zaman Vüqarın həmin sözləri elə özü dediyini və bunu əcəb etdiyini bildirdi. O, bu səbəbdən heç bir üzr istəməyəcəyini söylədi. Əgər Vüqar mənim namus, qeyrətimə qarşı belə danışmasaydı, aramızda heç bir mübahisə və münaqişə də olmazdı”.

“Vüqarı öldürmək fikrim olmayıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisə zamanı baş verən münaqişə vaxtı Vüqarın namusuna qarşı dediklərinə və dalaşma zamanı fiziki cəhətdən ondan güclü olması ilə bağlı onu vurduğuna görə çox əsəbləşib: “Evdən götürdüyüm bıçaqla Vüqara qısa müddətdə dalbadal üç-dörd zərbə vurdum. Bıçağı evdən götürəndə isə Vüqarı konkret olaraq öldürmək fıkrim оlmаyıb. Özümü müdafiə etmək üçün həmin bıçağı götürmüşdüm. Əgər əvvəldən Vüqarı öldürmək fikrim olsaydı, özüm Vüqar oraya gələn kimi dalaşmaması üçün əl çəkməyim barədə xahiş etmədən bıçaqlayardım. Lakin Vüqar özü məndən əl çəkməyib. Buna görə də məcbur qaldım və bıçaqla vuraraq onu öldürdüm”.

Məhkəmənin hökmü ilə Məmməd Hadızadə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məmməd Hadızadə apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəf də cəzanın ağırlaşdırılması ilə bağlı apelyasiya şikayəti veriblər.

Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Onun şikayəti hakim Qürbət Əsgərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxs Məmməd Hadızadənin, həm də zərərçəkmiş tərəfin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm