Rusiya Azərbaycanın kamikadze dronlarından hazırlayacaq
Bizi izləyin

Hadisə

Rusiya Azərbaycanın kamikadze dronlarından hazırlayacaq

Rusiya Azərbaycan ordusunda istismarda olan pilotsuz kamikadze dronlarını istehsal edəcək.

ANS-in məlumatına görə, bu barədə Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə “TASS” agentliyinə açıqlamasında deyib.

Kamikadze-dronlar Rusiyada artıq istismarda olan pilotsuz uçuş aparatının modifikasiyası əsasındə yaradılacaq.

"Hazırda brander prinsipi ilə işləyən PUA (Pilotsuz Uçuş Aparatı) yaradılır. Yəni hədəfə çatdığı anda partlayacaq", - deyə mənbə bildirib.

Hazırda bu tip silahlardan yerüstü hədəflərin məhv edilməsində istifadə edilir. Uçuş aparatı özü də hədəfləri müəyyən edir. Həmçinin uçan aparat hədəfə yaxınlaşan zaman onun icra edəcəyi hərəkəti təxirə də salmaq olur. Həmin pilotsuz təyyarə bazaya avtomatik formada qayıda bilir.

Dünyada ən son texnologiyaya malik uçan aparatlar İsrail istehsalıdır. Azərbaycan Silahlı Qüvvələri aprel döyüşləri zamanı Ermənistan ordusunun təxribatına qarşı həyata keçirdiyi əməliyyatlarda İsraildən alınmış “Harop” pilotsuz aparatlardan istifadə edib.

Aprelin 4-də Azərbaycan ordusunun əməliyyatları zamanı İsraildən aldığı kamikadze dronlar vasitəsilə Ermənistan ordusunun könüllülərini daşıyan avtobusa zərbələr endirib. Nəticədə 5 erməni könüllüsü ölüb. Bundan başqa pilotsuz uçan döyüş aparatları vasitəsi ilə işğalçıların Madagiz ərazisində olan qərargahları dağıdılmışdı.

Azərbaycanın kamikadze dronlardan istifadə etməsi Ermənistan tərəfinin narahatlığına səbəb olmuşdu. Hətta Ermənistan rəhbərliyi İsrail hökumətinə Azərbaycana bu tip silahları satdığı üçün etiraz da ünvanlamışdı.

Azərbaycan hazırda kamikadze dronları xaricdən alsa da yaxın gələcəkdə pilotsuz uçan aparatların yerli istehsalına başlayacaq. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ANS TV-yə açıqlamasında bildirmişdi ki, yaxın 3 ayda prezident İlham Əliyevin tapşırığı ilə yeni nəsil “zərbə” adlı pilotsuz uçuş aparatlarının serialı istehsalı həyata keçiriləcək.

“Bu uçuş aparatları bizə imkan verəcək ki, düşmənin atəş nöqtələrini müəyyən etməklə həmin dayaq nöqtələrini məhv edək. Artıq düşmənlər - Ermənistan ordusunun əsgər və zabitləri indidən eşitməli, bilməlidirlər ki, Azərbaycan yaxın zamanlarda istehsal etdiyi belə silahlarla onları işğal etdikləri torpaqlardan qovacaq”, - deyə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm