Qonşular arasında torpaq üstündə qan töküldü - BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

Qonşular arasında torpaq üstündə qan töküldü - BİR QƏTLİN TARİXÇƏSİ

Qətldə və ölümə sui-qəsddə ittiham olunan Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Hacıbağır Bağırov, onun atası Ehtiram Bağırov və 1994-cü il təvəllüdlü Rüstəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, qətl hadisəsi ötən ilin may ayında Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və bibisi oğlu Rüstəm Qurbanov münaqişə zəminində qonşuları Əminağa Baxışovu və qardaşı Zaur Baxışovu bıçaqlayıblar. Əminağa Baxışov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb.

Hacıbağır Bağırov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib. Həmçinin Ehtiram Bağırov və Rüstəm Qurbanov isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə günahkar biliniblər.

Onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Ana söyüşü söydü ki...”

Hacıbağır Bağırov bildirib ki, Əminağa Baxşiyev və onun qardaşı Zaur Baxşiyevi öldürmək məqsədi olmayıb: “Yalnız onlara bədən xəsarətləri yetirmək istəmişəm. Çünki Əminağa və Zaur gözümün qarşısında atamı lom və lapatka ilə döyüblər, həmçinin bibim oğlu Rüstəmi də vurublar. Buna görə onlara bıçaqla xəsarət yetirmək istəmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Əminağa və Zauru yaşadığı ərazidə yaşayan kənd sakinləri kimi tanıyır və əvvəllər onlarla kənd sakini kimi münasibəti yaxşı olub: “Əvvəllər aramızda hər hansı bir problem, mübahisə olmayıb. Yaşadığım evdən təxminən 200 metr aralıda istifadə etdiyi təxminən 7 sot boş torpaq sahəsi var. Həmin torpaq sahəsini ailəmiz 1989-cu ildən istifadə edir. Hadisədən təxminən 3-4 gün qabaq Əminağa həmin torpaq sahəsinin özünə məxsus olacağını atama deyib. Buna görə atam ilə Əminağa arasında sözlü mübahisə baş verib və Əminağa ana söyüşü söyüb ki, həmin torpaq sahəsini özündən başqa kimsə istifadə etməsin. Bu söhbəti atam əmim İntizamla danışarkən eşitmişəm və Əminağanın atamın torpaqdan istifadə etməməsinə görə söyüş qoymağını həmin vaxtı bilmişəm”.

“Atam mənə iradını bildirib”

Hacıbağır Bağırovun sözlərinə görə, 2015-ci ilin mayın 12-də bütün günü bibisi oğlu Rüstəm ilə bir yerdə olub: “Təxminən saat 18 radələrində gördüm ki, Əminağa özünə məxsus olan avtomaşınla qapılarının qarşısında dayanıb. Rüstəmə dedim ki, gedək onunla söhbət edək. Öz maşınımıza əyləşərək onların evlərinin yanına getdik. Maşından düşən kimi küçədə tək olan Əminağaya yaxınlaşdım və nə üçün söyüş işlətdiyini soruşdum. Buna qədər onunla aramda heç vaxt dava-dalaş olmayıb. O, isə “yaxşı etmişəm” deyə cavab verdi. Onun bu sözündən əsəbləşdim və yumruqla ağzından vurdum. Bu zərbəsindən sonra Əminağanın ağzından qan açıldı və daha bir-iki zərbə vurandan sonra o, yerə yıxıldı. Yerdə olan zaman da ona bir-iki dəfə təpiklə vurdum. Qışqırdığı üçün səsə Zaur və onların əmisi Faiq çıxdı. Əminağa ayağa qalxaraq maşından bıçaq götürdü və üstlərinə gəlmək istəyəndə Zaur buna imkan vermədi. Sonra isə gəldiyimiz maşınla oradan uzaqlaşdıq”.

Hacıbağır Bağırov qeyd edib ki, ora Əminağanın nə üçün söyüş işlətdiyini aydınlaşdırmaq üçün gedib: “Həmin vaxt Zaur ilə aramızda dava-dalaş olmayıb. Orada Rüstəm kənarda dayanıb. Mən isə Əminağanı bir dəfə də olsun vurmamışam. Zaur çölə çıxanda gördü ki, Əminağa yerdədir, bundan sonra isə Əminağa maşından bıçaq götürmək istəyəndə Rüstəm onu itələyib. Ola bilsin ki, elə başa düşüb ki, Rüstəm özü də Əminağanı döyüb. Əminağanı yumruqla vuran zaman küçədə heç kim olmayıb. Bunu yalnız Rüstəm görüb. Əminağa ilə birinci dəfə dalaşan Səlim və Nasif dava-dalaşda iştirak etməyiblər. Onların harada olduğunu da bilmirəm. Ora Rüstəm ilə tək getmişəm. Əminağa ilə dalaşmağım barədə atama özüm məlumat vermişəm. Buna görə atam mənə iradını bildirib”.

“Atamı yerdə döyürdülər”

Təqsirləndirilən şəxs qeyd edib ki, atası evdən çıxan zaman özü ilə heç bir əşya götürməyib və Əminağagilin küçəsinə isə piyada tək gedib: “Atamın getdiyini görüb fikirləşdim ki, birdən ona nəsə edərlər, buna görə də, Rüstəm ilə birlikdə Zaurgilin evlərinə tərəf getdik. Maşını küçənin baş tərəfində saxladıq. Bu zaman gördük ki, atam Zaur və Əminağa ilə mübahisə edir. Onlar bir-birlərinə əl-qol atırdılar. Səsə-küyə çox az sayda qonşuda çıxmışdı. Bunu görən kimi maşından düşdüm və yavaş-yavaş onlara tərəf getməyə başladım. Bu zaman gördüm ki, Əminağa cibindən bıçaq çıxartdı. Əminağa həmin bıçaq ilə atamın üstünə getmək istədi. Lakin Zaur həmin bıçağı onun əlindən aldı və həyətlərinə tulladı. Əminağa isə qapılarının yanında yerdən loma bənzər dəmir parçası götürdü və yenidən atama tərəf gəldi. Atama çatan kimi onun başından həmin dəmir parçası ilə bir dəfə möhkəmdən vurdu. Zaur əlində olan lapatka ilə, Əminağa isə dəmir parçası ilə atamı yerdə döyürdülər. Rüstəm məndən tez onlara çatdı, Əminağanı kənara itələdi. Bu zaman Zaur Rüstəmi arxadan əlində olan bel ilə vurdu. Mən isə özümü yetirərək özümdə olan bıçaqla Əminağanın sağ ciynindən vurdum ki, dəmir əlindən düşsün. Sonra isə daha iki dəfə onun kürək nahiyəsindən vurdum. Əminağa mənə tərəf çevriləndə də, onun qarın nahiyəsinə tərəf bıçaq atdım”. Zaur mənə yaxınlaşmaq istəsə də, Əminağanı bıçaqla vurduğumu gördü və geri çəkildi”.

Hacıbaba Bağırov qeyd edib ki, həmin vaxt Zaur qəflətən beli yerə atıb və ona hücum edib: “Həmin vaxt Zaur yaxamdan tutdu. Ona gücüm çatmadığını gördüm və əlimdə olan bıçaqla əvvəlcə onun sol tərəfdən qolunun altına bir dəfə zərbə vurdum, sonra isə onun çiynindən bıçaqla vurdum. Bundan sonra Zaur məni buraxdı və qaçmaq istəyəndə onu kürək nahiyəsindən daha 3-4 dəfə vurdum”.

“Məndən başqa heç kimdə bıçaq olmayıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, cinayət zamanı istifadə etdiyi bıçağı Zaur və Əminağanı vurduqdan sonra həyəcanlı olduğundan hara atdığını xatırlamayıb: “Polis bölməsinə getməzdən əvvəl atam məndən bıçağı soruşdu. Ona dedim ki, bıçağı itirmişəm”.

Hacıbaba Bağırov daha sonra ifadəsində polisə könüllü olaraq təslim olmasından danışıb: “Bıçağı hadisə yerinə gedən zaman özümü qorumaq üçün götürmüşəm. Çünki bir qədər əvvəl baş vermiş dava-dalaş zamanı Əminağa üstümə bıçaq çıxartmışdı. Qorxmuşdum ki, əllərində yenə bıçaq olar, buna görə də özümlə bıçaq götürmüşdüm. Məndən başqa heç kimdə bıçaq olmayıb”.

Cinayət işi üzrə zərərçəkmişlər məhkəmədə verdikləri ifadələrində qeyd ediblər ki, hər üç təqsirləndirilən şəxs cinayət hadisəsinin iştirakçısı olub. Onlar deyiblər ki, hər üç təqsirləndirilən şəxsin əlində bıçaq və küt alət olub.

Məhkəmənin hökmü ilə Hacıbağır Bağırov 18 il 6 ay, Rüstəm Qurbanov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Ehtiram Bağırov isə şərti cəza alıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm