İçki məclisində DƏHŞƏTLİ CİNAYƏT – BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

İçki məclisində DƏHŞƏTLİ CİNAYƏT – BİR QƏTLİN TARİXÇƏSİ

Qax rayon sakini, 1977-ci il təvəllüdlü Aydın Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, rayonun Qaşqaçay kənd sakini Aydın Babayev 28 avqust 2014-cü il tarixdə səhər saatlarından etibarən əvvəlcə Qax şəhərində, avtovağzal ərazisində yerləşən kafedə həmkəndlisi Azad Əmrahovun təklifi ilə həmkəndliləri Bağçalı Bəbişov və Feyzullah Bəbişov ilə birlikdə yemək yeyib, spirtli içki içiblər.

Aydın Məmmədov günün ikinci yarısında, saat 14 radələrində Azad Əmirahov və Bağçalı Bəbişovla birlikə Qax rayonu Qaşqaçay kəndində yerləşən “Durma gəl” kafesinə gəliblər. Onlar orada da spirtli içki içiblər.

Həmin vaxt Azad Əmirahov sərxoş vəziyyətdə bir neçə dəfə nalayiq ifadələr işlədərək onlarla bir masada əyləşən Bağçalı Bəbişovu söyüb. Bağçalı mübahisə baş verməməsi üçün onlardan ayrılıb və kafeni tərk edib. Bu zaman Aydın Babayev Azad Əmrahovla təklikdə qalıb.

Bundan sonra Aydın Babayev Azada söyüş söyməməsi, nalayiq ifadələr işlətməməsi barədə irad tutub. Amma Azad hərəkətlərini davam etdirib.

Bu zaman Aydın Babayev hesabı istəyib. Kafedə işləyən və hesabı almaq üçün masaya yaxınlaşan Elxan Hüseynov 6 manat qalıq pulu qaytararkən Aydın Babayev Azad Əmrahovla kimin harada pul xərcləməsini aydınlaşdırmaq istəyib.

Bu vaxt onların arasında mübahisə yenidən başlayıb. Onlar mübahisələrini kafedən çıxaraq torpaq yolda davam etdiriblər. Mübahisə sonradan onların arasında davaya çevrilib. Hər iki dost əlbəyaxa olublar. Aydın Babayev aralarında yaranmış münaqişə zəminində qisas almaq üçün Azad Əmrahovu öldürmək niyyətinə düşüb. O, daş parçası ilə Azad Əmrahovu vuraraq öldürüb.

“İçki məclisi qurmağı təklif etdi

Aydın Babayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Aydın Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 28 avqust 2014-cü il tarixdə səhər saatlarında evdə təmir işləri aparmaq üçün boya almaq məqsədi ilə Qax şəhərinə gedib: “Burada yarmarkanın yaxınlığındakı çayxanada həmkəndlilərim Bağçalı və Azadın çay içdiklərini gördüm. Onlara birlikdə çay içdik. Həmin vaxt Azad işlərini qurtardıqdan sonra birlikdə içki məclisi qurmağı təklif etdi. Bununla razılaşdıqdan sonra hərəmiz öz işimizin arxasınca getdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təmir işləri üçün lazımi avadanlıq aldıqdan sonra saat təxminən 11.00 radələrində Qax şəhəri avtovağzal ərazisində yerləşən kafeyə gəlib: “Həmin kafedə Bağçalı ilə çay içdiyim zaman Azad zəng etdi. Azada avtovağzal ərazisində yerləşən kafedə olduğumuzu söylədim. Azad və sonradan Bağçalının əmisi oğlu da yanımıza gəldi. Birlikdə yemək yeyib, 1,5 litr spirtli içki qəbul etdik”.

“Aramızda dava-dalaş baş verməyib”

Aydın Babayev bildirib ki, həmin hesabı Bağçalının əmisi oğlu Feyzullah ödəyib: “Bundan sonra təxminən günorta saat 14 radələrində kafedən çıxaraq Azad, Bağçalı ilə birlikdə taksi ilə Qax rayonunun Qaşqaçay kəndinə gəldik. Kəndin girəcəyinə çatdıqda burada yerləşən “Durma gəl” kafesinə gedərək yenidən yeyib-içmək qərarına gəldik. Bu məqsədlə “Durma gəl” kafesinə getdik. Evi təmir etmək üçün aldığım ləvazimatları kafedə işləyən tanışım Elxanın maşınına qoydum. “Durma gəl” kafesində oturaraq 0,5 litr spirtli içki qəbul etdikdən sonra Azad nalayiq sözlərlə Bağçalını təhqir etməyə başladı. Mübahisənin qızışdığını görərək Bağçalıya getməsini işarə etdim. Bağçalı da masadan qalxaraq, məclisini tərk etdi. Bundan sonra Azada nalayiq söyüşlər işlətdiyinə görə iradımı bildirsəm də, həmin vaxt aramızda heç bir dava-dalaş, mübahisə baş verməyib”.

“Məni boğmağa başladı”

Aydın Məmmədov qeyd edib ki, daha sonra hesabı verib, eyni zamanda Azad sərxoş olduğu üçün ondan aralanaraq ayaqyoluna getmək üçün masadan qalxıb: “Ayaqyolundan qayıdan zaman Azadla qarşılaşdım. Azad söyüş söyərək üzərimə gəldi və məni yerə yıxaraq boğmağa başladı. Boğulmamaq üçün Azadı üzərimdən kənara itələdim. Bu zaman ayağa qalxaraq arxama baxmadan qaçdım. Çünki, Azad məndən xeyli canlı və cüssəli idi. Azadın yerindən qalxaraq yenidən mənə xəsarət yetirəcəyindən ehtiyat etdim. Həmin zaman Azadın ölməsindən və ya hər hansı şəkildə xəsarət almasından xəbərim olmayıb. Sonra üst-başımı təmizləyərək kafedə işləyən Elxandan məni evə aparmasını xahiş etdim”.

“Qisas almaq niyyətim olmayıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Elxan onu evlərinə aparıb: “Evə çatdığım zaman Elxanın mobil telefonuna zəng gəldi. Elxan mənə Azadın öldüyünü söylədi. Həmin vaxt da Azadın öldüyündən xəbər tutmuşam. Sonradan polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Azadla yaxın münasibətlərim olub, həmişə bir yerdə oturub yeyib-içmişik. Azadı nəinki qisas almaq niyyəti ilə öldürmək, ona heç xəsarət yetirmək niyyətim də olmayıb. Çünki, Azad alkoqollu içki qəbul etdikdə aqressiv olmasına baxmayaraq, ayıq vaxtı tamamilə səmimi, dostlarının, tanışlarının xeyrinə şərinə can yandıran bir adam olub”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində Azad Əmrahovu öldürmədiyini bildirib: “Hazırda baş verənlərə görə olduqca peşmançılıq hissi keçirirəm. Eləcə də, mərhumun dəfn xərclərinin keçirilməsində imkanım çatdığı qədər, yəni 2000 manat məbləğində zərərçəkmiş şəxsin hüquqi varisinə köməklik göstərmişəm”.

“Azad dedi ki, məni gözləmə”

Zərərçəkmiş şəxsin hüquqi varisi Leyla Əmrahova bildirib ki, avqustun 28-də əri Azad özünə paltar almaq üçün Qax şəhərinə gedib: “Həmin gün günorta xörək bişirdim və Azadı gözlədim. Lakin Azad gəlmədiyi üçün ona zəng etdim, ondan harada olmasını soruşdum. Azad isə dedi ki, məni gözləmə. Günortadan sonra yenə Azada zəng vurdum, evə qonaqların gələcəyi üçün tez gəlməsini xahiş etdim. Saat 5-ə qalmış Azad zəng vuraraq, qonaqların gəlib-gəlməməsini soruşdu və dedi ki, nəsə lazımdı alıb gətirsin. Bildirdim ki, gələndə yumurta və konfet alsın. Azad mənimlə danışandan sonra telefonu söndürmədi. Bu səbəbdən də telefonda gələn səslərdən Azadın yanında Afər və Aydın adlı şəxslər də olduğunu bildim. Həmçinin telefondan gələn səslərdən Aydının Xəlil adlı şəxsə söyüş söydüyün sonradan isə Afər adlı şəxs söhbəti başqa istiqamətə dəyişdiyini eşitdi. Təxminən 10-15 dəqiqə telefona qulaq asdım. Bundan sonra telefon əlaqəsi kəsildi. Həmin gün təxminən saat 18-19 radələrində Azadın öldüyünü eşitdim”.

Məhkəmənin hökmü ilə Aydın Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını təmin edib. Aydın Babayevdən 1605.6 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar qəbul edilib.

Hökmdən Aydın Babayevin vəkili apelyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin barəsində çıxarılan hökmün dəyişdirilməsini və müdafiə etdiyi şəxsə həbs olmayan cəzanın verilməsini istəyib.

Bir müddət əvvəl Şəki Apelyasiya Məhkəməsində Aydın Babayevin şikayətinə baxılıb. Həmin vaxt məhkəmə kollegiyası Aydın Babayevin şikayətini qismən təmin edib və onun əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib. Məhkəmə Aydın Babayevin cəzasını 3 ilə endirib.

Həmin qərardan narazı qalan dövlət ittihamçısı kasasiya protesti, zərərçəkmiş tərəf isə kasasiya şikayətin verib. Tərəflərin şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim kollegiyası Şəki Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Şəki Apelyasiya Məhkəməsində bu dəfə işə hakim Rövşən Rəfiyev baxıb. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Aydın Babayevin apelyasiya şikayəti yenə də qismən təmin olunub.

Bu məhkəmə kollegiyası da Aydın Babayevin əməlini Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilib və onun cəzasını 3 ilə endirilməsi barədə yenidən qərar qəbul edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm