Tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı məhkəmə prosesi başladı
Bizi izləyin

Hadisə

Tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı məhkəmə prosesi başladı

Bu gün Bakı Apelyasiya Məhkəməsində həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı hökmdən verilən şikayət üzrə hazırlıq iclası keçirilib.

Bu barədə Publika.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesi iyun ayının 24-nə təyin edilib:

“Bu gün hazırlıq iclasına başlanıldı. Məhkəmənin baxış iclasına təyin edilməsində heç bir maneə olmadığı üçün proses baş tutdu. Qarşı tərəf qanunvericiliyə olunmuş dəyişikliyi əsas gətirərək, mənim prosesdən uzaqlaşdırılmağım üçün şifahi vəsatət verdi. Lakin hakim bildirdi ki, bu məsələ artıq öncəki məhkəmə proseslərində öz həllini tapıb. Buna görə də qarşı tərəfin mənimlə bağlı irəli sürdüyü şifahi vəsatəti ləğv edildi.

Zərərçəkənin vəkili kimi hesab edirəm ki, birinci instansiya məhkəməsində 124.1 (səhlənkarlıqdan insanın ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə cinayəti sübuta yetirilmiş anestezioloq Firuz İbrahimovun cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə iki il azadlıqdan məhrum edilməsi o həkimin törətdiyi cinayət əməlinə adekvat cəza deyil. Bu baxımdan müvəkkilim Anar Niftəliyev cəza rejiminin dəyişdirilməsi və həbs edilməsi üçün verdiyi şikayət haqlıdır”.

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb. 23 aprel 2015-ci ildə iki maddə ilə suçlanan anestezioloq Firuz İbrahimov barədə cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə iki illik həbs hökmü çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm