Goranboyda doğuş zamanı ana və körpə öldü - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Goranboyda doğuş zamanı ana və körpə öldü - TƏFƏRRÜAT

Goranboy Rayon Mərkəzi Xəstəxanasında ana və uşaq ölümü baş verib.

Xəstəxananın doğum şöbəsinin müdiri İradə Həsənova Publika.az-a açıqlamasında bildirib ki, 32 yaşlı ana xəstəxanaya iyunun 22-də ağır vəziyyətdə gətirilib.

“1983-cü il təvəllüdlü Nəcibə Aslanova anası tərəfindən ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, hamiləliyinin 35-ci həftəsində olsa da, heç vaxt həkim nəzarətində olmayıb. Anasının sözlərinə görə, fermada yaşayırlar. Hamilə olduğunu gec bilib və ondan sonra da uşağı dünyaya gətirmək məcburiyyətində qalıb. Lakin heç vaxt həkimə müraciət etməyib. İyunun 21-də başı ağrıyıb, burnundan qan gəlib, lakin yenə də həkimə getməyiblər. 22-i səhər saatlarında ana sudurğa keçirib. Təzyiq yüksəlib, yıxılıb və sonra xəstəxanaya gətirilib. Ona xəstəxanada ilkin yardım göstərib reanimasiyaya yerləşdirdik. Təzyiqi nizamlanan kimi xəstə əməliyyata götürüldü. Ölmüş uşaq ana bətnindən çıxarıldı. Ana yenidən reanimasiyaya yerləşdirilib, 23-ü günorta saatlarında dünyasını dəyişib. Bu barədə Səhiyyə Nazirliyinə məlumat verilib. Gəncə Perinetal Mərkəzindən həkimlər çağrılıb. Lazımi müdaxilələr edilsə də, xəstəni ağır vəziyyətdən çıxarmaq mümkün olmayıb”.

Şöbə müdirinin sözlərinə görə, ana və uşağın ölümü ailənin məsuliyyətsizliyinə görə baş verib. Vaxtında həkimə müraciət olunsaydı, hər ikisinin həyatını xilas etmək mümkün olardı. 35 həftəlik hamiləlik müddətində sahə həkimlərinin anadan xəbərsiz olmasına gəldikdə, İ.Həsənova bu məsələnin də araşdırıldığını deyib:

“Ailə Yevlaxla Goranboyun arasında yerləşən bir fermada yaşayıb. Qadının ailə həyatı qurduğu şəxs Goranboyun Xınnalı kəndinin sakini olub. Lakin 7 ildən çoxdur ki, orada yaşamırlar. Hazırda yaşadığı ərazinin hansı sahənin ərazisi olduğu araşdırılır. Lakin onlar kənddən çox uzaqda yaşayıblar. Orada hamilə qadının olması heç kimin ağlına gəlməyib”.

Qeyd edək ki, bu, Nəcibə Aslanovanın üçüncü hamiləliyi olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm