• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Dostların içki məclisi qətllə yekunlaşdı – TƏFƏRRÜAT

  • Hadisə
  • 25 İyun 2015 07:33
  • 635 Baxış
Dostların içki məclisi qətllə yekunlaşdı – TƏFƏRRÜAT

Qax rayon sakini, 1977-ci il təvəllüdlü Aydın Babayev qonşusu Azad Əmrahovu daşla vuraraq öldürüb.

Publika.Az xəbər verir ki, cinayət hadisəsi ötən ilin avqustun 28-də Qax rayonun Qaşqaçay kəndində baş verib.

Aydın Babayev həmin günü Qax şəhərində yerləşən avtovağzal ərazisində kafedə həmkəndlisi Azad Əmrahovun təklifi ilə həmkəndliləri Bağçalı Bəbişov və Feyzulla Bəbişovla birlikdə yeyib-içiblər. Günün ikinci yarısında isə Azad Əmirahov və Bağçalı Bəbişovla birlikə Qax rayonu Qaşqaçay kəndində yerləşən “Durma gəl” kafesinə gəliblər.

Qax sakini qonşusunu niyə öldürüb?

Həmkəndlilərin içki məclisi kafedə davam edib. Sərxoş olan Azad Əmrahov nalayiq ifadələr işlədərək onlarla bir masada əyləşmiş Bağçalı Bəbişovu təhqir edib. Bağçalı mübahisə baş verməsin deyə kafeni tərk edib. Təklikdə qalan zaman Aydın Babayev söyüş söyməsi ilə bağlı Azad Əmrahova iradını bildirib. Onun iradlarına baxmayaraq Azad Əmrahov hərəkətlərini davam etdirib.

Bu zaman kafedə işləyən Elxan Hüseynov masaya yaxınlaşaraq hesabdan qalan 6 manatı geri qaytarıb. Aydın Babayev Azad Əmirahovla kimin harada pul xərcləməsini aydınlaşdırmaq istəyib. Bu vaxt Aydın masadan qalxıb və ayaqyoluna gedib. Azad Əmrahov onun arxasınca düşərək onunla mübahisə edib. Onlar əlbəyaxa olublar. Aydın daşla Azadın başından vurub. Azad zərbənin təsirindən hadisə yerində ölüb.

Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Aydın Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, avqustun 28-də, səhər saatlarında evdə təmir işləri aparmaq, üçün boya almaq məqsədi ilə Qax şəhərinə gedib: “Burada yarmarkanın yaxınlığındakı çayxanada həmkəndlilərim Bağçalı və Azadın çay içdiklərini gördüm. Mən də onlarla bilrikdə çay içdim. Həmin vaxt Azad işlərini qurtardıqdan sonra birlikdə yeyib-içməyi təklif etdi. Biz razılaşdıqdan sonra hərə öz işinin arxasınca getdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təmir işləri üçün lazımi avadanlıq alıb və saat 11.00-da Qax şəhəri avtovağzal ərazisində yerləşən kafeyə gəlib: “Həmin kafedə Bağçalı ilə çay içdiyi zaman Azad mənə zəng etdi. Ona avtovağzal ərazisində yerləşən kafedə olduğumuzu söylədim. Azad və sonradan Bağçalının əmisi oğlu da kafeyə gəldi. Birlikdə yeyib-içdik. Həmin hesabı Bağçalının əmisi oğlu Feyzullah ödədi”.

“Söyüş söydüyü üçün iradımı bildirdim”

Aydın Babayev qeyd edib ki, təxminən günorta saat 14.00-da Azad və Bağçalı ilə birlikdə Qax rayonunun Qaşqaçay kəndinə gəliblər. Onun sözlərinə görə, kəndin girəcəyində olan “Durma gəl” kafesinə gediblər: “Evi təmir etmək üçün aldığım ləvazimatları kafedə işləyən tanışım Elxanın maşınına qoydum. Yenidən həmin kafedə yeyib-içdik. Yeyib-içəndən sonra Azad nalayiq sözlərlə Bağçalını təhqir etməyə başladı. Mübahisənin qızışdığını gördüyüm üçün Bağçalıya getməsini işarə etdim. Bağçalı da oradan getdi. Bundan sonra Azada nalayiq söyüşlər işlətdiyi üçün ona iradımı bildirdim”.

“Məni boğmağa başladı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra hesabı ödəyib, eyni zamanda Azad sərxoş olduğu üçün ondan aralanaraq ayaqyoluna getmək üçün masadan qalxıb: “Ayaqyolundan qayıdan zaman Azadla qarşılaşdım. Azad söyüş söyərək üstümə gəldi. O, məni yerə yıxaraq boğmağa başladı. Boğulmamaq üçün Azadı üzərimdən kənara itələdim, ayağa qalxaraq kafedən qaçmağa başladım. Azad məndən xeyli canlı və cüssəli idi. Azadın yerindən qalxaraq yenidən mənə xəsarət yetirəcəyindən ehtiyat etdim. Həmin zaman Azadın ölməsindən və ya hər hansı şəkildə xəsarət almasından xəbəri olmayıb. Sonra üst-başımı təmizlədim. Kafedə işləyən Elxandan məni evə aparmasını xahiş etdim. Elxan da məni evimə apardı”.

“Qisas almaq niyyətim olmayıb”

Aydın Babayev daha sonra ifadəsində qeyd edib ki, evə çatdığı zaman Elxanın mobil telefonuna zəng gəlib: “Elxan telefonla danışandan sonra Azadın öldüyünü söylədi. Həmin vaxt da Azadın öldüyündən xəbər tutmuşam. Sonradan polis əməkdaşları tərəfindən şöbəyə gətirildim. Azadla yaxın münasibətlərim olduğundan, həmişə bir yerdə yeyib-içmişik. Azadı nəinki qisas almaq niyyəti ilə öldürmək, ona heç xəsarət yetirmək niyyətim olmayıb. Çünki, Azad alkoqollu içki qəbul etdikdə aqressiv olmasına baxmayaraq, ayıq vaxtı tamamilə səmimi, dostlarının, tanışlarının xeyrinə-şərinə can yandıran bir adam olub”.

“Dəfinə 2 min manat köməklik etmişəm”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində Azad Əmirahovu öldürmədiyini bildirib. Baş verən hadisəyə görə peşmançılıq hissi keçirdiyini deyən Aydın Babayev buildirib ki, mərhumun dəfn xərclərinin keçirilməsi üçün 2000 manat məbləğində zərərçəkmiş şəxsin hüquqi varisinə köməklik göstərib.

3 il cəza

Aydın Babayevin vəkili Tahir Şamxalov bildirib ki, cinayət hadisəsi qəsdən yox, ehtiyatsızlıq nəticəsində törədilib.

Tərəfləri dinləyən hakim kollegiyası qərarını açıqlayıb. Qərara əsasən Aydın Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi həmin məcəllənin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. Aydın Babayev 3 il azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR