• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Çin bazarının çöküşü, avronun dirçəlişi, “Türk axını” müəmması və Mərkəzi Bankdan mühüm addımlar - HESABAT

  • Hesabat
  • 11 İyul 2015 15:02
  • 2 001 Baxış
Çin bazarının çöküşü, avronun dirçəlişi, “Türk axını” müəmması və Mərkəzi Bankdan mühüm addımlar - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı 2,5 trilyon dəyərində olan Şanxay birjasındakı düşüşün şokunu yaşadı. Çin bazarlarında qeydə alınan geriləmə 1929-ci ildəki “Wall Street” çöküşünü xatırlatdı. İtki 29%-i keçdi, yüzlərlə şirkət birjadakı əməliyyatlarını dayandırdı.

Ən azı 1,301 şirkətin əməliyyatlarını təxirə salmasıyla 2,6 trilyon dollarlıq hissə donduruldu. Proses neftin, qızılın qiymətini vurdu. Neft 56 dollara, qızılın unsiyası isə 1500 qədər ucuzlaşdı. Yunan xalqı referendumda Avropanın kəmər sıxma proqramına “yox” dedi. Maliyyə naziri istefa verdi. Lakin həftənin sonuna doğru hökumət kreditorlara istədikləri istiqamətdə islahatlar aparacağına dair yaşıl işıq yandırdı. Beynəlxalq Valyuta Fondu yenə də qlobal artım proqnozunu endirdi.

Başlayaq dünyanın 20 ən böyük birjasından biri hesab edilən Şanxay birjasından. Həftəni enişlə başlayan birja Avropa bazarlarındakı yüksəlişə reaksiya verdi. Bu prosesdə Mərkəz Bankın da rolu oldu. Belə ki, bank bazara müdaxilə edərək sərmayəçilərin 45 faizinə istiqraz satışını qadağan etdi. Nəticədə Şanxay birjası 5,4 faiz artdı. Onu da bildirək ki, 85 faizi fərdi sərmayəçilərdən ibarət olan Çin birjasında baş verən proseslər hökumətin iqtisadiyyata nəzarəti itirdiyinə və resessiyanın baş verəcəyinə dair söz-söhbətlərə səbəb olmuşdu.

Deyəsən, yunan böhranının sonlandırılması ehtimalı reallaşır. Maliyyə naziri Yannis Varufakisın istefasından sonra hökumət ağ bayraqları qaldırmağa razılaşdı və kreditorlara istədikləri istiqamətdə islahatlar aparacağına dair yaşıl işıq yandırdı. Bu xəbər Avro Bölgəsində istiqraz faizi riskini endirdi. Avropanın ortaq pul vahidi avro dollar qarşısında 1,5 faiz dəyər qazandı. Yunanıstanın özündə isə vəziyyət dəyişməz qalır. Vətəndaşlar etiraz aksiyalarına hazırlaşır. Eləcə də iqtisadi böhran səbəbindən uçuşlarını ləğv edirlər. Bu da hava yolları şirkətlərinin işinə mənfi təsir etməyə başlayıb. Artıq “Türk Hava Yolları”, “Qatar Airways” və “Emirates” kimi nəhəng şirkətlər səyahət agentləri yoluyla Yunanıstana bilet satışını dayandırıblar.

Beynəlxalq Valyuta Fondu (IMF) 2015-ci il üzrə qlobal artım proqnozunu yenə də endirdi. Buna səbəb ABŞ iqtisadiyyatının ilin ilk rübündə zəifləməsi oldu. BVF artım proqnozunu 3,5 faizdən 3,3 faizə endirdi. Qlobal iqtisadiyyatdakı böyümə rəqəmləri inkişaf etməkdə olan iqtisadiyyatlardakı yavaşlama, aşağı əmtəə qiymətləri, sərtləşən maliyyə şərtləri səbəbiylə də revize edildi. BVF-nın açıqlamasına görə, Yunanıstan böhranı yoluxucu deyil və dünya iqtisadiyyatına təsiri məhdud olacaq. Fondun mütəxəssislərinin fikrincə, Afina Avro Bölgəsindən çıxarsa daha çox böhranla üzləşəcək: "Bizə görə Yunanıstanla dünyanın geri qalan hissəsi arasında mexaniki əlaqə məhduddur. Bu həm ticarətdə həm maliyyə sahəsində belədir. BVF 88 üzvü olan təşkilatdır. Bu üzvlərin bir çoxu Yunanıstandan daha zəif iqtisadiyyata sahibdirlər”.

BVF-nın Dünya İqtisadi Görünüş Hesabatına əsasən qlobal iqtisadiyyat 2015 və 2016-cı illərdə müvafiq olaraq 3,3 və 3,8 faiz böyüyəcək. Çinə xəbərdarlıq edən fond ölkənin birjasındakı şarın partladığını və hökumətin mövcud iqtisadi siyasəti sonsuza qədər davam etdirə bilməyəcəyini bildirib.

Avropa iqtisadiyyatının lokomotivi hesab edilən Almaniyanın ixracı bu ilin ən böyük artımını nümayiş etdirib. Almaniya may ayında ixrac rekordu qırıb. İqtisadçıların bu ilin ikinci rübündə sürətli yüksəliş proqnozları güclənib. Nəzərə çatdıraq ki, ölkənin ixracı aylıq əsasda 1,7 faiz, idxalı 0,4 faiz artıb. Xarici ticarət balansı 22,8 milyard avro təşkil edib. Bu da Federal Statistik Ofisinin 1991-ci ildən bu yana açıqladığı ən yüksək rəqəm olub.

Həftənin daha bir önəmli hadisəsi İngiltərə Mərkəz Bankının (BOE) siyasət faizini 0,5 faizdə saxlaması oldu. Faiz nisbətlərində dəyişikliyə getməyən bank 375 milyard poundluk istiqraz alışı proqramını da davam etdirməyi qərara alıb. İqtisadçılar isə sterlinqin güclü mövqedə olmasının və neftin qiymətinin düşməsinin Mərkəz Bankın qərarına təsir etdiyini düşünürlər.

Rusiya iqtisadiyyatı isə 2016-cı ili gözləmək qərarı verdi. Belə ki, ölkənin maliyyə naziri Anton Siluanov iqtisadiyyatın gələn il dirçələcəyi bəyanatı ilə çıxış edib. O deyib ki, maliyyə sektoru hazırda özünə gəlir: “Şübhə etmirik ki, bunun ardınca ölkə iqtisadiyyatı da dirçələcək. Və bu proses cari ilin sonu, növbəti ilin əvvəlinə baş verməlidir”.

Maliyyə naziri onu da deyib ki, pensiyaların indeksasiyası büdcəyə, investisiyalara və Rusiyanın ümumi daxili məhsuluna mənfi təsir edə bilər: “Büdcənin defisiti artır. Təklif edirik ki, pensiyalar böhrandan əvvəlki inflyasiya səviyyəsinə uyğun indeksasiya edilsin. Söhbət 2016-cı il üzrə 5 faiz, 2017-ci il üzrə 4,5 faiz, 2018-ci il üzrə 4 faiz inflyasiya proqnozuna indeksasiyadan gedir”.

Rusiya iqtisadi inkişaf nazirliyinin proqnozuna görə, 2015-ci ildə Rusiyada ümumi daxili məhsul istehsalı 2,8 faiz azalacaq. 2016-cı ildən isə ÜDM-in artımı baş verəcək. Onu da qeyd edək ki, 2015-ci ildə Rusiyada 11,9 faiz inflyasiya gözlənilir. 2016-cı il üzrə bu rəqəm 7, 2017-ci il üzrə 6,3, 2018-ci il üzrə 5,1 faiz proqnozlaşdırılır.

İş dünyası

Avropada avtomobil satışı artıb. Əvəzində Yunanıstanda düşüb. Borclar altında əzilən ölkədə avtomobil satışları iyun ayında keçən ilin eyni dövrünə nisbətən 21,6 faiz azalıb.

Avropanın ən böyük bazarları Almaniya, İngiltərə, Fransa, İtaliya və İspaniyada satışlar iki xanalı nisbətə çatdı. Qərb Avropada 1,31 milyon avtomobil satıldı.

Almaniyanın media dünyası birləşmə xəbərləri ilə çalxalanır. “Wall Street Journal”ı Almaniyanın media qrupu “ProSiebenSat.1”in “Axel Springer”in birləşəcəyini yazıb. Düzdür, xəbərə iki media nəhəngindən hələlik bir şərh gəlməyib. Amma birləşməni inkar da etməyiblər.

Rumıniya prokurorluğu Rusiyanın “Lukoil” neft-qaz şirkətinin bu ölkədəki iki milyard avro dəyərində olan aktivlərinə həbs qoyulması haqda qərar qəbul etdi. Söhbət LUKoil Europe Holdings Bvatrium Holland şirkətinin Niderland və Böyük Britanitada olan bank hesablarına və şirkətə məxsus Rumıniyanın Petrotel Lukoil S.A. səhmlərindən gedir. Hələ ötən ilin oktyabrında Rumınya polisi “Petrotel Lukoil S.A” şirkətinin zavodunda və ofisində 230 milyon avro məbləğində vergidən yayınma və çirkli pulların yuyulması şübhəsiylə axtarış aparıb. İndi isə prokurorluq yeni şübhəli halların ortaya çıxdığını bəyan edib. Şübhəlilər arasında “Petrotel Lukoil S.A” şirkətinin başçısı və daha 5 əməkdaşı da var.

“Qazprom” “Türk axının”ın tikintisi üçün “Saipem” ilə müqaviləsini ləğv etdi. “South Stream” şirkətinin məlumatında deyilir ki, qərar bir çox cari və kommersiya məsələləri üzrə razılığın əldə edilməməsi ilə bağlıdır. Layihə üzrə digər işlərin davam etdiyi bildirilir. Həmçinin qeyd olunur ki, “South Stream Transport B.V.” yaxın zamanlarda “Türk axın”ın ilk xəttinin çəkilməsi üçün potensial podratçılarla danışıqlara başlamaq niyyətindədir. Türkiyə ilə hökumətlərarası sazişin imzalanmaması üzündən tikintiyə başlamaq qeyri-mümkün idi. Bu şəraitdə “Qazprom” bütün məsuliyyəti İtaliyalı podratçının üzərinə qoyub. “Qazprom” şirkəti “Cənub Axını” layihəsinin dayandırılmasından sonra gəmilərin boş dayanmaları üçün “Saipem” şirkətinə 300 milyon dollar təzminat ödəməlidir. Bazar iştirakçıları istisna etmirlər ki,”Qazprom” dayanmalara görə ödənişin məbləğini azaltmağa çalışacaq.

Mayın 8-də “Saipem” “Türk axını” kəmərinin dəniz hissəsinin tikintisi üzrə “South Stream Transport” ilə müqavilənin yenilədiyini elan etmişdi.

Gəldik çatdıq öz ölkəmizə.

Yola saldığımız həftənin önəmli hadisələri bank sektoru ilə bağlı oldu. Mərkəzi Bankın sədri Elman Rüstəmov bank rəhbərləri ilə görüşdü. Hansı ki, bu görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olundu. MB sədri kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirdi. Görüşdən dərhal sonra Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul etdi. Bu addımın qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə atıldığı açıqlandı.

Dövlət Neft Şirkəti 2015-ci ilin iyun ayı üzrə ödənişlərini açıqladı. Məlum oldu ki, şirkət dövlət büdcəsinə 123 milyon 688 min manat vəsait ödəyib. 2015-ci ilin yanvar-iyun ayları üzrə bu rəqəm 728 milyon 730 min manat təşkil edib. Bundan əlavə, cari ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 942 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2 faiz çox olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 784 min manat təşkil edib.

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu tətili.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR