Çin birjasının qayıdışı, Yunanıstanın təslimi, İran zəfəri və bağışlanmayan kreditlər - HESABAT
Bizi izləyin

Hesabat

Çin birjasının qayıdışı, Yunanıstanın təslimi, İran zəfəri və bağışlanmayan kreditlər - HESABAT

Yola saldığımız həftənin gündəmini Yunanıstanla Avropa arasında müzakirələr, Çin birjasının böhrandan xilas edilməsi, eləcə də İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında əldə edilən razılaşma zəbt etdi.

Belə ki, Çin birjasında ötən ay baş verən kəskin enişdən sonra hökumət bazarları dəstəkləməyi qərarı aldı. Cümə gününə qədər bu dəstək öz təsirini göstərdi. Yunanıstanla Avropa arasında müzakirələr diplomatiyanın zəfəri ilə bitdi. İranın qapıları investisiya üçün beynəlxalq şirkətlərə açıldı. Hansı ki, bu xəbər neft bazarına mənfi təsir göstərdi. Neftlə bərabər qızıl da ucuzlaşdı. Qiymətli metal bir gündə hətta 12 dollar dəyər itirdi.

Başlayaq Çin birjasından. Bəzi mütəxəssislər birjadakı ani dalğalanmanı çöküş kimi dəyərləndirsələr də, vəziyyət artıq müsbətə doğru dəyişməkdədir. Belə ki, hökumət 250 milyard yuanı artıq birjaya yönəldib. Nəticədə Şanxay Mürəkkəb indeksi həftənin cümə günü 5.4 faizlik artımla 3.877 balda bağlanıb. Həftə sonu isə Shenzhen Mürəkkəb indeksi 4.86 bal artımla həftəni başa vurub.

Ölkə ilə bağlı digər əsas xəbər ilin ikinci rübündə iqtisadiyyatın keçən ilin eyni dövrünə nisbətən 7 faiz artım nümayiş etdirməsidir. Bu da Çin iqtisadiyyatının müqavimətli olduğunu ortaya qoyub. Çinin sənaye istehsalı 6.8 faiz olub. İnvestisiyalar isə 11.4 faizə yüksəlib. Yeri gəlmişkən, artım rəqəmləri açıqlandıqdan sonra Çinin hissələrinin itkiləri azalıb.

Qlobal neft istehlakı 2016-ci ildə gündəlik 1,34 milyon barel artımla 93,94 milyon barelə çıxacaq. Bunu isə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) açıqlayıb. Təşkilatın iyun ayına olan hesabatında qeyd edilir ki, qlobal neft tələbi gündəlik 1,28 milyon barel artacaq. Bununla da qlobal neft tələbi 92,61 milyon barelə yüksələcək. Xatırladaq ki, OPEC-in əvvəlki hesabatında qlobal neft tələb gündəlik 1,18 milyon barel artaraq qlobal neft tələbinin 92,5 milyon barel olacağı qeyd edilirdi.

İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında əldə olunan razılaşma (İranın qapıları investisiya üçün beynəlxalq şirkətlərə bundan sonra açıq olacaq) qlobal bazarları hərəkətləndirib. İran razılaşmasınıdan sonra Avropa səhmləri 2011-ci ildən bu yana ən yüksək qazanclarını əldə ediblər. Xüsusilə enerji şirkətlərinin hissələri yüksək nəticə nümayiş etdiriblər.

Onu da bildirək ki, İranla suların durulması neft bazarı üçün düşərli olmadı. Əvvəlcə neftin qiyməti düşdü. Həftənin ortasına doğru qiymətlər sabitləşsə də, “qara qızıl” birjalarda hələ də 60 dollardan aşağıdır. Qeyd edək ki, razılaşma İran neftinə tətbiq olunan embarqonu da mərhələli olaraq qaldırmağı nəzərdə tutur. Düzdür, bazar mütəxəssisləri hesab edir ki, İran nefti Avropaya 2016-cı ildən əvvəl ixrac edilməyəcək. Amma ixrac başladıqdan sonra neft ixracı 60 faiz nisbətində artacaq. İran Avropanın neft bazarının 42-43%-nə sahib çıxmaq niyyətindədir.

Söz neftdən düşmüşkən, dünya bazarının əsas neft təminatçısı Səudiyyə Ərəbistanı 2015-ci ilin iyununda 10,56 milyon barel neft hasil edib. Bu da bir il əvvəlki göstəricidən 200 min barel çoxdur. Ümumiyyətlə iyunda bütün OPEK üzvlərinin neft hasilatı gündə 31.4 milyon barel təşkil edib. 2015-ci ildə neftə tələbat gündə 1.4 milyon barel, 2016-cı ildə isə 1.2 milyon barel artacaq.

İngiltərədə işsizlik 2013-ci ildən bu yana ilk dəfə yüksəlib. Mart -may aylarında işsizlik 5.6 faizə yüksəlib. İşsizlərin sayının artmasında may ayında keçirilən seçkilərin təsir etdiyi güman edilir. Maraqlıdır ki, işsizliklə bərabər maaş ödənişləri də artıb.

Defolt olduğu deyilən Yunanıstana təcili yardım fondunun artırılması diplomatiyanın zəfəri olaraq dəyərləndirilir. Brüsseldə 17 saat davam edən fasiləsiz danışıqların nəticəsində yunan böhranına dair kompromis saziş imzalamaq mümkün oldu. Yunanıstanın baş naziri Aleksis Çipras bir çox məsələdə avropalı tərəfdaşlarının şərtlərini qəbul etdi. Nəticədə borc içində batan ölkə 3 il ərzində maliyyə yardımı alacaq. Göstəriləcək maliyyə yardımının ümumi həcmi 86 milyard avroya dəyərləndirilir. Bu vəsaitin Avropa Tənzimləyici Mexanizmi və Beynəlxalq Valyuta Fondundan cəlb edilməsi planlaşdırılır. Avropa Komissiyası, eyni zamanda, Yunanıstan iqtisadiyyatının bərpası üçün nəzərdə tutulmuş tədbirləri dəstəkləyəcək. Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin israr etdiyi kimi, Brüssel iqtisadi artımı və iş yerlərinin yaradılmasını stimullaşdırmağa çalışacaq. Afina Avropa fondlarından təxminən 35 milyard avroya yaxın vəsait alacaq. Təkliflər qüvvəyə minənədək isə Yunanıstan parlamenti şərtlər qismində irəli sürülmüş bir sıra tədbirləri müzakirə etməlidir. Burada söhbət idarəçilik islahatları, təqaüd sistemi mexanizminə yenidən baxılması, vergi bazasının genişləndirilməsi, həmçinin iqtisadiyyatın liberallaşdırılmasına yönələn geniş tədbirlərdən gedir. Bu tədbirlərin hamısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən tövsiyə olunub.

Ekspertlərin rəyinə görə, razılaşma qisa dövr üçündür. 3 il sonra sıx danışıqlara yenidən başlanacaq.

İspaniyanın Avropadan kənar sərmayəçiləri cəlb etmək məqsədilə iki il əvvəl tətbiq etdiyi “Qızıl Viza” proqramı gözlənilən müvəffəqiyyəti verməyib. Belə ki, "Qızıl Viza" investor tərəfindən 500.000 avro dəyərində daşınmaz əmlak və səhm satın allnmasını, banka 1 milyon avro yerləşdirilməsini, məşğulluğu nəzərdə tuturdu. Bunları təmin edən xarici sərmayəçilərə ölkə vətəndaşlığı almaq və Avropa Birliyi ölkələrinə səyahət imkan vəd olunurdu. Lakin “Qızıl Viza” tətbiq edildiyi gündən bu tərəfə İspaniyaya cəmi 744 investor gəlib. Hansı ki, eyni proqrama sahib olan qonşu Portuqaliyada bu rəqəm 50 faiz çoxdur. İspaniyada proqramın müvəffəqiyyətsiz olmasının başlıca səbəbi kimi isə bürokratik əməliyyatlar göstərilir. Məlumat üçün onu da vurğulayaq ki, İspaniyaya gələn xarici investorların əksəriyyəti ruslar (265) idi.

İş dünyası

Avropa Birliyində avtomobil satışı son 5 ilin ən sürətli artımını nümayiş etdirib. Avropa Avtomobil İxracatçıları Birliyi tərəfindən açıqlanan statistikaya görə, avtomobil satışı iyun ayında keçən ilin eyni dövrünə nisbətən 15 faiz artaraq 1,23 milyondan 1,41 milyona çatıb. Ən çox artım “Volkswagen”, “Peugeot” və “Fiat”ın yeni modellərində qeydə alınıb. Lüks vasitələr kateqoriyasından olan “Porsche”, “BMW” və “Lexus” markalarının satışları da artıb. Avtomobil satışlarındakı sıçrayış 2009-cu ilim dekabrındakı 16 faizlik artımdan sonra ən böyük artım göstəricisidir.

Avropanın ən böyük iqtisadiyyatı Almaniyada investor etibarı iyul ayında düşərək noyabr ayından bu yana ən aşağı səviyyəyə enib. Almaniya mərkəz bankı “Bundesbank”ın böyümə rəqəmləri ilə bağlı müsbət proqnozuna baxmayaraq investor etibarı azalıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə, Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Mərkəzi Bank iki bankın fəaliyyətinə xitam verdi. Eləcə də Biznes və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirildi. Hansı ki, banklar və bank olmayan kredit təşkilatları bundan sonra müştərilərə biznes kreditlərini 25%-dən, istehlak kreditlərini isə 29%-dən baha verə bilməyəcək.

Başlayaq prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından. İclasda dövlət başçısı bir sıra vacib məqamlara toxundu. Bunlar ipoteka kreditləşməsinə 200 milyon manat əlavə vəsaitin ayrılması, eləcə də bəzi hallarda aviabiletlərin qiymətinin süni şəkildə qaldırılması, hotellərin baha olması, Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətlərinin Bakıda və rayonlarda haqq qoyması kimi məsələlərdir. İlham Əliyev hər dörd məsələ ilə bağlı tapşırıqlarını verdi. Artıq bəzi sahələrdə hərəkətlilik nəzərə çarpmaqdadır. Konkret Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərov qısa zamanda AZAL tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşlar təşkil ediləcəyini deyib.

Mərkəzi Bank isə iki bankın fəaliyyətinə xitam verdi. Onlardan birində - ”EvroBank” ASC-də əmanət olmadığı, Azərbaycan Kredit Bankı” ASC-də isə əmanət yerləşdirildiyi bəlli oldu. Mərkəzi Bank əhalinin əmanətlərinin qaytarılacağını açıqladı.

Söz bank sektorundan düşmüşkən, MB sədri Elman Rüstəmov əhalinin kredit borclarının bağışlanması ilə bağlı yayılan şayiələrə münasibət bildirdi. O, kredit borclarının bağışlanmayacağını dedi: “Kredit borclarının bağışlanmasını deyirlər. Kimin hesabına? Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur. Bankın kapitalı bütövlükdə onun aktivlərinin 10%-ni təşkil edir. 90% çox vaxt vətəndaşların puludur. Kreditlərin bağışlanması ilə bağlı danışanda mənəvi baxımdan düşünmək lazımdır”.

Məndən bu qədər. Hər birinizə uğurlu bayram tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm