Son xəbər: milyardlarla dolları Dnepr çayına tökdülər, ABŞ və Rusiya axtarışdadır
Bizi izləyin

Hesabat

Son xəbər: milyardlarla dolları Dnepr çayına tökdülər, ABŞ və Rusiya axtarışdadır

Dünya Ukraynanı bölür, Türkiyə İranla razılaşmır, milyardlarla kim dolları suya tökür?

Gündəmi Ukrayna böhranı olan daha bir həftəni yola saldıq. Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Londonda görüşləri bir nəticəyə varmadı. Belə ki, Krımda keçiriləcək referendum əvvəli diplomatik həll üçün bir araya gələn maraqlı tərəflər 6 saat böhrana həll yolu axtardılar. Lakin görüşün sonunda nazirlər mövqelərini dəyişdirmədilər.

Lavrov, referendum nəticələrinə hörmət edəcəklərini, Kerry isə nə ölkəsinin, nə də beynəlxalq ictimaiyyətin bunu qəbul etməyəcəyini bəyan etdi. İkinci eyni zamanda referendumdan sonra Rusiyaya sanksiya tətbiq olunacağını da bildirdi. Kerry detallara varmasa da şimal qonşumuzu konkret olaraq İranın taleyi gözləyir desək yanılmarıq. Çünki ABŞ və Avropanın İrana qarşı sanksiyaları yumşaltması havadan alınmış qərar deyil. Belə ki, Rusiya sıradan çıxarıldığı halda sözügüdən güclərin enerji təhcizatının ödənilməsində İran variantı daha sərfəlidir.

Ukraynada böyük güclərin çəkişdiyi bir zamanda birjalarda da vəziyyət qarışıb.Təkcə Rusiya deyil, bütün iş adamları milyardlar itirməkdədirlər. Qeyd edək ki, dalğa ilk olaraq Asiya birjalarını vurdu. Honkonq, Sinqapur, Seul, Tokio, Şanxay və digər iri Asiya birjalarında müxtəlif şirkət aktivlərinin qiymətləri oynayır. Hadisələrdə maraqlı tərəflərdən biri sayılan Avropada da vəziyyət qənaətbəxş deyil. Daha doğrusu, indiyə qədər ən çox ucuzlaşma Avropanın fond birjalarında qeydə alınıb. London birjasında gün ərzində 1,9%, Paris birjası 2,5%, Almaniya fond birjası 3%, Polşa 4%, Budapeşt 4,5 %, Praqa birjası isə 2,2% faizlik ucuzlaşma ilə Krım böhranına reaksiya verib. ABŞ fond birjalarına gəlincə, birjaların indeksi ümumilikdə 1% düşdü. Nyu-York birjasında satışda olan Rusiya şirkətləri səhmlərinin qiyməti isə kəskin surətdə endi.

Başlayaq Avropa Birliyinin Ukraynaya yardımından. AB-nin ali icra orqanı olan Avropa Komissiyası Ukraynaya 11 milyard avro həcmində yardım göstərilməsi barədə təklif hazırlayıb. Bunu yola saldığımız həftə Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo açıqladı . O, bildirib ki, Avropa Birliyi qarşıdakı 2 il üçün Ukraynaya yardım paketi təklif etməyə hazırdır. Bura 1,4 milyard avro həcmində qrantlar və Avropa İnvestisiya Bankından ayrılacaq 3 milyard avro da daxildir. Barrozo ticarət, energetika sahələrində Ukraynaya dəstəyi artırmağa hazır olduqlarını söyləyib: “Beynəlxalq ictimaiyyət Ukraynanın iqtisadi və maliyyə durumunu sabitləşdirmək məqsədilə bu ölkəyə yardım üçün səfərbər olmalıdır”.

Həftənin daha bir hadisəsi ABŞ-ın BP üzərindəki federal tenderlərə girmə qadağasını qaldırması oldu. Xatırladaq ki, enerji nəhəngi 2010-cu ildə Meksika Körfəzindəki neft quyusunda yaşanan partlama və sızıntıdan sonra tenderlərdən məhrum edilmişdi. Şirkətdən verilən şərhə görə beş illik razılaşma çərçivəsində BP iş və ətraf təhlükəsizliyi tətbiqlərini, yoxlamaları artıracaq. Bu razılaşma nəticəsində BP yenidən Meksika körfəzində neft axtarışları da daxil olmaqla mərkəzi hökumətin açdığı bütün tenderlərdə iştirak edə biləcək.

Yeri gəlmişkən, razılaşmadan sonra şirkət Texasda açdığı iddianı geri götürdü.

İrlandiya iqtisadiyyatı 2013-cü ilin son rübündə 2,3 nisbətində daraldığı açıqlandı. Maliyyə böhranının ağır təsir etdiyi İrlandiyada 1 milyard avro məbləğində 10 illik dövlət istiqrazı satılsa da iqtisadi olaraq gözlənilən performans sərgilənməyib. Üçüncü rübdə 2,1 faiz böyüyən iqtisadiyyat, dördüncü rübdə daralıb. İllik əsasda 0,2 fazi iqtisadi artım gözlənilsə də 0,3 faiz azalma baş verdi. Bu arada mütəxəssislər rəqəmlərin xəbərdarlıq xüsusiyyəti daşıdığı fikirindədirlər.

Dünyanın ən böyük ikinci iqtisadiyyatı Çində ilin ilk iki ayında aşağı artım rəqəmləri qeydə alınıb. Hesabat dövründə ölkədə sənaye istehsalı, sərmayə xərcləmələri və pərakəndə satışları son illərin ən aşağı səviyyəsində qalıb.

Qeyd edək ki, Çin bu il üçün böyümə hədəfinin 7,5 olduğunu açıqlayıb. Ölkənin baş naziri Li Kıçiang ictimai borcun ÜDM-ə nisbətinin təhlükə sərhədi altında olduğunu bəyan edib: "Bu il daha qarışıq vəziyyətlə üzləşdiyimizi inkar etmirəm”. Çinli səlahiyyətlilər islahat etməyə başlasa da ölkədəki şirkətlərin borcu rekord səviyyədədir. Analitilərin araşdırmaları 945 orta və böyük şirkətin borcunun 5 il içində 260 faiz artdığını göstərir.

Avro Bölgəsində deflyasiyaya uğrayan ölkələrin siyahısına Slovakya və Portuqaliya da əlavə olunub.Slovakyada açıqlanan rəqəmlərə görə, istehlakçı qiymətləri fevral ayında 0,1 faiz nisbətində azalıb. Portuqaliyanın Statistika Komitəsi də fevral ayında qiymətlərin eyni nisbətdə düşdüyünü açıqlayıb. Beləcə Avro Bölgəsində Yunanıstan və Kipr Rum Seqmentindən sonra Portuqaliya ilə Slovakya da deflyasiya ilə üzləşib. İspaniyada fevral ayı inflyasiya 0 faiz olub.

Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi aylıq yığıncaqda Avro Bölgəsi üçün deflyasiya riski qalmadığını söyləmişdi. Beynəlxalq Valyuta Fondu isə təxminən 20 faiz ətrafında risk qaldığını bildirmşdi.

Türkiyə isə İrandan aldığı qazın qiymətindən narazıdır. Energetika və təbii sərvətlər naziri Taner Yıldız qazın satışı ilə bağlı İranın təklif etdiyi qiymətlərin beynəlxalq bazarda mövcud olan qiymətlərə uyğun olmadığını deyir: “Türkiyə İrandan qaz idxal edərkən vətəndaşların maraqlarını nəzərə almalıdır. Biz İranın satdığı qazın həcmindən razıyıq, amma bu, o demək deyil ki, bizə satılan qazın qiymətindən də razıyıq”.

İranın SHANA saytı isə İran Neft Nazirliyinin nümayəndəsinə istinadən bildirib ki, İran Türkiyəyə nəql etdiyi qazın qiymətini aşağı salmayacaq. Xatırladaq ki, 2012-ci ildən Türkiyə Azərbaycandan qazı 330 dollar/1000 kubmetr, Rusiyadan isə 400 dollara alır. İrandan alınan qazın qiyməti isə 500 dollar/1000 kubmetr təşkil edir.

İş dünyası

Kuala Lumpur- Pekin xətti üzrə uçan Boeing 777 təyyarəsinin itməsi iki şirkətin səhmlərində rekord itkiyə gətirib çıxardı. Dünyanın ən böyük təyyarə istehsalçısı “Boeing”in səhmlər New York Birjasında 2,3 faiz dəyər itirib.“Boeing”in səhmlər 125 dollar nisbəti ilə fevral ayından bu yana ən aşağı səviyyəyə geriləyib.İtən təyyarənin axtarışı davam edərkən Malayziya Hava yolları şirkətinin də hissələri rekord səviyyədə itki yaşayıb. Hava yolunun hissələri 18 faiz dəyər itirib. Xatırladaq ki, Malayziya Hava yolları keçən ili də zərərlə bağlamışdı.

Royal Dutch Shell Şimal Amerikaya qoyduğu sərmayələri 20 faiz azaldacağını açıqlayıb.Neft nəhənginin rəhbərliyində ilin əvvəlində baş verən dəyişiklikdən sonra Royal Dutch Shell strateji addımlar atmağa başlayıb. Keçən ilin dördüncü rübündə dəqiq qazancı azalan şirkət Şimal Amerikada qaya qazı istehsalı üçün əlində olan sahələri satmağa qərar verib. Onu da bildirək ki, Şimal Amerikada qaya qazından əldə edilən enerji kiçik şirkətlər üçün bir sərvət yaratsa da BP və Exxon Mobil kimi nəhənglər bu bazardan pay ala bilmədilər.

Amerikanın avtomobil istehsalçısı “General Motors” a qarşı istintaq başlayıb. İlk olaraq 10 il əvvəl ortaya çıxan qəza səbəbiylə ötən ay çox sayda avtomobil geri çağırılmışdı. Federal prokurorlar “General Motors”un indiyə qədər 13 adamın ölümüylə nəticələnən qəzada günahının olub-olmamasını araşdırır.

Məlumat üçün bildirək ki, avtomobil nəhəngi indiyə qədər təxminən 1 milyon 360 min vasitəsini baxım və təmir üçün geri çağırıb.

Gəldik çatdıq bol bəhrəli, 7-gunlük bayram sevincini gözləyən ölkəmizə. Əslində bayramla əlaqədar 7 günün qeyri-iş günü elan edilməsinin ölkə iqtisadiyyatına zərəri Ukrayna böhranının dünya iqtisadiyyatına vurduğu zərbəyə bərabər olacaq. Amma əminəm ki bizdə “düşünən beyinlər” buna da çarə tapacaqlar.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il üçün büdcəsinə dəyişiklik edilməsi barədə Müşahidə Şurası qarşısında vəsatət qaldırılıb. Fondun icraçı direktoru Şahmar Mövsümovun dediyinə görə, dəyişiklik Azərbaycan prezidentinin fərmanı ilə qaz layihələrinin idarə olunması üçün yeni yaradılan şirkətin 51 mln. ABŞ dolları məbləğində kapitalının formalaşdırılması üçün vəsaitin ayrılmasını nəzərdə tutur: “Düzdür, büdcədə bu vəsaitlər nəzərdə tutulmayıb. Lakin bu vəsait ARDNF-dən bilavasitə investisiya kimi təqdim edilir və uzunmüddətli investisiyadır”.

Ş.Mövsümov bildirib ki, Cənub Qaz Dəhlizinə daxil olan layihələrin maliyyələşdirilməsinə bu ildən başlanacaq və 2018-2019-cu ilədək davam edəcək: “Ondan sonra isə artıq bu layihələrdən gəlir əldə olunmağa başlanılacaq. Bu gəlir yeni yaradılan şirkətə yönəldiləcək və bu şirkət ARDNF-ə həmin vəsaitləri qaytaracaq.

Bu layihələrin maliyyələşməsinə 2-2,5 mlrd. dollara qədər vəsait tələb olunacaq. Bu vəsaitlərin qaytarılma dövrü də müxtəlifdir. Ümid edirik ki, 2023-2024-cü ilə qədər bu vəsaitlər artıq fonda qaytarılacaq”.

Qonşu ölkələrə investisiyaları artıran Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 95 mln. ABŞ dolları həcmində sərmayə yatırıb.Gürcüstan Milli Statistika Departamentinin ilkin hesabatına əsasən

2013-cü ildə xarici ölkələr Gürcüstan iqtisadiyyatına ümumilikdə 914 mln. dollar vəsait yatırıb və bu göstərici 2012-ci illə müqayisədə təxminən eyni səviyyədə qalıb. Gürcüstana daha çox Niderland (180 mln. dollar), Lüksemburq (145 mln. dollar), Çin (98 mln. dollar) sərmayə yatırıb. Azərbaycan isə bu sırada 4-cü yeri tutur. Azərbaycan kapitalı ötən il Gürcüstana yatırılan xarici sərmayənin strukturunda 10% paya malikdir. Gürcüstana yatırılan sərmayələr əsasən energetika, maliyyə, nəqliyyat sektoruna aid olub.

Hesabatda həmçinin qeyd olunur ki, 2013-cü ilin son rübündə Azərbaycan Gürcüstana 72 mln. dollar sərmayə yatırıb və bu göstəriciyə görə ölkəmiz lider olub.

Həftənin daha bir hadisəsi Azərbaycan dövlət istiqrazlarının beynəlxalq kapital bazarlarında ilk yerləşdirilməsinin uğurla başa çatması xəbəri oldu. Maliyyə Nazirliyindən verilən məlumata görə, ilk Azərbaycan bondlarının (istiqrazların) emissiyası xarici investorların böyük marağına səbəb olub. Belə ki, 1,250 mlrd. ABŞ dolları məbləğində dövlət qiymətli kağızlarının emissiyası gəlirliyi illik 5% olmaqla 10 il müddətinə buraxılıb. Bu göstərici istinad kimi əsas götürülən müvafiq müddətli ABŞ dövlət qiymətli kağızlarından 2,22% dərəcəsi yüksək olub. Müqayisə üçün bildirilir ki, daha yüksək kredit reytinqinə və qiymətli kağız buraxılışı təcrübəsinə malik Rusiyanın eyni müddətli dövlət qiymətli kağızları gəlirliyi illik 2,41%, Türkiyənin dövlət qiymətli kağızları isə 2,74% dərəcəsi ilə yerləşdirilib.

İnvestorların maraqlarının ifadəsi kimi, Azərbaycan qiymətli kağızlarına olan tələbat təklifdən 4 dəfə artıq olub və 160-dan çox ölkənin institusional investorlarını cəlb edib. Yerləşmənin nəticələrinə görə, investorların əksəriyyəti ABŞ-da olmaqla (47%), Birləşmiş Krallıq (25%), Almaniya (18%) və digər ölkələri (10%), o cümlədən Sinqapur, İsrail və s. əhatə edib.

Beynəlxalq bazarlarda ilk dövlət istiqrazlarının yerləşdirilməsi üçün «Barclays», «Deutsche Bank» və “Citi” investisiya banklarından ibarət sindikata Azərbaycan Maliyyə Nazirliyi tərəfindən səlahiyyət verilib. Ötən həftə ərzində Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi və İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyət investisiya bankları sindikatı ilə birlikdə Almaniya, Böyük Britaniya və ABŞ-da investorlar üçün təqdimatlar keçiriblər. Təsadüfi deyil ki, “Bloomberg”, “Financial Times”, “Reuters” və digər dünyanın nüfuzlu media orqanları tərəfindən ölkənin dövlət istiqrazlarının beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi geniş işıqlandırılıb.

Məndən bu qədər. Çalışın qəlb qırmayın, günah etməyin. Çünki hər addımın bir hesabı var.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm