Bayramda 7 günlük istirahət bizə necə zərər vuracaq?
Bizi izləyin

Hesabat

Bayramda 7 günlük istirahət bizə necə zərər vuracaq?

Bayramda 7 günlük istirahət bizə necə zərər vuracaq?

Yola saldığımız həftə Ukrayna böhranında maraqlı tərəflər kartlarını açıq şəkildə oynadılar. Belə ki, Avropa İttifaqı, eləcə də ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalara start verdilər. Qarşı tərəf də öz növbəsində borclu qalmadı. ABŞ hökümətinə daxil 9 nəfərin adını qara siyahıya aldı.

Başlayaq Ukrayna böhranından. Əgər əvvəllər Rusiya mavi qazın qiymətini qaldırmaq, borclarını ödəməklə bağlı Ukraynaya basqı edirdisə, artıq Avropa İttifaqı Federasiyadan mavi qaz idxalından imtina etməyi düşünür. Qeyd edək ki, Rusiya qaz kəmərləri Avropaya Ukrayna üzərindən keçir.

“Qazprom” Avropanın təbii qaza olan tələbatınını təxminən 30 faizini ödəyir. 2006-cı ildə Rusiyanın qısa müddətə qazın nəqlini dayandırması Qərbi Avropada həyacana səbəb olmuşdu.

Hazırda da bu qərarın nəticələrinin kiçik maştablı olmayacağı düşünülür. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri bildirir ki, Avropa İttifaqı ölkələri Rusiya ilə energetika və iqtisadi razılaşmaları yenidən gözdən keçirərsə, “Qazprom”un Avropa qaz bazarındakı payı ixtisara düşə bilər: "Avropa ABŞ-dan maye qazın idxal potensialını nəzərə alaraq “Qazprom”un payının azaldılması üçün siyasi iradə nümayiş etdirə bilər. Bu halda Qərbin neft-qaz şirkətləri yalnız uda bilər. Belə ki, Britaniya şirkətləri mayeləşdirilmiş təbii qazın ixracı üzrə ABŞ-ın altı layihəsindən üçündə iştirak edir. Bu qazın ilk çatdırılması isə 2017-2019-cu illərdə planlaşdırılır. İngiltərə və Hollandiyanın birgə şirkəti olan “Royal Dutch Shell” kompaniyası da maye qaz istehsalı edəcək üzən zavod texnologiyasına malikdir və bu şirkətə rəqabət üstünlüyü verə bilər. Fransanın “Total” şirkəti isə Böyük Britaniyada şist qazının hasilatı işlərini davam etdirir.

Prosesdə maraqlı tərəf olan ABŞ -ın da Rusiyaya qarşı iqtisadi sanksiyalarla bağlı öz planları var. Belə ki, prezident Barak Obama sanksiya tətbiq ediləcək rusiyalı milyarderlərin siyahısının artırılması barədə qərar aldıqlarını açıqlayıb. Obama Rəsmi Moskvaya xəbərdarlıq edərək daha sərt sanksiyaların hazırlandığını bildirib. Rusiyalı səlahiyyətlilərə qarşı sanksiyaların siyahısına 20 nəfəri yenidən əlavə etdiklərini söyləyib: "Ukrayna böhranı daha da təhlükəli duruma gəlib. Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyik. Bundan əlavə Rusiyaya məxsus "Bank Rossiya"nın hesabları dondurulub".

Yeri gəlmişkən, ABŞ-ın Rusiya məmurlarına və bəzi iş adamlarına sanksiya tətbiq etməsi rəsmi Moskvanın qəzəbinə səbəb olub. Rusiya xarici işlər nazirliyi öz saytında cavab kimi ABŞ məmurlarına tətbiq edəcəyi siyahını açıqlayıb. ABŞ prezidenti Barak Obamanın köməkçiləri Daniel Pfayffer və Benjamin Rods, Nümayəndələr Palatasının spikeri Con Beyner və senator Con Makkeyn Rusiyanın “qara siyahısı”na düşüb.Ümumiyyətlə isə tətbiq ediləcək sanksiyada ABŞ-ın 9 məmurunun adı var.

Rusiya Mərkəz Bankının isə Ukrayna böhranından sonra başlayan narahatlıqları azalıb.

Bank ölkədən çıxan böyük pullara qarşı qadağa tətbiq etməyəcəyini açıqlayıb. Qeyd edək ki, Krım səbəbiylə yaşanan böhran Rusiyadan böyük sərmayə çıxışına səbəb olub.Düzdür, Rusiya Mərkəz Bankı tətbiq etdiyi pul siyasətinin sabitliyi təmin edəcək qədər güclü olduğunu bildirir.

Bank 10 faiz dəyər itirən milli pul vahidi rublunu dəstəkləyir. Lakin Rusiyanın İqtisadiyyat Nazirliyi, yanvar və fevral aylarında ölkədən çıxan cəmi sərmayənin həcminin 35 milyard dollar olduğunu açıqlayıb. Beləcə 2013-cü ildə Rusiyadan cəmi 62 milyard dollar sərmayə çıxışı reallaşıb. İlin ilk dörddəbirində bu rəqəmin 70 milyard dollar ola biləcəyi deyilir.

Amerika Mərkəzi Bankının (FED) da dərdi var. Bankın rəhbəri Canet Yellen ilk toplantısını keçirdi. Birjaların maraqla gözlədiyi toplantıda pul alışının üçüncü dəfə azaldılmasına qərar verildi. Beləcə 65 miyard dollar olan aylıq pul alışı 55 milyarda endirildi. Bank daha əvvəl 85 milyard dollar olan pul alışını ikidəfə kəsmişdi.

FED həmçinin 2015-ci ildən əvvəl faiz artırımına gedilməyəcəyini də bəyan edib.Bildirək ki, Yellenin qərarlarından sonra Amerikada işsizlik rəqəmləri son olarak 6,7 faizə düşərək FED-in proqnozlaşdırdığı 6,5 faizə yaxınlaşıb.

İş dünyası

Qonşu Türkiyədən ev alan əcnəbilərin sayı artıb. Açıqlanan rəqəmlərə görə, 2013-cü ildə yanvar oktyabr aylarında 98 ölkədən 15.086 xarici 9.888 torpaq sahəsi və 11.803 mənzil alıb. Beləcə əcnəbilər 21.691 daşınmaz əmlak satın almış olublar. Alıcılar arasında Rusya, Almaniya, İngiltərə, Norveç və Azərbaycan vətəndaşları üstünlük təşkil ediblər. Körfəz ölkələri, Belçika, Danimarka, Finlandiya, Hollandiya, İrlandiya, Qazaxıstan, Ukrayna vətəndaşlarının da Türkiyədən daşınmaz əmlak alışı artıb. Konkret, ruslar Türkiyədə 1.008 torpaq sahəsi, 2.314 mənzil satın alaraq birinci sırada qərarlaşıblar. Almanlar 1.664 torpaq sahəsi,973 mənzil, İngilislər 129 torpaq sahəsi 1.326 mənzil almaqla üçüncü sırada yer tutublar.

Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları “Naftoqaz” şirkətinin rəhbəri Yevqeni Bakulini ölkədə keçirilən neft-qaz sahəsində korrupsiya ilə bağlı əməliyyat çərçivəsində həbs edib.

Daxili İşlər Nazirliyinin keçirdiyi korrupsiya faktı ilə bağlı araşdırmalar nəticəsində məlum olub ki, dövlət içində mövcud olan cinayətkar qrup büdcəyə təxminən 4 mlrd. dollar zərər vurub. Araşdırmaların nəticəsinə görə, büdcəyə dəyən zərər dövlətin bir sıra rəsmiləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Yevqeni Bakulin 2010-cu ilin mart ayından “Naftoqaz Ukrayna” şirkətinin rəhbəridir. Bundan əvvəl o, 2007-ci ilin mart ayından dekabra qədər olan müddətdə də şirkətə rəhbərlik edib.

Kanadanın telekomunikasıya şirkəti "BlackBerry" sekrota qayıdışı ilə bağlı sahib olduğu qaynaqları fərli şəkildə istifadə etmək yönündə yeni proqrama başlayıb. Bunun tərkib hissəsi kimi ölkədəki mülkiyyətinin böyük qismini satmaq, bəzilərini kirayə vermək qərarına gəlib. Satış və kirayə müqavilələri 2015-ci maliyyə ilinə qədər davam etdirilməsi planlaşdırılıb.

Nəhayət gəldik çatdıq Azərbaycana. Ölkəmizdə hamı bayram əhval- ruhiyyəsindədir. 7 günlük tətilin, konkret işsizliyin iqtisadiyyatımıza hansı zərbələri vuracağını hesablamağa hələki kimsə tələsmir. Lakin artıq 2 aydır müşahidə olunan pul qıtlığının aprel və qarşıdakı aylarda dərinləşəcəyi istinasızdır.

"Şahdəniz-2" layihəsi çərçivəsində 6 yeni müqavilə imzalanıb. "BP Azərbaycan" xəbər verir ki, həm layihə idarəetmə xidmətlərini, həm də tikinti işlərini əhatə edən bu müqavilələr 17 dekabr 2013-cü il tarixində elan edilmiş yekun investisiya qərarlarından sonra gerçəkləşib. Bu müqavilələrin bağlanması layihənin icrası qrafikinin əsasını təşkil edir. Mühüm işlənmənin çoxsaylı sahələrində əldə edilən irəliləyişə əlavədir.

Türkiyədə fəaliyyət göstərən "Denizbank" İzmirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)"Star" neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsində iştirak edəcək. "Denizbank" bu məqsədlər üçün 500 milyon dollar vəsait ayırmağa hazır olduğunu ifadə edib. Mətbuatın yazdıqlarına görə, ARDNŞ Türkiyə bankına Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) layihəni maliyyələşdirməkdən imtina etmələrindən sonra müraciət edib.Həmçinin ARDNŞ və "Denizbank" arasında razılaşmanın əldə olunduğunu bildirib.Bu layihənin maliyyələşdirilməsi üçün ARDNŞ artıq 475 milyon dollar vəsait ayırıb.ARDNŞ-nin Türkiyədə NEZ tikintisi layihəsinin dəyəri beş milyard dolları ötür.

Xatırladaq ki, Azərbaycan mediasında ARDNŞ-in sözügedən layihəsinin iflas etdiyi bildirilirdi.

Rusiyanın enerji nəhəngi "Qazprom" Azərbaycanın “Şahdəniz” layihəsi kimi rəqibləri ilə mübarizə üçün Avropa bazarında qiymətlərin endirməyi nəzərdə tutur. “Bloomberg”in məlumatına əsasən

2015-ci ildə Norveçdən Avropaya qaz idxalının həcmi dəyişməsə də, Əlcəzairdən alınan qazın həcmi azalır. İlkin hesablamalara görə, gələn il Avropa Birliyində yanacağa tələbatda da artım olmayacaq. Məlumatda qeyd edilir ki, qiymətlərin aşağı olması Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəqlini və ABŞ-ın maye qaz nəqli üçün müəssisələrin yaradılmasını da az cəlbedici edə bilər. Keçən ilin dekabrında “Şahdəniz” yatağından 2-ci mərəhələdə çıxarılacaq qazın Avropaya satışı haqda saziş imzalanıb. Bu yataqdan Avropaya qaz nəqlinin 2019-cu ildən başlanması planlaşdırılır.

“Bloomberg” hesab edir ki, Rusiya 2020-ci ildə Avropa bazarına daxil olmağı planlaşdıran rəqbi təchizatçılarla mübarizə üçün qiymətləri aşağı sala, beləliklə də bazarda mövcud olan aşağı qiymət alternativ layihələrə marağı azalda bilər.

“Banklar faizləri qaldırmaq üçün xərclərini şişirdirlər”. Bunu isə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, sahibkarlara verilən bu günki yüksək faizlər məqbul deyil:“Bəzən banklar xərcləri şişirdirlər ki, faizləri yuxarı qaldırsınlar. Amma biz monitorinq aparsaq, daha dəqiq təhlillər etsək heç şübhəsiz ki, bankların sahibkarlara verdikləri kreditlərin faiz dərəcələri aşağı düşəcək. Əvvəlki illərə nisbətən hazırda kifayət qədər ucuz vəsaitləri cəlb etmək mümkündür. Banklar ucuz maliyyə vəsaitlərini cəlb edə və bunu xeyli səmərəli formada istifadə edə bilərlər”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm