• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

DİQQƏT: 1 apreldə kimlər avtomobilsiz qalacaq?

  • Hesabat
  • 29 Mart 2014 14:38
  • 3 352 Baxış
DİQQƏT: 1 apreldə kimlər avtomobilsiz  qalacaq?

Həftə istər Avropa Birliyi ölkələri , istərsə də Rusiya iqtisadiyyatı üçün bədbin notlar üzərində bitdi. Belə ki, İspaniya və Almaniyada açıqlanan aşağı inflyasiya rəqəmləri qiymət geriləmə riskini artırdı. Rusiya ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara qarşı tədbirlərə start verdi.

İqtisadiyyatı çökən Ukrayna Beynəlxalq Valyuta ilə 18 milyard dollar həcmində kredit razılaşması imzaladı. Həftənin əvvəlindən rus rublu Krımda istifadəyə buraxıldı . 2015-ci ilin sonuna qədər ölkədə Ukrayna milli pul vahidi grivna ilə bərabər rubl da dövriyyədə olacaq. Hansı ki bu da iş dünyası üçün ağır mərhələ sayılır. İqtisadçılara görə, Ukrayna və Rusiya iqtisadiyyatları arasında əlaqə olsa da adaptasiya müddəti asan olmayacaq.

Başlayaq Rusiyadan. Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar elan olunduğu vaxtda sərmayəçilər narahat olmağa başlayıb. Rusiya iqtisadiyyat nazirinin müavini Andrey Klepaç zəif inkişaf və inflyasiyanın artması ilə bağlı xəbərdarlıqla çıxış edib. Rusiya rəsmisi tənəzzülün gözlənilmədiyini desə də, "durğunluq probleminin" aktual olduğunu vurğulayıb. O ilin ilk rübündə artımın gözlənilmədiyini bildirib. Qeyd edək ki, ötən il Rusiyadakı iqtisadi artım 1.3 faiz təşkil edib. Lakin Klepaç hazırda hökm sürən iqtisadi "durğunluqdan çıxmaq" barədə söhbətlərin "erkən olduğunu" sayır.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ilin ilk rübündə Rusiyanı tərk edəcək kapitalın həcmi 70 milyard dollara yaxın ola bilər. Bu da 2013-cü il ərzində Rusiyadan çıxarılan 63 milyard dollara nisbətdə əhəmiyyətli artım təşkil edir. Klepaç ABŞ və Aİ sanksiyalarının indiyədək əhəmiyyətli təsir göstərmədiyinidə deyib. O Qərblə əlaqələrin pisləşməsinin iqtisadi inkişaf və kapitalın çıxarılmasına zəmin yaradacaq mənfi amil olduğunu deyib.

Bu arada Rusiya ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara qarşı tədbirlərə başlayıb. Belə ki, Krımın Rusiyaya tabe edilməsindən sonra Amerika şirkətləri “MasterCard” və “Visa” sanksiya siyahısına alınan banklara xidmət etməyi dayandırmışdı. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin öz beynəlxalq ödəmə sistemlərini quraraq, Qərb mərkəzli şirkətlərdən asılılıqlarını azaldacaqlarını açıqlayıb: "Bəzi şirkətlərin məhdudlaşdırma qərarları kədərli vəziyyətdir. Bu qərarın eyni şirkətlər üçün çox qazanclı olan bazarı itirmələrin ilə nəticələnəcəyini düşürəm. Bu bizim qərarımız deyil. Mənfəətlərimizi qorumaq məcburiyyətindəyik və bunu edəcəyik". .

Bildirək ki, ötən həftə Rusiyaya xidməti dayandıran “MasterCard” və “Visa” sanksiya tətbiq olunan banklarda hissələri olan digər maliyyə təşkilatlarını da hədəf alıblar. Onu da vurğulayaq ki, xüsusilə 1991-ci ildən sonra qlobal sistemə daha çox inteqrasiya olunan Rusiyada 30 milyon kredit kartı istifadəçisi var. 143 milyon əhalilisi olan ölkədə nağd pul dövranı daha irəlidədir. Ölkədə istifadə edilən kartların sayı isə 192 milyon ətrafındadır.

Siyasi gərginlikdən iflasın bir addımlığına gələn Ukrayna Beynəlxalq Pul Fondu (IMF) ilə qurtarma proqramı imzalayıb. Razılaşmaya əsasən BVF Ukraynaya 18 milyard dollar kredit ayıracaq. Üç həftə davam edən müzakirələrin ardından imzalanan razılaşma Ukraynaya veriləcək digər kreditlərin də önünü açıb.

Ölkənin baş naziri Arseniy Yatsenyuk BVF-nın kreditin ayrılması üçün tələb etdiyi islahatlarla bağlı parlamentdən kömək istəyib: "Ölkə iqtisadi və maliyyə iflasın bir addımlığındadır. Əgər bu qanunlar qəbul edilməzsə ÜDM ən azı 10 faiz azalacaq”.

Yeri gəlmişkən Rəsmi Kiev bu islahatları yerinə yetirərsə Amerika və Avropa Birliyindən gələcə keditin miqdarı iki il ərzində 27 milyard dollara yüksələcək. Kredit razılaşması çərçivəsində önümüzdəki aydan etibarən ölkədə qazın qiyməti 50 faiz artırılacaq. Bundan əlavə BVF Ukraynada sui-istifadə ilə mübarizəni, mühakimə, vergi orqanlarının işini nəzərdən keçirəcək.

Yola saldığımız həftə Rusiya ilə Ukrayna arasəndakı mavi qaz çəkişməsi də bir sonluğa varmadı. Ukrayna rəhbərliyi Rusiya ilə əldə edilən endirimli qaz razılaşmasının müddətinin sona çatması səbəbindən Avropa Birliyi alternativinə yönəldi. Rus qazını daha aşağı qiymətə alan ölkələrdən enerji idxal etməyi planlaşdıran Ukrayna Slovakya üzərindən bu ehtiyacını aradan qaldırmağı düşünür. Nəqliyyat xərci və sərmayə üçün lazımlı olan 20 milyon avronu isə Avropa Birliyi qaynaqlarından təmin etməyi planlayır.

Avropa Komissiyasının sənayedən məsul olan rəhbərinin köməkçisi Antonio Tajani Avropa Mərkəz Bankının rolunun müzakirətə çıxardı. İtalyan siyasətçi Tajani, avronun dollar qarşısında çox güclü olduğunu və bunun İspaniya, İtaliya və Fransa sənayesinə mənfi təsir etdiyini bildirdi: ”Seçkilərdən əvvəl bu mövzunun müzakirəsinə ehtiyac var”. Amerika Mərkəz Bankını ( FED) nümunə göstərən siyasətçi, Avropa Mərkəz Bankının vəzifələrinə işsizlik və qiymət sabitliyinin də əlavə olunmasnın vacibliyini vurğuladı.

Fransada isə hökümətin həyata keçirdiyi tədbirlərə rəğmən işsizlik nisbəti fevral ayında 0,9 faiz dı artıb.

İş Nazirliyinin açıqladığı rəqəmlərə görə, ölkədə iş axtaranların sayı ötən ay 31 min 500 nəfər artıb. Beləcə Fransada rəsmi işsizlərin sayı 3 milyon 350 minə yaxınlaşıb. Ölkədə işsizlik nisbəti 10,2 səviyyəsinə yüksəlib.

Buna baxmayaraq hökumet, iqtisadi islahatların, xərcləmələrin kəsilməsinin və 30 milyard avro böyüklüyündə yardım proqramının davam edəcəyini bildirib.

Iş dünyası

Həftənin daha bir əhəmiyyətli hadisəsi İngiltərə hökumətinin Lloyds Bankçılıq Qrupundakı hissələrinin 7,8 faizini satması oldu. Keçən ili qazancla bağlayan Lloyds Bankçılıq Qrupundakı hissələrin satışından 6,9 milyard dollar gəlir əldə edildiyi söylənilir. Satışdan sonra hökümətin Lloyds Bankçılıq Qrupundakı payı 25 faizə düşdü.

Dünyanın ən böyük ictimai şəbəkəsi “ Facebook” sərmayələrini artırır. “WhatsApp” üçün 19 milyard dollar ödəyən “Facebook” virtual həqiqət oyun gözlüyü çıxaran “Oçulus”u satın alıb. İctimai şəbəkə iki il əvvəl yaradılan şirkət üçün 2 milyard dollar ödəyib. Razılaşmadan sonra “Facebook” virtual həqiqət texnologiyasının gələcəkdə ictimai ünsiyyət platforması olacağını bəyan edib.

Yapon avtomobil nəhəngi” Honda” isə İngiltərədəki istehsalını azaltmağı qərara alıb.Belə ki,

avropada avtomobil satışlarının artmasına qarşı “Honda” gözlədiyi nəticəni ala bilməyib. Satışların azalması nəticəsində istehsalı salmağa, həmçinin 340 adamı işdən çıxarmağa qərar verib. Ümumiyyətlə indiyə qədər işçi qüvvəsini 10 faiz azaldan Yapon nəhəngi, bu il 120 min avtomobil istesalını planlayır.

Gəldik çatdıq öz bol-bəhrəli ölkəmizə. Nə var bizdə var. 7 günlük bayram tətilindən sonra ölkə iqtisadiyyatı hələ də özünə gəlməyib.2 günlük iş günüdə bəzi iqtisadi qurumlar yatdı. Bəziləri isə standartlara, qaydalara dəyişikliklərlə 2 günü yola verdilər. Allah axırını xeyir etsin başqa nə deyək.

Başlayaq “Euro-4” ekoloji normalarına uyğunlaşdırma ilə bağlı tədbirlərdən. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Yol nəqliyyatı. Ekoloji siniflər” (AZS 636-2012) dövlət standartına dəyişiklik edib. Dəyişikliyin tətbiq vaxtı aprelin 1-dən müəyyən edilib.

Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib. Xatırladaq ki, Nazirlər Kabinetinin «Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Euro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Euro-4” ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Euro-4” ekoloji normalara uyğun olması əsas götürüləcək.

Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalının tam qadağan edilməsi ilə əlaqədar Nazirlər Kabineti “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2009-cu il 8 yanvar tarixli qərarına dəyişikliklər etdi. Dəyişikliyə əsasən, bundan sonra Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. Buna müvafiq olaraq “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”na da dəyişiklik edilib. Bundan sonra alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə deyil, ümumiyyətlə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.

Beləcə daha bir həftəni yola saldıq. Hər birinizə yaxşı həftə sonu tətili.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR