• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Böhran şeyxləri ayağa qaldırdı, FED-in faizləri nə zaman artıracağı bəlli oldu - HESABAT

  • Hesabat
  • 1 May 2016 10:05
  • 3 744 Baxış
Böhran şeyxləri ayağa qaldırdı, FED-in faizləri nə zaman artıracağı bəlli oldu - HESABAT

Yola saldığımız həftə neftin qiyməti 2015-ci ilin sonlarından bu tərəfə ilk dəfə 47 dolları keçdi. Dünyanın ən böyük suveren fondu hesab edilən Norveç Dövlət Pensiya Fondunun sərmayə yatırdığı səhmlərin qiyməti düşdü. Rusiya iqtisadiyyatının 2016-cı ilin mart ayında keçən ilin analoji dövrü ilə müqayisədə 1,8% azaldığı bəlli oldu. Amerika Birləşmiş Ştatlarında isə ümumi daxili məhsul bu ilin ilk rübündə illik əsasda 0.5 faizə gerilədi. “Fitch" beynəlxalq reytinq agentliyi inkişaf etməkdə olan ölkələrin xarici borclarının artdığını açıqladı.

Başlayaq 870 mlrd. dollarlıq aktivləri ilə dünyanın ən böyük suveren fondu hesab edilən Norveç Dövlət Pensiya Fondunun (Neft Fondu) sərmayə yatırdığı səhmlərin qiymətinin düşməsindən. Fondun investisiyaları 2016-cı ilin ilk rübündə 0,6% və ya 10 mlrd. dollar zərər gətirib. Son 4 ilin ən böyük azalması (3,6%) isə 2015-ci ilin III rübündə qeydə alınıb. Qeyd edək ki, fondun dünyanın 9000 şirkətində (o cümlədən "Nestle" və "Apple" şirkətlərində) payı var. Norveçdə ÜDM-in 25%-i neft-qaz sənayesinin payına düşür. Ötən il xammal qiymətlərinin düşməsi nəticəsində Norveçin karbohidrogen ixracından gəlirləri 2014-cü ilə nisbətən 27% azalaraq 45 mlrd. dollara enib.

Neftin ucuzlaşmasının fəsadlarını yaşayan daha bir ölkə Rusiyadır. Şimal qonşumuzun iqtisadiyyatı 2016-cı ilin mart ayında keçən ilin analoji dövrü ilə müqayisədə 1,8% azalıb. Rusiya iqtisadiyyatı 2016-cı ilin yanvar ayında 2,6% azalıb, fevral ayında isə dəyişiklik qeydə alınmayıb. İqtisadçılar martda ÜDM-in 1,9% azalacağını proqnozlaşdırmışdılar. Ümumilikdə isə Rusiya ÜDM-i 2016-cı ilin ilk rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 1,4% azalıb.

Beynəlxalq maliyyə qurumları da Rusiya iqtisadiyyatı ilə bağlı nibkin mövqedə deyillər. Belə ki, Dünya Bankı bu il Rusiya iqtisadiyyatının 1,9%, Beynəlxalq Valyuta Fondu isə 1,8% azalacağını düşünür. Yanvar hesabatlarında isə bu proqnozlar müvafiq olaraq -0,7% və -1% olub.

Rusiya Bankı (Mərkəzi Bank) neft qiymətlərinin 30 dollar/barelə yaxınlaşacağı təqdirdə iqtisadiyyatın 2016-cı ildə 1,3-1,5% azalacağını proqnozlaşdırır. Ötən il isə Rusiya iqtisadiyyatı 3,7% azalıb. İqtisadi artımın 2017-ci ildən etibarən başlayacağı ehtimal olunur.

Amerika Birləşmiş Ştatlarında isə ümumi daxili məhsul bu ilin ilk rübündə illik əsasda 0.5 faizə geriləyib. ABŞ İş Nazirliyinin məlumatlarına görə, bu son 2 ilin ən aşağı rəqəmidir. Ötən ilin son rübündə ABŞ ÜDM 1.4 faiz qeydə alınmışdı. Onu da bildirək ki, ABŞ-da mənzil bazarı da daxil olmaqla bütün sektorlarda zəifləmə qeydə alınıb. ABŞ Mərkəz Bankının (FED) aprel toplantısı da yola saldığımız həftəyə təsadüf etdi. Yığıncaqda 0,25-0,50 aralığındakı faiz nisbətləri gözlənildiyi kimi sabit tutuldu. FED-in dəyişməyən nisbətlərinə baxmayaraq, ABŞ iqtisadiyyatının güvən təmin etdiyinə işarə etməsi qurumun iyun faiz nisbətlərini artıracağına dair fikirlərə yol açıb. FED səlahiyyətliləri bildirir ki, ABŞ iqtisadiyyatında yavaşlama olsa da, məşğulluq rəqəmləri yaxşılaşıb və inflyasiya nəzarətdədir.

Xatırladaq ki, FED faiz nisbətlərini təxminən 10 il aradan sonra ötən ilin dekabr ayında artırmışdı. FED-in təyin etdiyi rəqəmlər bankların Mərkəz Bankdan borclanarkən ödəyəcəkləri faiz nisbətini ifadə edir.

Fransada işsizlik nisbəti mart ayında 2000-ci ildən sonrakı ən böyük enişini yaşayıb. Fransada işsizlərin sayı 3 milyon 531 min nəfərə düşüb. İş Nazirliyinin xəbərinə görə işsizlik keçən ay əvvəlki ayla müqayisədə 1.7 faiz, 2015-ci ilin mart ayı ilə müqayisədə isə 0.5 faiz nisbətində geriləyib. Bu arada Fransa İqtisadi Araşdırmalar və Statistik Milli İnstitutu işsizlik nisbətinin 2016-cı ilin iyun ayının sonuna 10.2 faizə düşəcəyini proqnozlaşdırır.

“Fitch" beynəlxalq reytinq agentliyi inkişaf etməkdə olan ölkələrin xarici borclarının artdığını bildirir. 2015-ci ilin ilk yarısının yekununda özəl sektorun ÜDM-yə nisbətdə ən çox borcu olan ölkələrin arasında Türkiyə liderlik edir. Belə ki, Türkiyədə özəl sektorun borcunun ÜDM-də xüsusi çəkisi 46%-ə çatıb. Bu sırada ikinci sırada 41%-lə Rusiya qərarlaşıb. Özəl sektorun xarici valyutada borcunun ÜDM-də xüsusi çəkisinə görə də Türkiyə (41%) ilk sırada yer alıb. Rusiya isə 37%-lə ikinci olub. Bu göstəricinin inkişaf etməkdə olan ölkələr arasında ən aşağı həddi Çindədir (10%). Agentlik qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin yerli valyutalarının devalvasiyası bu ölkələrdə iqtisadi riskin artmasına səbəb olub. Qlobal iqtisadi vəziyyətin qeyri-müəyyənliyi inkişaf etməkdə olan ölkələrin maliyyə sistemləri və suveren kredit qabiliyyətinə mənfi təsir edib.

"Fitch" bildirib ki, 2015-ci ilin iyun ayından 2016-cı il mart ayına qədər milli valyutaların devalvasiyası Rusiyanın özəl sektorunun xarici valyutada borc yükünü ÜDM-in 8%-i, Braziliya və Cənubi Afrikada 4%-i, Türkiyə və Meksikada isə 2%-i qədər artıracaq.

Bu ölkələr arasında məcmu yerli və xarici valyutada borcun ÜDM-də xüsusi çəkisinə görə 2015-ci ilin ilk yarısı etibarilə ilk sırada Çin (243%) yer alıb. Onu 162%-lə Braziliya izləyir. Ən aşağı göstərici isə İndoneziyada (79%) qeydə alınıb. Xarici valyutada məcmu borcun ÜDM-də payına görə isə yenə də Türkiyə (53%) liderdir. Agentlik bildirib ki, yüksək borc yükü inkişaf etməkdə olan ölkələrin suveren kredit reytinqinə mənfi təsir edir.

Böhran ərəblərə də çatıb. Rəsmi Ər-Riyad ölkəsinin neftdən asılılığını 2020-ci ilə qədər aradan qaldırmaq planlarını açıqlayıb. Ekspertlərin fikrincə, vergi yükünü artırmadan, subsidiyaları azaltmadan islahatların icrası mümkün olmayacaq. Bu da ölkədə iqtisadi artım tempini aşağı salacaq.

"Aramco" milli neft şirkətinə nəzarət edən İnkişaf və İqtisadiyyat işləri üzrə Şuranın rəhbəri şahzadə Məhəmməd bin Salmanın hökumətə təqdim etdiyi islahatlar planında Səudiyyə Ərəbistanının 2020-ci ilə qədər "neftsiz yaşaya biləcəyi" elan edilib. "Əl-Ərəbiyyə" kanalına açıqlamasında şahzadə Salman deyib ki, planın həyata keçirilməsi üçün neftin qiymətinin neçə olacağı önəmli olmayacaq. Açıqlamadan sonra S.Ərəbistanının TASİ fond birjası indeksi 2,5% artıb. Plana əsasən, Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldıran əsas alət "Public İnvestment Fund" (suveren investisiya fondudur) olacaq. Fondun aktivləri qısa müddətdə 2 trln. dollara çatdırılacaq və aktivlərə ölkənin əsas sənaye və daşınmaz əmlak şirkətləri daxil olacaq. Bu şirkətlərin tez bir zamanda özəlləşdirilməsi nəzərdə tutulub. Dövlət müəssisələrinin özəlləşdirilməsindən əldə olunan gəlirlərin xarici aktivlərə yönəldilməsi nəzərdə tutulub. Nəticədə Fond dünya üzrə məcmu investisiya həcminin 10%-nə sahib olacaq.

Ölkənin əsas aktivi dünyanın ən nəhəng neft ehtiyatlarına və ixracatına sahib olan "Aramco" şirkətidir. Səudiyyə Ərəbistanı "Aramco"nun 5%-ni özəlləşdirməyi (səhmlərin satışını) planlaşdırıb. Şahzadə Məhəmməd bin Salmanın fikrincə, "Aramco"nun səhmlərinin satışı dünyada ən yüksək həcmdə səhm emissiyası olacaq. Bu arada şirkətin 2014-cü ildə gəliri 378 mlrd.dollar təşkil edib. Onun bazar qiyməti 1 trln. dollara yaxın olduğu bildirilir ki, bu da dünya fond birjalarında ən bahalı şirkət deməkdir. "Bloomberg" agentliyi "Aramco"nun 260 mlrd. barel neft ehtiyatı və 10 dollar/barel qiyməti ilə dəyərinin 2,5 trln. dollar olduğunu bildirib. "The Financial Times" isə şirkətin dəyərinin 10 trln. dollar olduğunu qeyd edib. Şahzadə isə daha təvazökar şəkildə "Aramco"nun 2 trln.dollar dəyərində olduğunu açıqlayıb.

İş dünyası

“Apple”in 13 il sonra ilk dəfə illik əsasda satışları azalıb və birjada 8 faiz dəyər itirib. Bundan sonra şirkətin ən böyük sərmayəçilərindən olan iş adamı Carl İcahn hissələrini satmaq qərarı verib. Milyarder iş adamı 2013-cü ildə bu hissələrin satışından 2 milyard dollar əldə etmişdi.

“Amazon.com” maliyyə ilinin ilk rübünü qazancla yekunlaşdırıb. Amazonun satışları bu dövrdə 28 faiz artımla 29 milyard 200 milyon dollara çatıb. Bu rəqəm şirkətin 2012-ci ildən bu yana çatdığı ən böyük gəlir artımı deməkdir.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə...

SOCAR-ın konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edir. Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib. S.Qasımov qeyd edib ki, bura həm xarici, həm daxili borclar aiddir: “Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərinin manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub".

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və təmin edilməmiş borc öhdəlikləri reytinqini “Ba1” səviyyəsində təsdiqlədi. Agentliyin yaydığı hesabatda bildirilir ki, reytinqin “Baa3” səviyyəsindən “Ba1” səviyyəsinədək endirilməsi son bir neçə ayda Azərbaycanın kredit profilinin əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır. “Bununla yanaşı, ölkənin Dövlət Neft Fondundakı (ARDNF) iri həcmli xarici aktivləri, suveren ehtiyat fondu aşağı neft qiymətlərinin iqtisadiyyata və hökumətin balans hesabatına təsirini yumşaltmağa yardım edir və Azərbaycana aşağı neft qiymətlərinə uyğunlaşmaq üçün müəyyən zaman verir. Proqnozun mənfi olması isə iqtisadi gücün zəifləməsi əsasında Azərbaycanın kredit profilinə olan təzyiqlərin davam etməsini əks etdirir”. Agentliyin ekspertləri onu da vurğulayır ki, hökumətin şoklara davam gətirməsi üçün kifayət qədər fiskal buferi var. Buna xüsusilə ARDNF-dəki xarici valyutada olan aktivləri əlavə etmək olar. Bu fiskal bufer Azərbaycana davam edən iqtisadi, məzənnə və bank sektoru ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər.

Məndən bu qədər...

Leyla Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>