Çini silkələyən ABŞ, çalxalanan Rusiya, böyüyən Azərbaycan – HESABAT
Bizi izləyin

Hesabat

Çini silkələyən ABŞ, çalxalanan Rusiya, böyüyən Azərbaycan – HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün sabit keçdi. Belə ki, Fransada işsizlik nisbətinin azaldığı bəlli oldu. FED-in Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) aprel ayında keçirilən yığıncağının protokolları açıqlandı. Yunan hökuməti keçən il imzaladığı 86 milyard avroluq iqtisadi qurtarma paketi çərçivəsində tələb edilən yeni islahat paketini parlamentə təqdim etməyə hazırlaşdı. Çin Xalq Bankı (Mərkəzi Bank) isə ABŞ dollarının rəsmi məzənnəsini fevral ayından sonra ən minimal həddə qaldırdı.

Başlayaq Fransadan. Fransada işsizlik nisbəti 2014-cü ildən sonra ilk dəfə 10 faizdən aşağı düşüb. Fransa Statistika Ofisinin məlumatına görə, ilin ilk rübündə bu nisbət 9.9 faiz olub. Qeyd edək ki, Fransada iqtisadi artıma baxmayaraq işsizlik nisbəti yüksək qalmaqdadır.

ABŞ Mərkəzi Bankının (FED) iyun ayında keçiriləcək toplantısında faiz nisbətlərinin artırılıb-artırılmayacağı bu həftədə müzakirə mövzusu oldu. Belə ki, bankın pul siyasətini icra edən Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) aprel ayında keçirilən yığıncağının protokollarını dərc edildi. Protokollarda iyun ayında faiz artımı ola biləcəyinə işarə edən bu ifadələr diqqət çəkdi: "FOMC üzvlərinin çoxu statistik göstəricilərin, ilin ikinci yarısında iqtisadiyyatın inkişafına, əmək bazarında vəziyyətin güclənməyə davam etməsinə və inflyasiyanın 2 faizlik hədəfə doğru irəliləməsinə işarə edəcəyi təqdirdə, Komitənin iyunda faiz artımına getməsinin uyğun olacağını düşünür".

Protokollarda FED-in variantlarını qorumaq istədiyinə də diqqət çəkilib. Bununla yanaşı, protokollarda iyun ayında Böyük Britaniyada keçiriləcək referendumun və Çinin valyuta məzənnəsinə gözlənilməyən müdaxilə etməsinin qlobal bazarlarda həssaslıq yarada biləcəyi xəbərdarlığına yer verilib. Sənəddə deyilib ki, FOMC üzvlərinin inflyasiyanın 2 faizlik hədəfinə yüksələcəyi gözləntisi qalır.

Xatırladaq ki, FED-in yığıncağı 14 və 15 iyun tarixlərində keçiriləcək.

Beynəlxalq Valyuta Fondu (IMF) Səudiyyə Ərəbistanının iqtisadi islahat proqramının ölkə iqtisadiyyatının ehtiyacına cavab verəcəyini bəyan edib. BVF-dan verilən şərhdə bildirilir ki, neft qiymətlərinin aşağı olması səbəbindən Səudiyyə Ərəbistanının büdcə kəsiri böyüyüb. Səudiyyə Ərəbistanı hökuməti keçən ay iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün 15 illik “Vizion 2030” adlı iqtisadi islahat proqramını açıqlayıb.

Yunanıstandan da xəbər var. Yunan hökuməti keçən il imzaladığı 86 milyard avroluq iqtisadi qurtarma paketi çərçivəsində tələb edilən yeni islahat paketini bazar günü parlamentə təqdim edəcək.

Aleksis Çipras hökuməti islahat qanununun qəbulu ilə mayın 24-də Avro Bölgəsi maliyyə nazirlərinin toplantısına əli dolu getmək istəyir. İslahat paketi əlavə dəyər vergisi nisbətinin 1 faizdən 24 faizə qaldırılmasını, spirt, tütün və maye yanacaqdan alınan vergilərin artırılmasını, yeni özəlləşdirmə fondunun yaradılmasını və bankların problemli kreditlərinin satışının sərbəst buraxılmasını nəzərdə tutur.

Rusiyanın ÜDM-i 2016-cı ilin ilk rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 1,2% azalma göstərib. Ölkənin Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin son rübündə bu göstərici -3,8% təşkil edib.

Bu arada "Rosstat"ın hesabatı Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarını üstələyib. Belə ki, nazirlik ÜDM-in ilk rübdə 1,4% azalacağını ehtimal edib. "Reuters"in keçirdiyi sorğuda ekspertlər Rusiya ÜDM-nin 2016-cı ildə 1,5% azalacağını, 2017-ci ildə isə resessiyanın bitəcəyini proqnozlaşdırıblar.

Çin Xalq Bankı (Mərkəzi Bank) isə ABŞ dollarının rəsmi məzənnəsini fevral ayından sonra ən minimal həddə qaldırdı. ÇXB məzənnəni 6,5531 CNY/USD səviyyəsinə yüksəldib. Buna səbəb isə mayın 18-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) açıqladığı protokollarda iyun ayına qədər iqtisadi göstəricilərin müsbət davam etməsi halında uçot dərəcəsini artıra biləcəyi fikri olub. Çin bununla da FES-ə çatdırmaq istəyib ki, uçot dərəcəsinin artırılması nəticəsində yaranacaq təzyiqin qarşısnı indidən almaq niyyətindədir. Belə ki, FES-in monetar siyasətdə sərtləşməyə getməsi inkişaf etməkdə olan bazarlardan ABŞ-a maliyyə axınına səbəb olacaq. Baxmayaraq ki, yuanın devalvasiyası da Çindən kapital axınının sürətləndirir, ABŞ-da uçot dərəcəsinin artması bu prosesi daha kəskin forma almasına səbəb ola bilər. Qeyd edək ki, FES-in növbəti iclası iyunun 13-14-də keçiriləcək.

Qeyd edək ki, yanvar ayında da ÇXB yuanı 1,5% devalvasiya edib, ölkənin fond indeksləri 5-6% aşağı düşüb. Nəticədə, dünya maliyyə bazarlarında xaos yaranıb. FES isə qlobal bazarların vəziyyətindən narahat olduğunu son iki iclasında təkrarlayıb və hər hansı neqativ tendensiya görülərsə uçot dərəcəsini artırmayacağını bildirib. Formal olaraq isə Çin yuanın devalvasiyasını dəstəkləmədiyini dəfələrlə açıqlayıb.

İş dünyası

“Vodafone”nun Türkiyədəki gəlirləri 27 faiz artaraq 9 milyard 300 milyon lirəyə çatıb. Şirkət Türkiyədə “dijital çevrilmə” başlıqlı sərmayə proqramıyla 4 milyard 200 milyon lirəlik sərmayə reallaşdırıb. Bununla ölkədəki sərmayələrini 18 milyard lirəyə çatdırıb.

İsveçin Hennes & Mauritzin (H&M) pərakəndə satış markasının satışları gözlətilərdən az reallaşıb. Bazar anketlərində 9 faiz olması gözlənilsə də bu rəqəm 5 faiz təşkil edib. H&M-dan verilən şərhdə bildirilir ki, aprel ayında havanın isinməsi satışların düşməsinə səbəb olub.

Neft hasilatı və satışı ilə məşğul olan şirkətlər dünya bazarında neft qiymətlərinin mümkün azalmasına qarşı maliyyə alətlərinə investisiya edərək risklərini siğortalamağa başlayıb. Şirkətlər tərəfindən neftin ucuzlaşması istiqamətində edilən əməliyyatların həcmi son 4,5 ilin maksimumuna yüksəlib.

"EOG Resources"dan "Chesapeake Energy"yə qədər bir çox şirkət neftin ucuzlaşmasından ehtiyat edərək fyuçers, svop və opsionlara investisiya edərək sığortalanmağa çalışır. Onlar neft qiymətlərinin qısa müddət ərzində 75%-dən çox artmasından sonra azala biləcəyindən ehtiyatlanaraq optimal qiymət konyunkturasından faydalanmaq istəyir. Belə ki, ABŞ-ın Ticarət fyuçersləri üzrə alqı-satqı Komissiyasının (CFTC) hesabatına əsasən, mayın 3-10-da neft fyuçerslərində onlar tərəfindən həyata keçirilən qısa mövqeli əməliyyatların sayı 3,8% artıb və 2011-ci ilin sentyabrından etibarən ən yüksək həddə çatıb. Mərkəzi Nyu-Yorkda yerləşən "Again Capital LLC." investisiya şirkətinin sahiblərindən biri olan Con Kildaf (John Kilduff) hesab edir ki, neft şirkətləri kəskin qiymət artımından faydalanaraq siğortalanmaqla sonrakı dövrdə neft qiymətləri azalacağı təqdirdə fəaliyyətlərini davam etdirmək istəyir.

Qeyd edək ki, neftin bahalaşması istiqamətində xalis uzun mövqelər mayın 3-10-da 8,6% azalaraq 216 521 ədədə enib. Göstərici ardıcıl ikinci həftədir ki, azalır. Neft bazarı iştirakçılarının pessimist əhval-ruhiyyəsinə səbəb isə ABŞ-da neft ehtiyatlarının son 87 ilin maksimal səviyyəsində olması amilidir. Qısamüddətli perspektivdə isə neft qiymətlərinin Kanadadakı yanğınları və Nigeriyada neft infrastrukturuna silahlı hücumlar səbəbindən artdığı bildirilir.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə...

Əvvəlcə başlayaq ilin birinci rübü üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərindən.

Statistika Komitəsinin hesabatına əsasən, göstərilən dövrdə Azərbaycan əhalisinin nominal gəlirləri 9% artıb, bu il əsas kapitala 4,3 mlrd. manat yatırılıb, kənd təsərrüfatı istehsalı 3,5% çoxalıb, dövlət büdcənin icrasında 713,8 mln. manatlıq və ya ÜDM-in 4,2%-i qədər profisit yaranıb, ölkədə iqtisadi geriləmə 4,5% olub. Eyni zamanda ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19687,0 milyon manat təşkil edib. Onun 15203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il aprel ayının 1-nə 7888,9 milyon manat olub.

Maliyyə naziri Samir Şərifov ipoteka kreditləşməsinin bərpa olunacağı vaxtı açıqladı. Nazir bildirib ki, dövlət ipoteka kreditləşməsinin bərpası İpoteka Fondunun yenidən qurulması ilə bağlı hüquqi sənədlərə baxılması prosesi başa çatandan sonra mümkün olacaq: “Büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var. İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüquqi sənədlər hazırlanır və hazırda aiddiyyəti səviyyələrdə baxılır. Bu iş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək”.

Mərkəzi Bank “Azərbaycan Respublikasının Mərkəzi Bankı banklara kreditlərin verilməsi Qaydaları”nı təsdiqlədi. Bu qaydalar Mərkəzi Bank tərəfindən Azərbaycanda fəaliyyət göstərən banklara kreditlərin verilməsi qaydalarını müəyyən edir.

Mərkəzi Bank banklara 3 növ - yenidənmaliyyələşdirmə, sonuncu instansiya və məqsədli kreditlər verir. Yenidənmaliyyələşdirmə kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı müddətə verilə bilər. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir.

Nəhayət, yola saldığımız həftə ötən ilin dekabr ayında baş verən devalvasiyadan sonra dolların rəsmi məzənnəsi ilk dəfə olaraq 1,50 manat səviyyəsindən aşağı endi. Maraqlıdır ki, bu proses hər kəsin manatın ucuzlaşmasını gözlədiyi bir vaxtda baş verdi. Belə ki, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin son iclasının protokolu dərc olunduqdan sonra dollar kəskin bahalaşmağa başladı. Bunun nəticəsi olaraq, neft dəyərdən düşdü. Protokollar dərc olunduqdan sonra inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollara qarşı təxminən 1% ucuzlaşdı. Bununla yanaşı, "Brent" markalı neftin qiyməti 1,1% azalaraq 49 dollar səviyyəsindən aşağı düşüb.

Lakin qərb analitikləri qeyd edir ki, bütün bunların fonunda stabilliyini qoruyan yeganə valyuta Azərbaycan manatı olub. "Manat FED-in protokollarını inkar edərək 0,41% möhkəmlənib. Baxmayaraq ki, söhbət neft qiymətlərinə birbaşa bağlı olan valyutadan gedir, neft isə ucuzlaşıb. Neftin qiymətinə bağlı olan bütün valyutalar dollara nisbətən ucuzlaşıb. Məsələn, Meksika pesosu 0,76%, Rusiya rublu 0,63%, Braziliya realı 0,6%, Çin yuanı 0,43%, Qazaxıstan təngəsi 0,34% ucuzlaşıb".

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm