• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

ABŞ-ı vuran böhran, Afinaya yaxınlaşan Putin, işçilərini ixtisar edən neft şirkəti - HESABAT

  • Hesabat
  • 30 May 2016 13:41
  • 3 298 Baxış
ABŞ-ı vuran böhran, Afinaya yaxınlaşan Putin, işçilərini ixtisar edən neft şirkəti - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatının diqqəti Yaponiyanın İsesima regionuna yönəldi. Belə ki, “G7” çərçivəsində İsesimada toplaşan inkişaf etmiş ölkələrin liderləri yenə də qlobal iqtisadi kataklizmləri müzakirə etdilər. "Fitch" beynəlxalq reytinq agentliyi may icmalına əl gəzirdi. Bu dəfə ABŞ-ın iqtisadi artım proqnozunu endirdi. Əvəzində Çin iqtisadiyyatının 2016-2017-ci illərdə inkişaf tempini mart icmalındakı müvafiq olaraq 6,2% və 6% proqnozdan hər il üçün 6,3%-ə yüksəltdi. Yunanıstan və Rusiya arasında əlaqələr isə yeni mərhələyə keçdi. Putin iş adamlarını da götürüb Yunanıstana getdi.

Başlayaq "G7"dən. İnkişaf etmiş ölkələrin liderləri bu dəfə “G7” çərçivəsində Yaponiyanın İsesima regionunda bir araya gəldilər. İkigünlük sammitdə qlobal iqtisadiyyat müzakirə mövzusu oldu. İştirakçılar belə qənaətə gəldilər ki, hazırda qlobal iqtisadiyyatda yaşanan dəyişikliklər böhran hesab olunmur. Yaponiyanın baş naziri Sindzo Abe bildirdi ki, hazırkı qlobal iqtisadi dəyişikliklərdə 2008-ci ildə baş verən böhranla paralellər var. Baş nazir həmçinin qeyd etdi ki, 2014-2016-cı il ərzində əmtəələrin dünya qiymətləri 2008-ci ilin iyulundan 2009-cu ilin fevralına qədər olduğu kimi 55% azalma göstərib. Bununla belə "G7" ölkələrinin liderləri inkişaf etməkdə olan iqtisadiyyatların təhlükəli mərhələdə olduqlarını, amma bunun bir böhran situasiyası olmadığını bildiriblər. Onlar qlobal iqtisadi artımı sürətləndirmək üçün fiskal siyasətlərə daha çevik yanaşmağı, amma bunun müddəti və həcminin milli spesifikasiyalarını nəzərə almalı olduğuna diqqət çəkiblər. Sammitdə "G7" ölkələrinin qlobal valyuta bazarlarında stabilliyi təmin etmək barədə razılığa gələcəklərini açıqlayıb.

Qeyd edək ki, "G7" ölkələri Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-dan ibarətdir. 2014-cü ilə qədər Rusiya da "G7"nin sammitlərində iştirak edib.

İngiltərənin Avropa Birliyindən ayrılmaq istəyini səsverməyə çıxarmasına sayılı günlər qalıb. Avropa Birliyindən ayrılmaq ən çox immiqrant axınının qarşısını alacaq. Belə ki, birlikdən ayrılmaq immiqrant axınına daha möhkəm nəzarəti təmin edəcək. Son məlumatlara görə, ölkədəki immiqrantların sayı keçən il rekord səviyyədə artaraq 333 minə yüksəlib.

"Fitch" beynəlxalq reytinq agentliyi qlobal iqtisadiyyatla bağlı may icmalında bir sıra dəyişikliklər edib. Agentlik inkişaf etməkdə olan ölkələrdə zəif iqtisadi artım və energetika sektoruna investisiyaların azalması fonunda qlobal iqtisadiyyata təzyiqlərin davam edəcəyini bildirib. “Fitch” ABŞ-da 2016-cı il üçün iqtisadi artım tempini 2013-cü ildən sonra ilk dəfə 2%-dən aşağı salaraq 1,8% olacağını ehtimal edir.

Çin iqtisadiyyatının 2016-2017-ci illərdə inkişaf tempini mart icmalındakı müvafiq olaraq 6,2% və 6% proqnozdan hər il üçün 6,3%-ə yüksəldib. Agentliyin baş iqtisadçısı Brayan Koulton bildirib ki, qısa müddət üzrə proqnozlarımız əmtəə qiymətlərinin artması və Çin iqtisadiyyatında stimullaşdırıcı qərarlar fonunda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına təzyiqlərin yumşaldığını göstərir. Ekspert Çində inşaat sektorunun canlandığını və bunun da iqtisadiyyatın bütün sahələrinə yayılacağını, həmçinin Rusiya iqtisadiyyatından sürpriz olaraq müsbət statistik göstəricilərin açıqlandığını qeyd edib.

"Fitch" 2016-cı ilin ikinci hissəsində qlobal iqtisadi stabilliyin yaranması nəticəsində ABŞ-da uçot dərəcəsinin artırılacağını, bununla da dolların möhkəmlənəcəyini ehtimal edir. Agentlik Avrozona iqtisadiyyatı ilə bağlı 2016-cı il üçün artım proqnozlarını 0,1 bənd artıraraq 1,6%-ə çatdırıb. İngiltərə üçün "Brexit"dən yaranan qeyri-müəyyənlik səbəbindən iqtisadi artım proqnozu 0,2 bənd azaldılaraq 1,9%-ə salınıb. "Fitch"in 20 ən çox inkişaf etmiş ölkələrin iqtisadi artım proqnozu 2015-ci il və mart icmalında olduğu kimi - 2,5% səviyyəsində saxlanılıb. 2017-ci ildə iqtisadi artımın 3% olacağı proqnozlaşdrılır.

Yunanıstan və Rusiya arasında əlaqələr yeni mərhələyə keçib. Xüsusilə, Yunanıstanda baş nazir Alexis Çiprasın vəzifəyə gəlməsindən sonra münasibətlər daha da güclənir. Yola saldığımız həftə Rusiyanın bövlət başçısı Vladimir Putinin 10 il fasilədən sonra Afinaya ziyarəti bunu göstərir. Son bir il ərzində iki ölkə arasında iqtisadi əlaqələr baxımından əhəmiyyət daşıyan 50-dən çox razılaşma imzalanıb. Düzdür, Rusiyanın Yunanıstanla ticarətinin həcmi 2014-ci ildə 3 milyard 740 milyon avro təşkil etsə də, AB-nin tətbiq etdiyi sanksiyalardan sonra həmin rəqəm yarıbayarı azalıb. Ancaq Putinin özü ilə “Rosneft” və təbii qaz şirkəti “Qazprom”un rəhbərlərini, bir çox iş adamını Yunanıstana aparması artıq yeni mərhələnin başladığından xəbər verir. Qeyd edək ki, iki ölkənin ticarətinin 85 faizini Rusiyadan idxal edilən qaz və neft təşkil edir.

Amerikadan da xəbər var. İlin ilk rübündə ABŞ-da ümumi daxili məhsul artımı 0,8 faiz təşkil edib. Ölkənin Ticarət Nazirliyinin keçən ay açıqladığı proqnozda bu rəqəm 0,5 faiz göstərilsə də ABŞ-da iqtisadi artım 2015-ci ilin I rübündən etibarən ən aşağı səviyyədə olub. ÜDM-in qiymət indeksi I rübdə proqnozlaşdırıldığı kimi 0,7% deyil, 0,6% təşkil edib. Ötən rübdə bu göstərici 0,9% olub. Hesabat dövründə ÜDM-in artımında özəl investisiya ehtiyatları, ixrac və mənzil sərmayələrinin yüksəlməsinin rolu olub. İdxalın isə azalması ÜDM-ə mənfi təsir edib. Onu da bildirək ki, ikinci rüb üçün ÜDM-in artımı 0,9 faiz gözlənilir. Bununla belə güclənən dollar və yavaşlayan qlobal tələb, neftin qiymətinin düşməsi ABŞ iqtisadiyyatına pis təsir edir və iqtisadiyyatın yavaş böyüməsinə səbəb olur.

İş dünyası

"Shell" şirkəti bu il daha 2200 əməkdaşını ixtisar edəcək. 2015-ci ildə şirkət ümumilikdə 7500 iş yerini ixtisar etmişdi. "Shell" şirkəti "BG Group" ilə birləşdikdən sonra 2015-ci ilin sonuna konsolidə olunmuş şirkətdə 94 600 işçi çalışıb. Microsoft" korporasiyası 1 850 işçisini ixtisar edəcək. Çünki korporasiya smartfon istehsalı azaltmaq niyyətindədir. İxtisarların əksəriyyəti korporasiyanın Finlandiyadakı bölməsində çalışanlara aid olacaq. 2014-cü ildə Finlandiyanın "Nokia" şirkətini alaraq mobil telefon bazarına çıxan korporasiyanın rəhbəri Satya Nadella bildirib ki, smartfon istehsalına yönəlmiş biznesi optimallaşdıracaq və Tamperdə yerləşən elmi-tədqiqat mərkəzini bağlayacaq: "Biz "Windows 10 Mobile" platformasını inkişaf etdirəcəyik və "Lumia" smartfonlarını dəstəkləyəcəyik".

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə. Yola saldığımız həftə “Fitch”-in Azərbaycanla bağlı rəyi də diqqət çəkdi. Agentlik iddia edir ki, iqtisadi inkişaf, fiskal siyasət və xarici maliyyələşməni nəzərə alaraq Azərbaycan 2003-cü ildən bəri əmtəə əsaslı inkişaf etməkdə olan bazarlarda (CEMs) əmtəə qiymətlərindəki artımdan ən çox gəlir götürən ölkələr sırasındadır. “Fitch”ə görə, CEMs-də ən aşağı gəlir götürən ölkələr Bəhreyn, Qabon, Venesuela və Surinamdır. Digər beynəlxalq reytinq agentliyi-"Moody's" isə banklarımızın vəziyyətinə dair rəyini irəli sürdü. Məlum oldu ki, Azərbaycan bankları manat likvidliyi problemi ilə üzləşib. Agentliyin analitiki Mariya Malyukova deyib ki, gələcəkdə də Azərbaycanda valyuta depozitlərinin həcmi artacaq: "Azərbaycan bank sistemi üzrə proqnoz keçən ildə olduğu kimi neqativdir, əsas amillər üzrə neqativ inkişaf gedir. Dövlətdən daha böyük banklara dəstək gözlədiyimizə görə, müsbət trendlər də var. Əməliyyat mühiti mənfi inkişafa doğru gedir. İnkişaf neftdən asılı olduğuna görə, birinci rübdə ressessiya baş verib. Bu, insanların alıcılıq qabiliyyətinə, həmçinin büdcə xərclərinin azaldılmasına, bankların maliyyələşməsinə də neqativ təsir göstərib. Hesabat rübündə kredit portfeli 9% azalıb. Bankların çoxu manat likvidliyi problemi ilə üzləşib. Bu trend bankların kredit portfelinin artmasına mənfi təsir göstərəcək. Problemli kreditlər iki dəfə artıb". M.Malyukova bildirib ki, MDB ölkələri arasında valyuta depozitləri üzrə ən yüksək artım göstəricisi Azərbaycandadır: "Gələcəkdə də Azərbaycanda valyuta depozitlərinin həcmi artacaq. Bu da banklarda aktiv və passivlər arasında fərqi artırır. Bununla yanaşı, depozitlərin ümumi sayının azaldığını da görürük".

Məndən bu qədər…

Leyla Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>