• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sosiskalar dünya iqtisadiyyatını çökdürdü - ABŞ ŞOKDA

  • Hesabat
  • 26 Aprel 2014 13:05
  • 2 232 Baxış
Sosiskalar dünya iqtisadiyyatını çökdürdü - ABŞ ŞOKDA

Daha bir gərgin iş həftəsini yola saldıq. Birjalarda qızılın qiyməti sürətlə düşdü, İran hökuməti benzinə görə dövlət subsidiyalarını ləğv etdi, Fransanın prezidenti işsizliklə mübarizədə təslim olduğunu bəyan etdi, Rusiya və Türkiyə “Mavi Axın” qaz boru xəttinin illik gücünün 16 milyard kub metrdən 19 milyard kub metrə qədər artırılmasına dair razılığa gəldilər, Tokioda qiymətlər dəvə belinə qalxdı.Ən pozitivi isə 96 min paket sosiska geri çağrıldı.

Başlayaq qızılın qiymətindən. Ukrayna və Rusiya arasındakı gərginlik qızıln dəyərini qaldırsa da ABŞ iqtisadiyyatındakı inkişaf, eləcə də Çin iqtisadiyyatında pisləşmə əlamətləri qiymətli metalı ucuzlaşdırıb.

Qızılın qiyməti bazar ertəsi- 3 apreldən bu yana ən aşağı səviyyəyə - 1.281 dollara düşdü. Bundan sonra 1290 dollar səviyyəsində sabitləşdi.

“Forex” bazarlarında isə qızılın bu enişi bir alış fürsəti olaraq qiymətləndirilir. Marbaş FX tərəfindən hazırlanan Qızılın Qiymətləri Hesabatına əsasən bir müddətdir qızılın qiymətləri müsbət istiqamətdə təsir edə biləcək xəbərlərə reaksiya vermir. Qızılın unsiyasının 1,335 dollardan 1,280 dollara olan enişi böyük ölçüdə bir fond satışından qaynaqlana biləcəyi irəli sürülür.

Mütəxəssislər qızılın təkrar yüksələ bilməsi üçün geriyə qalan tək faktorun Ukrayna - Rusiya gərginliyinin daha da artması, döyüş təhlükəsinin ortaya çıxması olduğunu deyirlər: “Qızıl ABŞ-dan gələn müsbət məlumatlar və Çin iqtisadiyyatı ilə bağlı pis xəbərlərə baxmayaraq çox sərt eniş yaşamır.

Yola saldığımız həftə “Qazprom”un idarə heyətinin rəhbəri Aleksandr Medvedev və Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Taner Ulduz arasında keçirilən görüş də diqqət çəkdi. Görüşdə “Mavi Axın” qaz boru xəttinin illik tutumunu 16 milyard kub metrdən 19 milyard kub metrə artırılmasına dair razılığa gəlinib. Tutum gücünün artırılması fonunda “Mavi Axın”a yeni əlavə borunun çəkilməsi planlaşdırılır.

Məlumat üçün bildirim ki, “ Mavi Axın” çərçivəsində ölkənin qaza olan ehtiyacının 50 faizindən çoxu rus qazı ilə qarşılanır.

Fransa isə işsizlik hökümətin axırına çıxacaq. Ölkənin mart ayına olan işsizlik rəqəmləri açıqlanıb. 25 yaş altındakılar arasında işsizlik azalsa da, böyüklər arasında işsizlik faizi artıb. Bu da ümumi rəqəmin dəyişməməsinə gətirib çıxarıb.

Ölkədə işsizlərin sayı hələ də 3.349.900 nəfərlə rekord səviyyədədir. Bu rəqəm təxminən 5 milyon nəfərə çatır. İşsizlik faizi İllik 4.1 fiaz nisbətində artır. Artıq prezident Fransua Holland 2017-ci ilə qədər bu rəqəmlərdə müsbətə doğru dəyişiklik baş verməyəcəyi halda seçkilərdə yenidən namizəd olmayacağını bəyan edib.

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Standart and Poor's” Rusiyanın kredit notunu dəyişdirib.Təşkilat Ukraynadakı hadisələr və Rusiyaya qarşı sanksiya qərarlarından sonra ölkənin notunu BBB- olaraq dəyişdirib. S&P's ölkədəki xarici sərmayələrin sürətlə azalmasını əsas gətirərək “bu hələ də kövrək vəziyyətdə olan inkişaf məlumatlarına əhəmiyyətli zərər verəcək" bəyanatını verib.

İlin ilk üç ayında Rusiyada 37 milyard avroluq sərmayənin ölkə xaricinə çıxarıldığı təxmin edilir. Moskva rəhbərliyi isə qərarın "iqtisadi deyil siyasi olduğunu" bildirib.

Rusiyadan söz düşmüşkən, aprelin 21-nə olan hesabata əsasən ölkədə illik inflyasiya 7,2 faizə çatıb. Hansı ki 2014-cü ilin 11 mart tarixində həmin rəqəm 6,4 faiz təşkil edirdi. Martda baza inflyasiyası 6, fevralda isə 5 faiz olub. Ölkədə əsasən donuzun, süd məhsullarının və benzinin qiyməti qalxıb.

“Standart and Poor's” un “əmisi qızı” “Fitch” isə iqtisadi böhranla mübarizə aparan İtalyanın kredit notunu mənfidən sabitə dəyişdirib. “Fitch”dən verilən açıqlamaya görə, İtalya dərin geriləmə dövründən çıxmağı bacarıb. Bununla belə “Fitch” İtalyada yüksək işsizlik və zəif artım rəqəmlərini əsas gətirərək BBB+ olan kredit notunu saxlayıb.

Yaponlar ölsə-ölsə bahalıqdan öləcəklər. Tokiyoda inflyasiya son 22 ilin ən yüksək səviyyəsinə çatıb.Dana ətinin kilosu 220 dollar olan ölkədə Allah bilir indi dana əti 400 dolları keçib.

Paytaxt məlumatlarına əsasən illik inflyasiya 2.7 faiz təyin olunub. Ancaq bunun əhəmiyyətli hissəsini yüksəldilən əlavə dəyər vergisi meydana gətirir.

Çox deyirdik İranda millət kef edir. Benzin, qaz, işıq su qiymətinədir. İran hökuməti srağagün gecə benzinə görə dövlət subsidiyalarını ləğv etmək barədə qərar verib. Bu səbəbdən yerli vaxtla gecə saat 00.00-da yanacaq-doldurma məntəqələrində 1 litr benzinin qiyməti, 75 faiz artaraq, 16 ABŞ sentindən 28 sentədək qalxıb. Bu arada qonşu dövlətdə yanacağın 75 faiz bahalaşmasına baxmayaraq, dünyada ən ucuz benzin hələ də məhz İrandadır.Yəni köks ötürməkdə davam edək.

İş dünyası

Yaxın qonşumuz gürcülərin benzinin qiyməti sarıdan bəxtləri gətirmir ki gətirmir. Hardasan ay Bidzina İvanaşvili? Hakimiyyətə gələndə özünün bütün biznes təcrübənə əsaslanıb SOCAR-ı Gürcüstana baha məhsul satmaqda günahlandırırdın. Ölkənin yanacaq doldurma stansiyalarında benzinin qiyməti artıb. Bu dəfə məsələ SOCAR-lıq deyil.

“LukOil” şirkətindən verilən məlumata görə, şirkətin yanacaq doldurma stansiyalarında aprelin 15-dən “Avro-daimi” markalı benzinin bir litri əgər əvvəl 1,95 lari (1.75 lari $ 1) idisə, bahalaşaraq 2 lari olub. Bundan əlavə “Qalf” yanacaq doldurma məntəqələrində dizel yanacağının və benzinin qiyməti bahalaşıb.Hazırda müfaviq olaraq hər litr üçün 2.05 və 2.07 laridilər. “Visol”yanacaq doldurma məntəqələri şəbəkəsində dizel yanacağının və “Daimi enerji” markalı benzinin qiymətləri bahalaşıb.

Deməli, avtomobillərib texniki nasazlıq səbəbindən geri çağırıldığını eşitmişdik amma sosiskaları da eşitdiksə artıq bizə ölüm yoxdu. Qida nəhəngi “Kraft” 96 min paket Oscar Mayers Classic Wieners marka sosiskalarını geri çağırır. Marka, “klassik” etiketi altında firmanın pendirli sosiskaları olan “Cheese Dogs” məhsullarının səhvən bazara buraxıldığını açıqlayıb. Amerikanın Əkinçilik Nazirliyi, klassik məhsulların etiketində, sosiskaların tərkibində “pendir” olmasının göstərilmədiyini, bu etiket səhvinin süd allergiyası olan istehlakçıların sağlamlığına əhəmiyyətli təsir edəcəyini bildirib.

Rusiyanın internet şirkəti “Yandex”in səhmləri Amerikanın elektrotexnika birjası olan “NASDAQ” 10,06 faiz (2,68 dollar) dəyər itirib. Səhmlərin hər birinin dəyəri 24 dollar olub. Bu şirkətin səhmlərinin 2011-ci ildəki sərt düşüşündən də aşağı rəqəmdir. Həmin vaxt şirkət səhmlərini investorlara 25 dollardan satmışdı. Son hadisədən “Yandex”in 1milyard dollar itirdiyi ürəli sürülür.

Gəldik çıxdıq öz şan-şöhrətli, güllük gülüstanlıq, bostanlıq olan ölkəmizə. Hara baxırsan, hansı rəqəmə nəzər yetirirsən ürək açılır. “Standart and Poor's , “Fitch” kimi əmi uşaqları belə notlarımıza kölgə sala bilmirlər. Deməli belə..

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) konsolidasiya olunmuş borcu 6,8 mlrd. ABŞ dollarına çatıb. Bunu jurnalistlərə açıqlamasında şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.S.Qasımov bildirib ki, ümumi borcdan 1,1 mlrd. dolları kapital qoyuluşunun, 1 mlrd. dolları isə kommersiya təşkilatlarına olan borcun payına düşür.“Şirkətin cəlb etdiyi vəsaitlər böyük layihələrə qoyulub. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb. “Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait cəlb olunub. TANAP, TAP, “Şahdəniz 2” layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb”, - deyə o bildirib. ARDNŞ-a olan borclara toxunan S.Qasımov bildirib ki, şirkətə ən çox borcu olan “Azərenerji” ASC-dir ki, bu məbləğ 280 mln. manata çatıb.

“Bakı Metropoliteni” QSC rəhbərliyinin dəyişdirilməsi müəssisənin fəaliyyətinə, maliyyə göstəricilərinə əməllicə təsir göstərib. 2013-cü ildə “Bakı Metropoliteni” QSC-nin sərnişin daşımalarından gəlirləri əvvəlki illə müqayisədə 4,8% artaraq 42,8 mln manat olub. Amma bu, ona ziyanı azaltmağa imkan verməyib.Qanunvericiliyə zidd olaraq, Metropoliten maliyyə hesabatını açıqlamır. Dövlət Statistika Komitəsinə görə, 2013-cü ildə Metropolitenin saxlanma xərcləri 105 mln 160,1 min manat olub. Bu, 2012-ci ildəkindən 8,7 mln manat və ya 9% çoxdur. 2013-cü ildə sərnişin daşımaları həcminin (206,6 mln nəfər) və xərclərin müqayisəsi göstərir ki, metroda gedişin maya dəyəri 49,2 qəpikdən (2012-ci il) 50,8 qəpiyə artıb. Metropliten maya dəyərinin strukturu barədə informasiya vermir. Metronun ziyanı dövlət büdcəsi hesabına doldurulur: 2013-cü ildə bu məqsədlə 29,2 mln manat ayırmaq nəzərdə tutulub.

Fevralda Bakı Metropoliteni İdarəsi və “Azərtunelmetrotikinti” QSC bazasında yeni QSC yaradılandan sonra yeni rəhbərlik metronun ərazisindən ticarət obyektlərini çıxardı. Bundan başqa, vaqonlardan reklam materialları çıxarılıb. Beləliklə, metro gəlirlərin bir hissəsindən məhrum olub.Sonuncu dəfə hökumət metorda gediş tarifinə 2011-ci ilin dekabrında baxıb (+5 qəpik). Hökumət hələlik gediş haqqını bahalandırmaq barədə düşünmür.

Bütün iqtisadi-sosial göstəricilərdə “anşlaq”olduğu kimi bankların müştərilərinin sayı da fışqırıq vurub.

Ötən ilin sonuna bank müştərilərinin sayı 5 275 532 nəfərə çatıb. Bu da o deməkdir ki, ölkədə ancaq uşaqlar, bir də penciyaçılar borc almayıb.

Düzdür, Mərkəzi Bankın arayışsız kreditlərin verilməsinin ləğvi ilə bağlı qərarından sonra bank müştərilərinin sayı azalıb.Hazırda bank müştərilərinin sayı 4 540 342 nəfər təşkil edib. İlin əvvəlindən bu göstərici 735 190 nəfər azalıb. Son bir ayda isə müştərilərin sayı 299 219 nəfərə çatıb. O cümlədən fiziki şəxslər üzrə 4 436 034 nəfər, sahibkarlıqla məşğul olanlar 91777, hüquqi şəxslər isə 104 308 nəfər olub.

Daha çox azalma isə fiziki şəxslər üzrə qeydə alınıb. Təkcə bu kredit portfelində 739 831 nəfər azalma baş verib.

Məndən bu qədər. Hər kəsə uğurlu həft sonu istirahəti. Ömür çox qısadır. Çalışın hər günü qiymətləndirin. Xüsusilə, günü- gündən gözəlləşən, zibil qutuları artan, asfaltdakı tüpürcək izləri azalan, parklarındakı budalanmış ağacları insafa gəlib bir iki yarpaq çıxaran şəhərimizdə o qədər gəzməli yerlər var ki. Məşhur şeirdəki “təkadamlıq sevgilərdi bu şəhərin hər yeri, ən uzağı darıxmaqdı, çox uzaqdı darıxmaq” misrasını o qədər də qəlbinizə salmayın…

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR