Neft bahalaşdı, dollar şişdi, avro etibarsızlaşdı – BAŞIMIZA GƏLƏNLƏR
Bizi izləyin

Hesabat

Neft bahalaşdı, dollar şişdi, avro etibarsızlaşdı – BAŞIMIZA GƏLƏNLƏR

Trampın bir açıqlaması kifayət etdi...

Yola saldığımız həftə birjalarda neftin bahalaşması davam etdi. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,80% artaraq 51,49 dollar təşkil etdi.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,83% artaraq, 54,37 dollar oldu. Neftin bahalaşmasının səbəbi kimi ABŞ-ın Neft İnstitutunun proqnozları və OPEC-in statistikası göstərildi. Belə ki, Neft İnstitutunun proqnozlarına görə, ölkənin kommersiya neft ehtiyatları 5,04 mln. barel azalıb. OPEC-ə gəlincə, qrum bildirir ki, kartel ölkələri və 11 digər neft istehsalçısı sutkalıq hasilatı azaltmaq üçün səylərini əsirgəmir.

Bu arada BP neft-qaz şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) 2017-2018-ci illərdə dünya bazarında neft qiymətlərinin 55-60 dollar/barel diapazonunda olacağını bəyan etdi.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp isə bir açıqlaması ilə dolların məzənnəsini oynatdı. Tramp ABŞ valyutasının məzənnəsinin şişirdildiyini söylədi: “Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır".

Bu açıqlamadan sonra avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəldi. Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.

Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatdı. İngilis funtu da sürətlə bahalaşdı.

Həftənin daha bir önəmli hadisəsi ABŞ Federal Ehtiyat Sisteminin (FRS) rəhbəri Jannet Yellenin faizlər haqqında bəyanatı oldu. O, ABŞ iqtisadiyyatı uçot dərəcələrinin artırılmasının təxirə salınmasından xoş olmayan sürprizlərlə qarşılaşa biləcəyini dedi. Yellenin sözlərinə görə, neytral faiz dərəcəsinə keçməzdən öncə uzun müddət gözləmək gələcəkdə yüksək inflyasiyaya və maliyyə sabitliyinin pozulmasına səbəb ola bilər.

J.Yellen 2019-cu ilin sonuna qədər hər il bir neçə faiz artımının ola biləcəyini deyib: "O zamana qədər uçot dərəcələri bizim uzun müddətli 3%-lik hədəfimizə yaxın olacaq".

Bununla yanaşı, FRS rəhbəri ABŞ-da əmək məhsuldarlığının zəif templərlə artdığından məmnun olmadığını, bunun ÜDM-in artım tempini aşağı salacağını qeyd edib.

Qeyd edək ki, J.Yellenin bu çıxışından sonra maliyyə bazarında ABŞ dollarının məzənnəsi digər valyutalarla müqayisədə bir qədər möhkəmlənib. Yanvarın 18-i səhər saatlarında 1,07 səviyyəsini keçən USD/EUR nisbəti sonradan 1,064 səviyyəsində qərarlaşıb. Xatırladaq ki, FRS-in iclası yanvarın 31-də, fevralın 1-də keçiriləcək. Analitiklər bu iclasda uçot dərəcəsinin artırılması ehtimalnın az olduğunu düşünür.

Çin iqtisadiyyatı 2016-cı ildə 6,7% artım göstərib. Bu, son 26 ilin ən aşağı ÜDM-in illik artımı göstəricisidir. 2015-ci ildə Çində 6,9%-lik iqtisadi artım baş verib.

Çin Dövlət Statistika Bürosunun xəbərinə görə, Çindəki iqtisadi artım tempi hökumətin proqnozları ilə üst-üstə düşüb. Nəticədə, Çin ÜDM-i 2016-cı ildə 74,41 trln. yuan və ya 10,84 trln. ABŞ dolları təşkil edib.

Rusiyada isə 2016-cı il dövlət büdcəsinin icrası 2,967 trln. rubl və ya 50,3 mlrd. ABŞ dolları həcmində kəsirlə tamamlanıb. Rusiya Maliyyə Nazirliyi tərəfindən yayılan hesabata qeyd edilir ki, büdcədə yaranan kəsirin həcmi ÜDM-in 3,5%-nə bərabər olub. Xatırladaq ki, keçən ilin əvvəlində Maliyyə Nazirliyi büdcə kəsirinin 2016-cı ilin sonunda ÜDM-in 3,9%-nə bərabər olacağını proqnozlaşdırırdı. Hesabata görə, Rusiya büdcəsinin gəlirləri 2016-cı ildə 13,459 trln. rubl (224 mlrd. dollar), xərcləri isə 16,426 trln. rubl (273 mlrd. dollar) təşkil edib.

Türkiyədən də xəbər var. Xarici investorlar 9-13 yanvar həftəsində Türkiyədə 102,8 mln. ABŞ dolları həcmində səhm alıb, 477,9 mln. dollarlıq dövlət və 85,6 mln. dollarlıq korporativ sektor istiqraz və notları satıb. Nəticədə, xarici investorların aktivləri bir həftə ərzində səhm portfeli üzrə 102,8 mln. dollarlıq alışa baxmayaraq, dolların bahalaşması fonunda 324,4 mln. dollar və ya 0,94% azalaraq 34 038,9 mln. dollara düşüb. Eyni dövrdə, xarici investorların dövlət istiqrazları portfeli 2 460,6 mln. dollar və ya 9,24% azalaraq 24 177,6 mln. dollara enib. Korporativ sektor istiqrazları isə hesabat həftəsində 85,6 mln. dollar və ya 9,43% azalaraq 822 mln. dollara kimi geriləyib.

Gəldik çıxdıq öz ölkəmizə.

Yola saldığımız həftə Gürcüstan və Türkiyəyə satdığımız qazın həcmi bəlli oldu. Belə ki, 2017-ci il yanvarın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 mlrd. kubmetr, Türkiyəyə isə 43,8 mlrd. kubmetr qaz verilib.

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyir ki, "Şahdəniz" yatağından 78,4 mlrd. kubmetr qaz və 19,6 mln. ton kondensat çıxarılıb. Hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 mln. kubmetr və Türkiyəyə 18,5 mln. kubmetr qaz nəql edilir. Nəhayət, bunu da deyim ki, 2016-cı ildə Azərbaycanda 41 mln. tondan artıq neft və 29,4 mlrd. kubmetr qaz hasil edilib. Neftin 7,5 mln. tonunu və qazın 6,3 mlrd. kubmetrini SOCAR hasil edib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və "Şahdəniz" konsorsiumları isə ötən il 33,5 mln. ton neft və 23,1 mlrd. kubmetr qaz çıxarıblar".

Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatlarının xidmət göstərdiyi (aktiv) ipoteka kreditlərinin ümumi sayı 2017-ci il yanvarın 1-nə 16 858-ə çatıb. Bu, ötən ilin ilk yarısının yekunu ilə müqayisədə 8,85% və yaxud 1 3760 ədəd çoxdur.

Son 6 ay ərzində Fondun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin sayı isə 1,44% və yaxud 251 ədəd artaraq 17 728-ə çatıb.

Həftə ərzində o da məlum oldu ki, əhalinin avroya inamı azalıb. Nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin noyabr ayında kommersiya banklarından xalis avro alışı 25 122,5 min təşkil edib. Bu, analoji oktyabr göstəricisindən 14 131,9 min avro və ya 36% azdır. Belə ki, oktyabrda bankların xalis avro satışı 39 254,4 min təşkil edib.

Nəticədə, 2016-cı ilin ilk 11 ayında kommersiya banklarının əhaliyə toplam xalis avro satışı 257 518,7 min avro olub. Bu da əvvəlki ilin analoji dövrü (754 947,4 min avro) ilə müqayisədə 3 dəfəyə yaxın azdır.

Məndən bu qədər…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm