• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

Azalan "AAA"-lar, itirilən milyardlar və Azərbaycanın qazandıqları

  • Hesabat
  • 12 Fevral 2017 16:02
  • 1 051 Baxış
Azalan "AAA"-lar, itirilən milyardlar və Azərbaycanın qazandıqları

Yola saldığımız həftə dünya bazarları əvvəlcə dolların dəyər itirməsini, sonra isə bahalaşmasını izlədi. ABŞ valyutası Azərbaycanda da ucuzlaşdı. “Fitch” beynəlxalq reytinq agentliyi maksimal - "AAA" dərəcəli reytinqi olan ölkələrin sayını son 14 ildə ən minimal səviyyəyə endirdi. "Bloomberg" agentliyi Rusiyanın iqtisadi artım sürətinin 2017-ci ildə 1,1%, 2018-ci ildə 1,5% təşkil edəcəyini proqnozlaşdırdı.

Başlayaq neftdən. Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatına görə, OPEC üzvü olan ölkələr keçən ilin dekabrında neft bazarını sabitləşdirmək üçün hasilatı gündəlik 1,2 mln. barel azaltmaqla bağlı qərarına 90% əməl edib.

OPEC üzvüləri yanvar ayında gündəlik hasilatı 1 mln. barel azaldaraq 32,06 mln. barelə endirib. İEA-nın hesabatında həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Anqola kimi OPEC üzvü olan ölkələrin hasilatı söz verdiklərindən daha çox azaltdıqları, İraqın buna 50%, Venesuelanın isə 18% əməl etdiyi bildirilib. Dünya bazarında neft hasilatının azaldılması Nigeriya və Liviyada hasilatın artması ilə bir qədər kompensasiya olunub. Məcmu qlobal neft təklifinin yanvarda 1,5 mln. barel/gün azaldığı vurğulanıb.

Bu xəbər "Brent" markalı neftin barelinin yenidən 56 dollar səviyyəsini keçməsinə səbəb olub.

"Bloomberg" agentliyi Rusiyanın iqtisadi artım sürətinin 2017-ci ildə 1,1%, 2018-ci ildə 1,5% təşkil edəcəyini proqnozlaşdırdı. İqtisadi artıma səbəb kimi sorğuda iştirak edən İsveçrənin UBS Bankı, əmtəə qiymətlərindəki artım, investisiya mühitinin yaxşılaşması, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların mümkün zəiflədilməsi fonunda investorlar üçün siyasi risklərin azaldılmasını göstərdi.

Xatırladaq ki, Rusiya iqtisadiyyatının 2017-ci ildə inkişaf proqnozları barədə digər maliyyə təşkilatlarının artım diapazonu 1-1,5% təşkil edir. Belə ki, Dünya Bankı 2017-ci ildə Rusiyanın ÜDM artımın 1,5%, Beynəlxalq Maliyyə İnstitutu 1,4%, BMT 1%, "Moody's" Beynəlxalq Reytinq Agentliyi isə 1,5% proqnozlaşdırıb.

Bu arada Rusiya Bankının (Mərkəzi Bank) proqnozlarına görə, yaxın illərdə dünya bazarında neftin qiyməti 40-55 dollar/barel diapazonunda olacaq. Rusiya Bankının sədri Elvira Nabiullinanın sözlərinə görə, 2017-ci ildə neftin orta qiyməti 40 dollardan yuxarı olacaq. Bunun səbəbini isə o, OPEC-in hasilatın azaldılması qərarı ilə əlaqələndirib. Baş bankir neft qiymətlərinin bir çox amildən asılı olduğunu xatırladıb və bunların başında ABŞ-ın neft siyasəti, şist neft istehsalı və OPEC-in hasilatı azaltmaqla bağlı qərarını uzadıb-uzatmaması amilləri durur.

E.Nabiullina həmçinin neftə olan tələbatın dəyişməsinin əsas səbəblərdən biri olduğunu deyib. O, Çinin neft idxalının həcminin neft qiymətlərinə təsirini xüsusi olaraq qeyd edib.

Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) isə 28 yanvar-3 fevral həftəsində 377 mln. ABŞ dolları və ya 0,35% azalaraq 107,455 mlrd. dollar təşkil edib.

Türkiyə Mərkəzi Bankı bildirir ki, hesabat həftəsində qızıl ehtiyatları 618 mln. dollar və ya 4,04% artaraq 15,933 mlrd. dollara, valyuta ehtiyatları isə 995 mln. dollar və ya 1,08% azalaraq 91,522 mlrd. dollara çatıb. 2017-ci il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 13,39% artıb, valyuta ehtiyatları isə 0,57% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 1,28% artıb.

Çinin qızıl-valyuta ehtiyatları bu ilin yanvar ayında 12,3 mlrd. dollar və ya 0,4% azalaraq 2,998 trln. dollara enib. Bununla da Çinin qızıl-valyuta ehtiyatları 2011-ci ilin fevral ayından etibarən ən aşağı səviyyəyə düşüb. Ehtiyatlardakı azalmaya əsas səbəb dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməsi amili olub. Belə ki, dolların güclənməsi digər aktivlərin qiymətdən düşməsinə səbəb olub.

Çinin qızıl-valyuta ehtiyatlarının maksimal səviyyəsi 2014-cü ilin iyun ayında (3,99 trln. dollar) qeydə alınıb. Hazırda ehtiyatlar rekord həddən 25% aşağı düşüb. Qeyd edək ki, dekabr ayında Çinin valyuta ehtiyatları 41 mlrd. dollar azalma göstərib. Ümumilikdə isə 2016- ci ildə Çinin valyuta ehtiyatları 320 mlrd. dollar və ya 9,6% azalıb.

“Fitch" beynəlxalq reytinq agentliyi maksimal - "AAA" dərəcəli reytinqi olan ölkələrin sayını son 14 ildə ən minimal səviyyəyə endirdi. 2004-2009-cu illərdə "AAA" reytinqinə sahib olan ölkələrin sayı 16 olduğu halda, hazırda 11-ə enib. "Fitch" bu reytinqə sahib olan ölkələrin sayının yaxın iki ildə artacağını gözləmir.

"AAA" reytinqli ölkələrin istiqrazlarının məcmu istiqraz bazarında xüsusi çəkisi də 2007-ci ildəki 48%-dən 40%-dək geriləyib. Ən yüksək reytinqli ölkələrin "stabil" proqnoza sahib olması isə yaxın 12-24 ayda onların reytinqinin dəyişməyəcəyini göstərir.

Agentlik Yaponiyanın 1998-ci ildə "AAA" reytinqini itirdikdən sonra, 2009-cu ildə Avstriya, Finlyandiya, Fransa, İrlandiya, İspaniya və İngiltərənin də eyni vəziyyətlə qarşılaşdığını xatırladıb. Son 10 il ərzində isə "AAA" reytinqinə yüksələn tək ölkə Avstraliya olub.

Hazırda maksimal reytinqə həmçinin Kanada, Danimarka, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, Sinqapur, İsveçrə, İsveç və ABŞ sahibdir.

İş dünyası

“Total” şirkəti bu ilin yayında İranın “Cənubi Fars” qaz yatağına 2 mlrd. dollar investisya qoymaq barədə yekun qərar qəbul etməyə hazırdır.Bunu şirkətin baş icraçı direktoru Patrik Puyanne bildirib.O deyib ki, əgər ABŞ tərəfindən İrana qarşı yeni sanksiya olarsa, “Total” investisiyadan imtina edə bilər: “İranla nüvə sazişi üzrə razılığa gəlinərsə, qaz layihəsi ilə bağlı müqavilə imzalayacağıq, amma əgər sanksiyalar bərpa olunarsa, biz bu ölkədə işləyə bilmərik”.

BP şirkəti bu il layihələrinə 16-17 mlrd. dollar sərmayə qoymağı planlaşdırır.

Ötən il şirkətin investisiya xərcləri 17 mlrd. dollar olub, 2015-ci ildə isə şirkətin investisiya xərcləri 19,5 mlrd. dollar təşkil edib.

BP 2015-ci ildəki 6,48 mlrd. dollarlıq zərərə qarşı 2016-cı ildə 115 mln. dollar xalis mənfəət əldə edib.

Ötən ilin IV rübündə isə şirkətin xalis gəliri 497 mln. dollar təşkil edib. Ötən il şirkətin gündəlik hasilatı isə 0,5% azalaraq 2,208 mln. barel neft ekvivalenti olub.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə... Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128,187 mln. manat vəsait ödənilib.

Bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10,505 mln. manat və ya 8,9% çox olub.Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,507 mln. manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,379 mln. manat və ya 23,5% çoxdur.

2016-cı ildə Azərbaycanın bank sektorunun müştəri bazası 6,4% və yaxud 363 929 nəfər azalaraq bu il yanvarın 1-nə 5 352 456 nəfər olub. Hesabat ilində bank müştərisi olan fiziki şəxslərin sayı 324 565 nəfər və yaxud 5,8% azalaraq 5 282 463 nəfər, hüquqi şəxslərin sayı 39 364 nəfər və yaxud 36% azalaraq 69 993 nəfər təşkil edib.

Ötən il sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da azalma qeyd alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 8 538 nəfər və yaxud 4,7% azalaraq 172 664 nəfərə düşüb.

Bankların xarici öhdəliklərinin həcmi isə bu il yanvarın 1-nə 7 224,8 mln. manat təşkil edib.Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 mln. manat və ya 2,64% çoxdur. Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 mln. manat və ya 11,94% azalıb.

Məndən bu qədər...

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>