• USD 1,7025 0,00% EUR 1,8566 -0,33%
    • GBP 2,1909 +0,23% RUB 0,0299 -1,67%

FES tələ qurur, OPEC qurtulmağa çalışır - BU HƏFTƏ BAŞIMIZA GƏLƏNLƏR

  • Hesabat
  • 19 Fevral 2017 16:18
  • 777 Baxış
FES tələ qurur, OPEC qurtulmağa çalışır - BU HƏFTƏ BAŞIMIZA GƏLƏNLƏR

Yola saldığımız həftənin gündəmi Federal Rezerv Sisteminin yaxın gələcəkdə gözlənilən toplantısında faiz artımına gedib-getməyəcəyi oldu. FES üzvülərinin qənaəti üç faiz artımı üzərində oldu. Rusiyada rubl dollara qarşı bahalaşdı, Türkiyənin qızıl ehtiyatlarının artdığı bəlli oldu. OPEC neftə olan tələbat artımı proqnozunu sutkada 1,155 milyon bareldən 1,19 mln. barelə qədər artırdı.

Başlayaq ki, rublun məzənnəsindən. Rusiyada ABŞ dollarının məzənnəsi 2015-ci il iyulun 24-dən etibarən ilk dəfə olaraq 58 rubl səviyyəsindən aşağı düşdü. Dolların ucuzlaşmasına səbəb kimi qlobal bazarda neftin qiymətinin yüksəlməsi, Rusiyanın maliyyə aktivlərinin cəlbediciliyinin davam etməsi və vergi dövrü ərəfəsində ixrac gəlirlərinin artması göstərildi.

OPEC neftə olan tələbat artımı proqnozunu sutkada 1,155 milyon bareldən 1,19 mln. barelə qədər artırdı. Kartelin proqnozuna görə, bu il neftə qlobal tələbat sutkada 95,81 mln. barel təşkil edəcək. Ekspertlər bildirir ki, bu il OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı sutkada 0,24 mln. barel artaraq orta hesabla sutkada 57,44 mln. barelə çatacaq. Onlar öz proqnozlarını ABŞ-da buruqların və investisiyaların artması ilə əlaqədar sutkada 120 min barel artırıblar. Hasilat artımını Braziliya, Kanada, Qazaxıstan və Konqo da təmin edəcək. Hasilatı daha çox Çin, Meksika, Rusiya, Kolumbiya, Oman, Azərbaycan və İndoneziya azaldacaq.

İlkin məlumatlara görə, yanvar ayında neft təklifləri sutkada 1,29 mln. barel aşağı düşərək orta hesabla sutkada 95,82 mln. barelə çatıb. Azalmanı OPEC ölkələri və ona daxil olmayan dövlətlər təmin edib.

Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 4-10 fevral həftəsində 1,665 mlrd. ABŞ dolları və ya 1,55% artaraq 109,120 mlrd. dollar təşkil edib.Türkiyə Mərkəzi Bankının (TCMB) məlumatına əsasən hesabat həftəsində qızıl ehtiyatları 388 mln. dollar və ya 2,44% artaraq 16,321 mlrd. dollara, valyuta ehtiyatları isə 1,277 mlrd. dollar və ya 1,4% artaraq 92,799 mlrd. dollara çatıb. Bu il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 16,16% artıb, valyuta ehtiyatları isə 0,81% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 2,84% artıb.

Qeyd edək ki, qızıl ehtiyatlarında artım qlobal qızıl bazarındakı bahalaşma ilə bağlı olub.

Hesabat dövründə qeyri-rezidentlər Türkiyənin qiymətli kağızlar bazarında 140 mln. dollarlıq satış həyata keçiriblər.

Ukraynada əhaliyə verilən qazın qiyməti aprelin 1-dən 40% artırıla bilər.“Naftoqaz Ukrayna” şirkətinin kommersiya direktoru Yuri Vitrenko bildirib ki, bu, qiymətin dövlət tərəfindən tənzimlənməsindən imtina edilməsi halında baş verir.

“Əgər qiymətin dövlət tərəfindən tənzimlənməsinin müddəti uzadılmazsa, Avropa bazarındakı qazın hazırkı qiyməti, qrivnanın məzənnəsi və digər amillər nəzərə alıınmaqla, əhali üçün qazın qiymətinin 40% artacağını gözləmək olar”, - o bildirib.

Y.Vitrenko xatırladıb ki, Ukrayna Beynəlxalq Valyuta Fonduna bu il aprelin 1-dən əhali üçün qazın qiymətinin liberallaşdırılmasına dair söz verib və xüsusi öhdəliklərin uzadılması üçün onların razılığını almaq lazımdır.

Qeyd edək ki, Ukraynada əhali üçün 1 000 kubmetr qazın qiyməti 2016-cı ildə 6 879 qrivna (438 manat) təşkil edib. 2009-cu ildə isə bu rəqəm 725 qrinva (46 manat) olub.

Federal Rezerv Sisteminin Boston üzrə rəhbəri Eric Rosengren bankın bu il üçdən çox faiz artımına gedəcəyini bildirib. Rosengren söyləyib ki, ABŞ Mərkəz Bankının göstərici faizi bu il proqnozlaşdırılandan daha sürətli artıracaq:”Ümumi Daxili Məhsul sürətlə artarsa, FES cüt hədəfinə (inflyasiya və məşğulluq) çatarsa, bank istiləşmə ilə qarşılaşa bilər. Bu vəziyyət, maliyyə böhranından bu tərəfə ABŞ iqtisadiyyatında çox əhəmiyyətli müsbətə doğru dəyişikliyə zərər verər”.

ABŞ Prezidenti Donald Trampın həyata keçirməyə hazırlaşdığı vergi islahatları proqramı çərçivəsində korporativ mənfəət vergisi tariflərinin cari 35%-dən 15%-ə endirilməsi gözlənilir.Tariflərin azaldılması ABŞ-ın əsas banklarının illlik mənfəətlərinin orta hesabla 14% artmasına səbəb olacaq. Agentlik bildirir ki, korporativ mənfəət vergisi tariflərinin azaldılması "Wells Fargo", "JPMorgan Chase", "U.S.Bank of America", Goldman Sachs" və "Morgan Stanley" kimi bankların məcmu illik mənfəətinin 12 mlrd. dollar artmasına səbəb olacaq.

Xatırladaq ki, ABŞ prezidenti bir qədər əvvəl 2008-2009-cu il maliyyə böhranı zamanı qəbul olunmuş "Dodd-Frank" qanununa yenidən baxılması ilə bağlı qərar verib.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə. Dövlət Statistika Komitəsi ölkəyə qoyulan investisiyaların həcmini açıqladı. 2017-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 954,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 851,8 milyon manatı və ya 89,3 faizi məhsul istehsalı obyektlərinin, 73,9 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 28,5 milyon manatı (3 faizi) isə ümumi sahəsi 107,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 18 faizi dövlət, 82 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 31,5 faizini təşkil edib.

Ölkəyə xaricdən pul köçürmələri isə azalıb. Belə ki, ötən il ərzində xaricdən daxil olan pul baratlarının həcmi 2015-ci illə müqayisədə 34,57%, 2014-cü ilə nisbətən isə 54,71% azalıb. Mərkəzi Bankın Pul siyasəti İcmalına əsasən, 2016-cı ildə ölkəyə xaricdən 774 mln. ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. Bu rəqəm 2015-ci ildə 1,183 mlrd. dollar, 2014-cü ildə isə 1,709 mlrd. dollar təşkil edib.

Məndən bu qədər…

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR